İkinci inqilabın səbəbləri – TƏHLİL

İkinci inqilabın səbəbləri – TƏHLİL
  04 İyul 2013    Oxunub:1734
Misirin müdafiə naziri Abdel-Fəttah əl-Sisi iyulun 3-ü axşam saatlarında televiziya vasitəsilə Məhəmməd Mursinin daha ölkə prezidenti olmadığını elan edib. Ardınca isə ictimai və dini təşkilatların liderlərilə məsləhətdən sonra ordu Konstitusiya Məhkəməsinin başçısını müvəqqəti dövlət başçısı elan etmək, neytral texnokratik hökumət yaratmaq və yeni seçkilər təşkil etmək barədə qərar verib.

Xeyli vaxtdır çalxalanan Misir, nəhayət ki, ikinci inqilabı da etdi. Politoloq Qabil Hüseyinlinin AzVision.az-a dediyinə görə, yeni inqilabın səbəbi devirlən hakimiyətin yaratdığı vəziyyətdir:

- Xalq Hüsnü Mübarəki devirəndə elə düşünürdü ki, ölkə korrupsiyadan, avtoritar idarəçilik sistemindən xilas olacaq, demokratik, liberal bir cəmiyyət quracaq. Seçkilərdə isə “Müsəlman qardaşları ittifaqı” qalib gəldi. Bu partiya əvvəlki prezidentin dövründə qadağan olunmuşdu. Seyid Mursi xaricdə ərəb ölkələrindən birində yaşayırdı. İnqilabdan sonra o da Misirə gəldi, öz tərəfdarlarını təşkilatlandırdı seçkini qazandı.

Doğrudur, liberal qanadın üzvləri belə hesab edirlər ki, seçkilərdə onlar hiyləgərliyə yol veriblər. Yəni seçkilərin saxtalaşdırılması haqqında fikirlər də var idi. Amma hesab edirəm, Mursinin günahı seçkilərin saxtalaşdırılmasında yox, inqilabı hədəflərindən yayınmaqdadır. Çünki inqilab liberal, insan hüquqlarına hörmət edən cəmiyyət qurmaq əvəzinə tədricən Konstitusiyanı dəyişərək, orada şəriət qanunlarını və şəriət dəyərlərini yerləşdirdi. Və ölkənin siyasi kursunun liberal dəyərlərə doğru yox, teokratik dini cəmiyyətin yaradılmasına doğru olduğuna bir növ işarə verdi.

Kadr siyasəti də bu istiqamətdə aparılmağa başladı. Məsələn, “Müsəlman qardaşları ittifaqı”ndan adamlar iş başına gətirməyə başladı. Onlar isə ağır iqtisadi vəziyyəti və böyük xarici borcları olan ölkənin nə problemlərini bilirdilər, nə də ki, müsair bazar iqtisadiyyatına bağlı olan idarəçilik sistemini qurmağı bacarırdılar. Şəriətdə bank sistemində sələmçilik qətiyyətlə rədd edilir, halbuki, müasir bank sistemi məhz faiz sisteminin üzərində qurulub. Eyni zamanda, hüquq sistemində ciddi xaos yaratadılar. Onalar hər şeyi şəriət qanunlarıyla muhakimə etməyə başladılar. Nəticədə ölkədə iqtisadiyyat geri getməyə başladı, ölkə xaricdən 5 milyard dolar borc aldı və qaytara bilmədi.

Bir sözlə, Mursinin hakimiyyəti Misirə heç bir yenilik gətirmədi. Hətta Hüsnü Mübarəkin dövründə az da olsa özünü göstərən müəyyən azadlıqlar da boğuldu. Ölkədə isə hələ də mövqeləri güclü olan müasir düşüncəli insanların, ziyalıların, Məhəməməd Əl -Baradeyi, Butros Qalli kimi qərb dəyərlərini möhkəm mənimsəmiş və bunun ətrafında da siyasi paratiya yaratmış insanlar var idi. Onlar gördülər ki, prezidentin idərçilik sitemi Misir kimi qədim sivilzasiyaya malik olan bir ölkəni çox fəlakətli bir vəziyyətə aparır. Ona görə də ona qarşı mübarizəni başlatdılar.

Ordu bu işdə həlledici rol oynadı. İki cəbhəyə bölünmə, Mursinin tərəfdarları olan “Müsəlman qardaşlarının ittifaqı” bir cəbhədə, liberal demokrtik cəbhədə olan insanların digər qütbdə olması ölkədə vətəndaş müahribəsi təhlüksi yaradırdı. Belə olan halda ordu proseslərə əl qoydu, prezidentə hakimiyyətdən uzaqlaşmaq üçün 48 saat vaxt verdi.

Politoloq deyir ki, hazırda Misirdə hakimiyyəti mülki insanlara vermək mümkün deyil. Əvvəlcə seçkilərin vaxtını təyin etmək və müəyyən etirazların sakitləşməsi dövrünü gözləmək lazım olacaq. Buna görə də keçid dövri ərzində hərbiçilər hakimiyyətə sahiblik edəcək. Seçkilərdə Məhəmməd Əl- Baradeyi, Butros Qalli kimi adamların rəhbərliyilə siyasi partiyalar formalaşacaq və onlar əvvəlcə prezidenti , sonra da parlamenti seçəcəklər.Ondan sonra mülki idarəçilik sisteminə keçəcəklər .

Misir cəmiyyətinin hamısı heç də demokratik dəyərlərə yiyələnmiş adamlar deyil. Dini kəsimin hələ də cəmiyyətdə böyük təsiri var. Amma liberal dəyərlərin əhəmiyyətini başa düşən kəsim də az deyil. Eyni zamanda, insanlar Mursinin hakimiyyətindən təkcə liberal dəyərlərə görə narazı deyildi, həmçinin yoxsulluğa görə üsyan edirdi. Burada elə bir hakimiyyətə ehtiyac var ki, siyasətdən daha çox sosial, iqtisadi islahatlar həyata keçirsin. Düzdür, şərq ölkələrində belə bir cəmiyyəti qurmaq asan deyil. Amma Misir ərəb dünyasının llideridir. Misirlilər nə qədər yoxsul yaşasalar da, onlar misirli olduqları ilə fəxr edirlər və teokratik İran formatlı cəmiyyətin qrulmasına heç cür razı olmazlar.

Şahanə Rəhimli


Teqlər:





Xəbər lenti