Lökbatanda acınacaqlı vəziyyət, evlər su altında qalıb I VİDEO

   Lökbatanda acınacaqlı vəziyyət, evlər su altında qalıb    I VİDEO
  22 Aprel 2025    Oxunub:304
"İntensiv yağıntılar zamanı müxtəlif ərazilərdə yaranan problemlərin aradan qaldırılması məqsədilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Xüsusilə, rayonlar üzrə sukanal idarələrinin işçi heyəti yığılan suların ərazilərdən çəkilməsi, yağış və kanalizasiya kollektorlarının təmizlənməsi və fəaliyyətinin bərpası istiqamətində müntəzəm və fasiləsiz işlər icra edir".
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb. Bildirilib ki, paytaxtın elə əraziləri də var ki, orada xidmətin tullantı su şəbəkəsi mövcud deyil, hətta sakinlər göl qırağında məskunlaşıb və tullantı sularını həmin gölə axıdırlar:

"Nəzərə alsaq ki, həm qrunt suları, həm də intensiv yağışlar zamanı sular gölə toplanır, nəticədə gölün səviyyəsi artır və sakinlərin həyətləri, evləri su altında qalır.

Belə ərazilərdən birində - Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən göllərdə bir neçə gün əvvəl intensiv yağışlar nəticəsində suyun səviyyəsi artıb. Qəsəbənin Birinci Massiv adlanan ərazisində bəzi mənzillər və həyətlər su altında qalıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin əməkdaşları operativ olaraq vəziyyəti qiymətləndirərək dərhal xüsusi texnikalarla suyun çəkilməsi işlərinə başlayıblar. Evlərin yaxınlığındakı gölün səviyyəsini aşağı salmaq məqsədilə iki ədəd 800 mm-lik, bir ədəd 500 mm-lik təxliyə xətləri və xüsusi suçəkən maşınlar vasitəsilə suyun çəkilməsi həyata keçirilir".

Bu barədə məlumat verən Qaradağ rayon Su Kanal İdarəsinin rəisi Sultan Əmiraslanov bildirib ki, xüsusi texnikalar vasitəsilə göllər arasında əlaqə təşkil edən keçidlər təmizlənib, göldə su səviyyəsinin aşağı salınması istiqamətində tədbirlər davam etdirilir:

"Bundan başqa, Birinci Massivdə yerləşən həyət evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə yığılan yağış suları xüsusi texnikalarla çəkilərək kənarlaşdırılır. Hazırda da bu istiqamətdə tədbirlər görülür".

"Qeyd edək ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır", - deyə məlumatda qeyd olunub.



AzVision.az



Teqlər:





Xəbər lenti