Cəhalətə psixoloji səyahət – Aqşin Yeniseyin tərcüməsində

Cəhalətə psixoloji səyahət – Aqşin Yeniseyin tərcüməsində
  19 Dekabr 2016    Oxunub:18800
Son illər yaşadığımız coğrafiyada baş qaldıran cəhalətin, insanların bir-birilərinin düşüncəsinə hücum etdiyi kütləvi totalitarizmin, “demokratiya” anlayışının siyasətin əlində silaha çevirilməsinin, əsl aydınların yerini məlumatbazların tutmasının, insanımızın özündə getdikcə heç bir zehni, estetik ehtiyac hiss etməməsinin səbəbləri ilə bağlı yazı yazmağa hazırlaşarkən, axtardığım mənbələr arasında ağlımdakı yazını məndən daha əvvəl və daha sərrast yazmış Adnan Menderes Universitetinin araşdırmaçısı Burak Sayının bir dərgidəki bu yazısına rast gəldim. Və düşündüyüm mövzu ilə bağlı yeni yazı yazmaqdansa, bu yazını kiçik ixtisarlarla tərcümə edib, həm də özümün demək istədiyim fikirlər kimi oxucularımızla bölüşmək istədim.
Aqşin Yenisey



Burak Sayın, Adnan Menderes unversiteti

Cəhaləti öymə; Filistinizmin mənbəyi olaraq Ressentimnet

Albert Kamyu XX yüzilliyi “Qorxu çağı” adlandırarkən, diqqəti modern dövrdən 1900-cü illərə qədər yüksələn, bünövrəsi riyaziyyata və təbiət elmlərinə söykənən dünyagörüşünün, axırda insanın təslim olduğu məna və dəyərdən məhrum bir dünyaya çəkirdi:
“Söhbətin nədən getdiyini bilmək üçün qorxunun nə olduğunu dərindən anlamaq lazımdır; yəni qorxunun nəyə işarə etdiyini və nəyə qarşı olduğunu anlamaq. Qorxu, eyni rəftara işarə edər və ona qarşı çıxar: Cinayətin legitimləşdiyi, insan həyatının isə dəyərsiz olduğu bir dünyaya”.

“Qorxu çağı”nda real dünyada cinayətkarlığın adi hal alması, düşüncə dünyasında da fikirlərin bir-birilərini qətl etməsini ifadə edir. İnsan həyatının dəyərsizləşməsi, həqiqətən də, digər insanların düşüncələrinə edilən hücumlarla gerçəkləşir. Çünki düşüncə, zehni fəaliyyət və informasiya nə qədər çox təxribata uğrayarsa, insan da ona uyğun olaraq həm fiziki, həm də zehni şiddətin təsirinə düşür; beləliklə, söz və dialoq ortadan qalxır. Dialoqun yoxluğu isə Kamyunun “qorxu” sözüylə ifadə etdiyi dünya düzəni arzulayanların, yəni hər cür cinayəti legitimləşdirmək istəyən və insanın məna dünyasını məhv etmək məqsədi güdənlərin manesiz bir şiddət meydana çıxarmalarına imkan verən, fikir və idealların boş yerə qətl edildiyi bir atmosferin əsas şərtidir.

Bəs bu niyyətin arxasınca qaçanlar kimlərdir? Bu qaragüruh insanlıq tarixi boyunca fərqli zamanlarda fərqli formalarda təzahür etmişdir. Sokratı edama məhkum edənlərdən İnkivizisiyaya, ruhu ucaldan hər cür dəyəri məhv etməyi əsas vəzifəsi bilən müəmmalı rahib Qirolama Savonaroladan (Dominikanlı din xadimi və Floransaya şəhərinin 1494-1498-ci illərdə hökmdarı. Renessans əleyhinə gördüyü sənət əsərlərini və kitabları yandırması ilə məşhurdur. Martin Lüther və digər Reformaçıların banisi hesab olunur. – A. Y) XX əsrdə insanlığı iki böyük dünya müharibəsinə sürükləyəcək qədər gözü qızmış kütlələrə qədər, Kamyunun ifadə etdiyi mənada qorxu, insanlıq üçün, sanki, bir alın yazısı şəklini almışdır.

