"Reuters" Ukraynada öldürülən KXDR əsgərlərinin sayını açıqladı

   "Reuters" Ukraynada öldürülən KXDR əsgərlərinin sayını açıqladı
  30 Aprel 2025    Oxunub:348
Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə 600-ə yaxın Şimali Koreya əsgəri həlak olub.
"Reuters"in yaydığı məlumata görə, bu rəqəmi Cənubi Koreyalı deputat Li Sun Kvun səsləndirib. O, kəşfiyyat agentliyinin məlumatlarına istinad edib. Deputat ətraflı məlumat verib və deyib ki, əslində Koreya Xalq Demokratik Respublikasının(KXDR) hərbçiləri ilə bağlı hazırkı itkilər 4700 nəfərdir. Sadəcə ölü sayı təxminən 600 nəfərə çatıb.

Putin Kim Çen Ina Kurskun azad edilməsinə görə təşəkkür edib
“Öldürülənlərin cəsədləri Kurskda yandırılıb, sonra isə qalıqlar KXDR-ə gətirilib", - Cənubi Koreyalı siyasətçi qeyd edib.

Lee Son Kvun onu da əlavə edib ki, ilin əvvəlindən bəri hazırda Pxenyanda təcrid olunmuş vəziyyətdə saxlanılan 2000-ə yaxın əsgər Şimali Koreyaya qaytarılıb.

Deputatın sözlərinə görə, KXDR-dən olan əsgərlər Ukrayna döyüşləri zamanı döyüş qabiliyyətini yaxşılaşdırıblar. Xatırladaq ki, xarici KİV Rusiya tərəfində təxminən 15 min Şimali Koreyalı hərbçinin döyüşməsi barədə məlumatlar yayırdı.

Aprelin əvvəlində "The Wall Street Journal" KXDR əsgərlərinin Kiyev üçün ən təhlükəli düşmənə çevrildiyini yazmışdı: "Kursk vilayətindəki həlledici döyüşlər göstərdi ki, Şimali Koreya qoşunları köhnəlmiş taktikalarını Ukraynadakı müharibəyə tez bir şəkildə uyğunlaşdıra bildilər. Belə taktikalar Koreya Xalq Demokratik Respublikasının əsgərlərini ukraynalılar üçün olduqca təhlükəli və ciddi düşmənə çevirib".

KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlər ötən ildən yayılır. Bu ilin yanvar ayında isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu.

Rusiya prezidenti Vladimir Putin isə bir neçə gün öncə KXDR-ə, onun lideri Kim Çen Ina və Koreya Xalq Ordusunun bölmələrinə Kursk vilayətinin azad edilməsində göstədikləri köməyə görə minnətdarlığını bildirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   Rusiya   Ukrayna   Əsgər  





Xəbər lenti