Hindistanda Katyuri dövrünə aid qədim tunel aşkarlanıb

   Hindistanda Katyuri dövrünə aid qədim tunel aşkarlanıb
  31 Yanvar 2025    Oxunub:276
Arxeoloqlar Hindsitanın Pithoraqarh rayonunun Qobradi kəndi ətrafındakı çayın yaxınlığında 400 metrlik qayalıqda yerləşən geniş yeraltı keçidlər şəbəkəsini tapıblar.
AzVision.az xəbər verir ki, bu kəşf VII-XII əsrlərdə Hindistanın şimal ərazilərini idarə edən Katyuri sülaləsi dövrü ilə əlaqəli olduğundan bölgənin tarixini öyrənən mütəxəssislər arasında ciddi maraq doğurub.

Yerli sakinlərin dediyinə görə, əsrarəngiz keçidlər haqqında şayiələr nəsildən-nəslə ötürülürdü, ancaq alimlər onların hərtərəfli axtarışına bu yaxınlarda başlayıblar. Tunellərə ilk enən alpinist və tarixçi Tarun Mahara olub, onu Çandan Karki və bir neçə kənd sakini müşayiət edib. Mütəxəssislər təkcə keçidləri deyil, həm də qalaya bənzər nəhəng tikilinin xarabalıqlarını, həmçinin ətraf ərazidə 30-35 kiçik yaşayış məskəninin qalıqlarını aşkarlayıblar.

“Tapıntının mühüm elmi əhəmiyyəti var. Hərtərəfli sorğu bu strukturların necə və hansı məqsədlə istifadə edildiyini anlamağa imkan verəcək. Ərazinin kəşfiyyatı davam edir və gələcək tədqiqatlar bölgənin qədim tikinti sənəti haqqında yeni məlumatlar verə bilər”, - Almora arxeologiya şöbəsinin rəhbəri Dr. Çandra Sinqh Çauhan bildirib.

Ekspedisiya üzvlərinin dediyinə görə, tunel əllə çapılıb, divarlarda alətlərin izləri aydın görünür. İçərilərə doğru irəliləyən tədqiqatçılar təxminən 100 metr məsafəni qət ediblər, lakin tezliklə böyük daşlar onların yolunu kəsib. Dağıntıları təmizləmək cəhdi zamanı havada mənşəyi bəlli olmayan buxarlı tüstü yaranıb. Bağlanmış hissələrdən birinin saraya və Şiva məbədinə, digərinin isə çaya apardığı güman edilir.


Ətrafdakı yaşayış məntəqələrinin sakinləri uzun müddətdir ki, qayaların dərinliklərində gizlənmiş sirli keçidlərdən danışırlar. Lakin son vaxtlara qədər onları öyrənmək üçün ciddi cəhdlər olmayıb. Tapıntı orta əsrlərdə Hindistanda istifadə edilən müdafiə və tikinti üsullarını aydınlaşdıra bilər.

- Gələcəkdə kəşf edilmiş tikililərlə Katyuri dövrünün digər abidələri arasında yeni əlaqələr tapmaq mümkün olacaq. Ətraflı araşdırma bizə əsrlər əvvəl bu dağlıq bölgədə məskunlaşmış insanların həyat tərzini yenidən qurmağa imkan verəcək”, - arxeoloqlar düşünürlər.

Görkəmli mühəndislik və mədəni nailiyyətləri ilə tanınan Katyuri sülaləsi bölgənin memarlığında mühüm iz qoyub. Onların irsi hələ də qədim məbədlərdə və daşa həkk olunmuş yazılarda yaşayır. Son kəşf o dövrün texnoloji inkişafının yüksək səviyyəsini bir daha təsdiqləyir və keçmişə başqa cür baxmağa imkan verir.


Bu kəşf artıq alimlərin və tədqiqat təşkilatlarının diqqətini cəlb edib. Gələcəkdə müasir skan üsullarından istifadə etməklə yeraltı kompleksin daha uzun müddətə tədqiqi nəzərdə tutulur. Bu tapıntı təkcə Katyuri dövrünün şəhər ənənələri haqqında anlayışı genişləndirmir, həm də əhalinin siyasi quruluşu və müdafiə üsulları haqqında qiymətli məlumatlar verir.

Mütəxəssislər gələcək işlərin qədim Hindistanda yeraltı infrastrukturun inkişafı ilə bağlı yeni faktları üzə çıxara biləcəyi ehtimalını irəli sürürlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:





Xəbər lenti