Bütün bu dövrlərdəki hadisələrin ortaq nöqtələrinə baxdıqda, eyni bir tablo ilə qarşılaşırıq. Dözümlülükdən və fikir mübadiləsindən tamamilə məhrum, şiddət və istehzanın ən kobud halı ilə yoğrulmuş, özünü ancaq ətrafındakı fərqliliklərin qarşısında görmək surətilə təsdiqləyə bilən bir zehniyyət. Kamyunun qorxu anlayışından çıxış edərək göstərməyə çalışdığımız bu insan tipinin, işarə edilən xüsusiyyətlərinin yanında daha bir xaraktersizlyi vardır. Hətta bir az irəli gedib, sözü gedən mənfi xüsusiyyətlərin bütünlüklə bu əsas xaraktersizlikdən qaynaqlandığını belə söyləmək mümkündür; qisas və ya daha dəqiq bir ifadə ilə “ressentiment”dən.

Dilimizə uğursuz bir tərcümə kimi “qisas” olaraq keçmiş ressentiment, xüsusilə Nitsşenin “Əxlaqın mücərrədliyi üzərinə” adlı əsərində, kölə əxlaqının kökünü araşdırarkən ətraflı izah etdiyi bir anlayışdır. Nitsşeyə görə, kölə əxlaqını mənimsəmiş olan sürü insanının üsyankarlığı, ressentimentin yaradıcı olub, dəyərlər yaratmağa başlaması ilə reallaşır. Ressentiment, sadə dillə desək, özəyində qisasçılıq yatan, kin, qərəz, intiqam, nifrət kimi duyğulardan güc alan və xüsusilə öz varlığından yana aşağılıq kompleksi duyan adamın ruhunda ortaya çıxan psixoloji bir haldır.

Ressentimenti burada Nitsşenin düşüncəsindəki yeri kontekstində eninə-uzununa hərtərəfli aydınlaşdırmağımız imkan daxilində olmadığı kimi, vacib də deyildir. Çünki Nitsşe bu anlayışı texniki bir fəlsəfi termin halına gətirərək, ona özünəməxsus bir məna vermişdir. Ümumiyyətlə, ressentimentin nəliyi dilə gətirilərkən və ya onunla əlaqəli bir məsələ müzakirə olunarkən, onsuz da, aydın bir şey haqqında danışmış oluruq.

BİR CƏHALƏT RESEPTİ: FİLİSTİNİZM

Mən yuxarıda bəhs etdiyim bu insan tipini “philistine”, məruz qaldıqları xəstəliyi isə “philistinism” adlandırıram.

Sözümüzə bu kütlənin kim olduğunu və nə məqsəd güddüklərini izah edərək başlamaq, əsas mətləbə keçməyimiz üçün yardım edəcəkdir. Filistinizm anlayışı, sadə dillə desək, fəlsəfəni, sənəti, ağlı, elmi və s. sahələri xor görən, alçaq və təcavüzkar bir qisas hissiylə cəhalətə qapanan anti-intellektual tərz deməkdir, sosial davranışdır.

(Ədəbiyyata XIX əsrdə almancadan keçmiş “Philistine” sözü qədim yəhudilərin barbar qonşuları olan filistin xalqının adından götürülmüşdür. XVII əsrdə alman tələbələr təhsilsiz həmyerlilərini “philister”adlanırırdı. Bu sözün indiki fələstin xalqı ilə heç bir əlaqəsi yoxdur – A.Y)

Bu baxımdan, bir filistinin ən tipik özəlliyi onun cahil olmasıdır. Ancaq burada cəhalət ilə məlumatsızlıq arasında bir fərq qoyulmasının şərt olduğu qənaətindəyəm. Çünki “cahil” sifəti gündəlik dildə bəzən çılpaq mənasıyla “məlumatsız olma”nın da yerinə işlədilə bilir. Halbuki cəhalət, məlumat kasadlığı ilə şübhəsiz ki, əlaqəsi olan, ancaq bundan savayı bəzi mərəzli xüsusiyyətləri də yaradan və ressentimentlə təbii bağı olan bir anlayışdır. Şopenhauer bir filistini belə təqdim edir: “Mən, ağlının özü-özlüyündə normal olduğunu düşünən, heç bir zehni etiyacı olmayan adamın sözün əsl mənasında bir filistin olduğunu düşünürəm”. Şopenhauerin vurğuladığı “heç bir zehni ehtiyac duymama” halı, həqiqətən də, bir filistinin, bəlkə də, tək cümləlik tərifidir. Filistinlər bu zehni rahatlıqları ilə özü-özlüyündə ağıl düşmənidirlər.

Ancaq burada işarə olunan, sadəcə, rasional ağıldan ibarət deyildir. Bir filistin həqiqi mənada ağıl anlayışına və onun təmas etdiyi bütün dəyərlərə düşməndir. Bundan başqa onun əsl xarakteri, intellektual davranışa və insan həyatını daha yuxarı mərtəbəyə daşıyacaq hər cür anlayışa duyduğu nifrətdə gizlənir. O, ilk növbədə, “özüylə münasibətdə heç bir intellektual həzzə” sahib deyildir. Çünki yuxarıda vurğuladığımız kimi, həqiqi ehtiyaclar olmazsa, həqiqi həzlər də olmaz. Filistinlərin həyatı özlərinə bilgi sahibi olmaq üçün ehtiyac duyulacaq bir arzudan və anlayışdan, yaxud özlərinə çox yaxın olan gerçək bir estetik həzzi təcrübədən keçirməkdən tamamilə məhrum bir şəkildə reallaşır”. O halda onlar intellektual bir həyata bütün varlıqlarıyla qarşı olduqları kimi, estetik həzzə, sənətə də düşməndirlər.

Şopenhauerə görə, bir insanın sahib olması gərəkən heç bir həqiqi ehtiyaca sahib olmadığı kimi, insanı insan edən dəyərlərə qarşı düşməncəsinə davranış sərgiləyən filistinin, eyni zamanda Julien Bendanın işlətdiyi mənada təhsilsiz insan olduğunu da deyə bilərik. Benda təhsilsiz insanın “yeganə işi bütünlüklə maddiyyat axtarışı olan və getdikcə sistematik bir şəkildə tamamilə gerçəkləşən, əslində, özlərinə lazım olandan başqa bir şey etməyən bir insan qrupu” olduğunu qeyd edərkən, təhsilli və ya intellektual insanlar dedikdə isə “fəaliyyətləri əsas etibarilə praktik məqsədlərin yerinə yetirilməsinə söykənməyən hər kəsi, sənət, elm və metafizikadan zövq alan hər kəsi, qısası, maddi olmayan üstünlükləri yaradan və ümumiyyətlə, aydın bir mənada “Mənim dünyam bu dünya deyildir!” deyən hər kəsi qəsd etdiyini söyləyir.



Çomski üçün isə intellektual, “nəsnələr haqqında düşünməyə, nəsnələri anlamağa, onları izah etməyə, bəlkə də, bu düşüncələrini açıq bir şəkildə ifadə etməyə və başqalarına anlatmağa çalışan” kimsədir. Ancaq hər hansı bir zehni ehtiyaca sahib olmayan filistin təbii olaraq öz ətrafında mövcud olan dünyanı dərk etməyə və anlamağa çalışmaz. Çünki o, onsuz da, dünyanı özünün dar anlayışı ilə heç bir mübahisəyə yer qoymayan bir formada şəkilləndirmişdir və Bendanın intellektualının əksinə olaraq, zövqlə “Mənim dünyam budur!” deyir. Çünki özünü həsr etdiyi maddiyyat uğrunda ağıla və sənətə yer olmayan hər cür vəziyyətlə ayaqlaşa bilir. Hərgah filistinizmin hökm sürdüyü cəmiyyətlərdə də belə bir vəziyyət keçərlidir.

Bu tablodan çıxış edərək gəldiyimiz nəticə, bir filistinin öz qarşısında gördüyü və ancaq onu pisləyərək öz mövcudluğunu təsis etdiyi obrazın intellektual olmasıdır. Bu, Nitsşenin düşüncəsində tamamilə bir sürü davranışıdır. Sürü insanı öz dəyərlərini, tragik insanın əksinə, azad şəkildə özü yaratmaz; bunun əvəzinə özündən üstün olan tragik insanı şeytaniliklə ləkələyərək, özünü şeytani olanın, pis olanın qarşısında yaxşı, yəni əxlaqlı olaraq görər. İlk baxışda filistin ilə intellektual arasındakı əlaqənin tam mənasıyla bu tərz bir əkslik üzərində olmadığını düşünmək olar. Fəqət vurğuladığımız kimi, filistin özü-özlüyündə, sadəcə, bir düşüncə tərzi deyil, üstəgəl, sənət düşmənliyi də vardır. Sənətin də insan həyatını bütün cəhətləri ilə dəyərləndirdiyi bənzərsiz bir xatirə olduğunu göz önünə gətirsək, kökündə maddiyyat və mənfəətlər yatan filistinizmin əslində, maddi olana deyil, düşüncəyə, yaradıcılığa, bilgisini və yaratdığını paylaşmağa dəyər verən həyat tərzinə, ümumiyyətlə, yaradıcı həyata düşmən olduğu üzə çıxır. Beləliklə, filistin ortaya bir dəyər qoymaqdan ziyadə, eynən Nitsşenin sürü insanı kimi, özü xaricində başqa dəyərləri lənətləyərək öz mövcudluğunu təsdiq etmiş olur. İntellektual həyat isə, Çomski və Bendaya istinadla söyləyə biləcəyimiz kimi, bu dəyərlərə uyğun gələn, demək olar ki, hər şeyi əhatələyən bir həyatdır. Bu həyat tərzi isə olduqca məşəqqətlidir.

Şübhəsiz hər kəs intellektual deyildir. Ola da bilməz, olmağa calışmamalıdır da. Çünki intellektal həyatın, eynən bir sənət əsəri kimi incəliklə işləməsi, bayağı və korlanmış şeylərdən arıntlanması lazmdır. Bunu reallaşdırmaq isə hələ ki, yaşadığımız çağda çox böyük fədakarlıq və intizam tələb edir. Çünki “XX yüzillikdə klassik intellektualın qəhrəmanvari imici öz yerini, gördüyü iş o qədər önəmli olmayan, mücərrədlikdən uzaq və praqmatik bir şəxs görüntüsünə vermişdir. İntellektual obrazında baş verən bu dəyər itkisi bu gün informasiyaya göstərilən rəftarla yaxından əlaqəlidir” (Furide). Bu rəftar zəmanəmizin “Cəhaləti öymək çağı” olduğuna görə meydana çıxır. “Qorxu çağı”dan sonra yetişən bu dönəm, bu cəhəti ilə mənanı və dəyəri itirmiş bir dünyadan, yəni Kamyunun qeyd etdiyi “Qoxu çağı”ndan belə vahiməlidir. Çünki artıq cəhalət, məna və dəyərdən məhrum bir dünyanın onurğası halına gəlmişdir. Belə ki, akademik çevrələrin nümayəndələri də, təhsilli təbəqədənsə, cahil təbəqənin gələcəyin zəmanətçisi olaraq gördüklərini, az qala, lovğalanaraq bəyan edəcək qədər korlanmışdır. Bilgiyə, təhsilə, zehni fəaliyyətə bu cür yanaşılarsa və bu yanaşma cəmiyyət arasında da populyarlıq qazanarsa, intellektual artıq çarmıxa çəkiləsi bir günahkarın vəziyyətinə düşər.

Burada bir mötərizə açaraq, intellektual təbəqənin də bu tabloda payı olduğunu qeyd etməliyik. Sözü gedən, indiki dünyada bilginin forma və xüsusiyyətinin dəyişməsinin də təsiriylə, xüsusilə akademik qiyafədə intellektual sinfinə daxil olacaq məslək qrupları, Çomskinin dediyi kimi, katiblikdən başqa bir işə yaramamaqdadırlar. İnformasiyanın bu qədər əlçatanlığı və rahat dövriyyəsi, həqiqi məlumatın etibarının sarsılmasına və buna bağlı olaraq intellektual obrazının da dəyər itirməsinə yol açmışdır. Təəssüf ki, bu korlanma çoxqatlı olub, özünün naməlum intellektual sinfini ortaya çıxarmışdır. Fəqət bu sinif həqiqi intellektualdan çox uzaqdır və olsa-olsa “ağzıyla quş tutur” deyə biləcəyimiz məlumatbazlardan ibarətdir.

Zəmanənin ruhuna uyğun olaraq da kütlələr, məlumat axtarışı xətrinə bir şeyə bağlı alayarımçıq bilgi sahibi olan, fəqət hər mövzu haqqında firon ədasıyla davranan bu adamları “savadlı” deyə ucaldaraq arxalarınca getməkdən imtina etməyiblər. Ancaq biz filistinizm ətrafında söz etdiyimizə görə intellektual kəlməsini və onunla əlaqəli olan anlayışları, ideal məzmunlarını göz önünə gətirərək işlədirik. Çünki ortaya çıxardığımız bu tablo (yəni intellektualın yerini məlumatbazın aldığı korlanmış bu mühit) özü-özlüyündə filistinizmin yüksəlişinin bir nəticəsidir. Gerçək intellektual, mövcud şərtlər altında öz mövcudluğunu qoruma mücadiləsini etməkdir. Bu mücadilə filistinlərə qarşı olduğu qədər, eyni zamanda onların cəmiyyətinin “aydınlarına” da qarşıdır. Zatən, bu “aydınlar” da özü-özlüyündə sözü gedən cəmiyyətin davamlılığına qıfıl rolu oynayan şəxslərdir. Onları sıradan bir filistindən ayıran ən başlıca fərqləri və bəlkə də onları daha təhlükəli edən xüsusiyyətləri isə zehni bacarıqlarının yarıgəlişmiş olmasına görə xaraktercə yarıcahil və yarıalim olmalarıdır.

Bu bölümün əvvəlində də diqqət çəkdiyimiz, cəhalətlə bilgisizlik arasındakı fərqi daha detallı bir şəkildə göstərmək üçün filistinlərin psixologoyasını, daha doğrusu, ressentiment ilə əlaqələrini daha yaxşı anlamağımıza kömək edəcəkdir. Çünki filistinizmin hökmranlığının bünövrəsində ressentiment psixologiyası gizlənir.
Bir filistinin xarakterik xüsusiyyətinin cahillik olduğunu söylədik. Bəs bunu söyləyərkən bilgisizlik ilə cəhalət arasında əsas hansı fərqə diqqət yönəltməliyik?

Bir filosof, ixtisasıyla əlaqəli bilməli olduğu əsas şeylərlə yanaşı, özünü digərlərindən fərqli edən hansısa elmi təcrübəyə və dünyagörüşünə sahibsə, onun savadlı, öz sahəsinə görə hazırlıqlı biri olduğunu söyləyə bilərik. Ancaq bu filosof, məsələn, gəmi tikintisinin incəliklərindən və ya Edqar Ponun həyatının detallarından xəbərsiz ola bilər. Belə bir vəziyyətdə bu şəxsə cahil deyə bilərikmi? Hər halda, olsa-olsa ona “bu məsələlərdən xəbəri yoxdur” deyə bilərik. Bundan başqa, dünyada heç kimin ağla gələ bilən bütün mövzular haqqında qüsursuz bilgi sahibi olmasının da mümkünsüzlüyünü bilirik. O halda bütün insanlar bəzi mövzular haqqında bilgsizdirlər. Ancaq biz buna əsaslanaraq hər bir insanın cahil olduğunu deyə bilmərik; fəqət bəzi insanlara cahil adını yaraşdırarıq. Demək ki, müdrik, zəkalı, bəsirətli və s. müsbət xüsusiyyətlər sahib bir insan bütün obyektiv şərtlər altında bəzi mövzular haqqında məlimatsız olacaqdır; fəqət cahil sifətini almayacadır. O halda cahil deyərkən, bir mövzu haqqında, bəsit çərçivə xaricində heç bir bilgi sahibi olmamağa işarə edirik.

Cəhalət hər şeydən əvvəl, fərqli psixoloji ölçüləri olan bir davranış şəklində təzahür edər. Bunlar başlıca olaraq həddini bilməmək, cürətkarlıq, ağıl və yumor düşməni olmaqdır. Bu bölümün əvvəlində qeyd etdiyimiz kimi, cahil bir insan, şübhəsiz, bilgi yoxsuludur. Ancaq ona bilgisiz əvəzinə cahil deyilməsinin səbəbi inadla içində olduğu reallığı qəbul etməməsi, əksinə, sahib olduğu alayarımçıq məlumatları, bilginin də fövqündə, az qala, bir həqiqətmiş kimi müdafiə etməsi və əlaqədar mövzu barədə bilgisi olan bir şəxsə hücum etməyə cürət göstərməsidir. Göründüyü kimi cəhalətin ən böyük təzahürlərindən biri hər hansı bir məsələ ilə bağlı qulaqdan-qulağa ötürülən alayarımçıq məlumata etibar etməsidir. Çünki məlumat asanlıqla əldə edilə bilir. Halbuki əsl bilgiyə çatmaq səbir və zəhmət istəyir. Bu yolda göstərilən səbir və zəhmət isə maddiyyatdan və gündəlik həzlərdən imtina etmək deməkdir.



Fəqət Bendanın təhsilsiz insan obrazını təkrar xatırlasaq, cahil adlandırılan şəxs bunları bütünlüklə həyatının mərkəzinə qoymuşdur. Digər yandan bu insanlar həqiqi bilgiyə sahib olan şəxslərin (bu mənada ideal sinif deyə biləcəyimiz intellektualların) kübarlığının, qavrama güclərinin, ən əsası ilə fərdi azadlıqlarının fərqindədirlər. Çünki zehni bacarıqlarını istifadə edən və bilgiyə ağlıyla çatan insan artıq bir fərd deməkdir. Cahil bir insanın fərd olması isə ümumiyyətlə, mümkün deyil. Həyatdakı hər hansı mövzu ilə əlaqədər münasibətlərini məlumat üzərində quran bu şəxslər məlumatlardan bir dağ düzəldib, ancaq bu şəkildə ayaqda qala bilirlər. Bu qorxunc dağa qarşı çıxan fərdlərə isə inanılmaz bir qəzəb və kin hiss edirlər. Çünki əslində, fərqində olduqları şey öz zehinlərini istifadə edəcək cəsarətə sahib olmamalarıdır. Bu halın daxilən fərqində olmağın verdiyi aşağılıq kompleksi, onların öz aralarında sümükləşmiş bir birlik yaratmalarına səbəb olur. Çünki ancaq bu şəkildə güvəndə olduqlarını düşünürlər. Daha sonra gördükləri iş isə, böyük bir minnətdarlıqla qucaqladıqları cəhalətlərindən aldıqları cürətlə, insanı dəyərli edən bütün intibaha müharibə açmaqdır. Bax bu, filistinizmin özüdür.

FİLİSTİNİZM VƏ RESSENTİMENT

Bir filistin, yəni cahil insan, bilgisi olan, hər bir cəhəti ilə Bendanın intellektual deyə adlandırdığı şəxslərdən intiqam almaq arzusuyla yanıb yaxılır. Bu intiqam arzusunun qaynağı ressentiment duyğusunda yatır və filistinlərin mövcudluqları, doğrudan da, bu duyğudan qidalanır. Qeyd etməyimiz vacib olan önəmli bir nöqtə cəhaləti ucaldan filistinlərin ressentimenti xüsusi olaraq intellektual zümrəyə yönəlmiş deyildir. Burada təcavüzün yönəldiyi əsl şey, əslində, bir davranışdır: bu davranış intellektual həzlər ilə sənətə dəyər vermə, hörmət və ehtiyac duyma, insan həyatını dəyərli edən istedaddır.

Çəhalət girdabında qıvrılan filistin isə bu davranışın dəyərini, ancaq onu mənimsəyəcək cəsarət və məharətə sahib olmadığı daxilən bildiyi üçün qisascıl duyğulara qapılır. “Qisas özü-özlüyündə gücsüzlük duyğularından qidalanan bir hissdir və daha da əhəmiyyətlisi qisasçılıq ilə qisas alma əməli arasında dərin bir fərq vardır. Söhbət ressentimentdən gedirsə, anlamağımız vacib olan şey, bir şəxsin digərinə qarşı, sadəcə, özündən daha güclü və ya yaxşı vəziyyətdə olduğunu düşünməsindən hiss etdiyi nifrət və çarəsizlik duyğularından doğan öc alma arzusu, yəni qısasçılıqıdır”. Cahil qaragüruh məharətsiz və qorxaqdır. İnsanı insan edən, həyatı dəyərli hala gətirən anlayışları və dünyagörüşlərini mənimsəmədiyi üçün bu vəziyyətin ağırlığı altında əzilir və bu aşağılıq kompleksindən qidalanan kinini, bütünlüklə sözü gedən həyat anlayışını ən yaxşı şəkildə əks etdirən təhsilli və ya intellektual olaraq adlandırdığımız təbəqəyə dorğu yönəldir. Qaranlıq zehninin dərinliklərində, zəhərini yeritdiyi insan tipini aşağılamaqla niyyətinə əsla çata bilməyəcəyini anladığından, qisasçılıqla kifayətlənmək, bu qaragüruhun alın yazısıdır.

Bəs bu vəziyyət praktik həyatda hardan motivasiya alır? Filistinlərin ən tipik xüsusiyyətlərindən biri dərhal hər bir məsələni özünüküləşdirmələridir. Çünki onlar özlərinə əsası olmayan bir əhəmiyyət verirlər və həyatdakı mühüm məsələləri, fikirləri, idealları, şəxsləri də yenə də heç bir dayaq nöqtəsi olmayaraq, çəkinmədən lağ-lağı mövzusuna çevirib, cürətkar və bambılı davranışlarını dünyanın ən böyük mərifətiymiş kimi qucaqlayırlar. Bu həyasızlıqlarını isə - xüsusilə bu günümzdə - müzakirə adı altında gizləyirlər. Ancaq gözdən qaçırdıqları iki məqam var: təcavüz etdikləri insanların da özləri kimi istehza və ironiya arasındakı fərqi bilmədiyini zənn edərlər və müzakirənin sağlam bir əsasa sahib olmaqla yanaşı, özü-özlüyündə mədəni dəyər daşıdığını bilməzlər.

Bu mədəniyyət isə davamlı bir hakimiyyətlə eyniləşdirilən və ya başqa sözlə, hakimiyyətlə əlaqəli olmasına rəğmən, sadəcə, bu cəhətindən ibarətmiş kimi ortaya atılan demokratiyadır. Demokratiyanın ideal mənasında təzahür etdiyi, yəni gerçək demokratik mədəniyyətin hakim olduğu bir yerdə isə hər kəs istədiyi şeyi, istədiyi zaman, istədiyi yerdə söyləmək hədsizliyində ola bilməz. Çünki demokratiya mədəniyyəti ancaq bərabərhüquqlular arasında yarana bilir və bu bərabərhüquqluları da filistinlərin yetişdirə bilməyəcəyi açıq-aşkar ortadadır. Halbuki filistinizmin hökm sürdüyü geri qalmış, ətalətə batmış, yeniliyə qapalı, sənətə, ağıla, elmə düşmən olan korlanmış cəmiyyətlərdə isə filistinlərin işinə yarayan, istədiyini bacardığı qədər qabalıqla söyləmə davranışı, “demokratik” bir haqq kimi sırınır və demokratiya anlayışından törəyən kəlmələr hər çür cəhalət ünsürünü qanuniləşdirmək üçün onların dilindən düşməz.



Mövcud tabloda bir filistinin içindəki ressentiment bütün eybəcərliyi ilə sərbəst qalmışdır. Çünki ressentiment, terminoloji mənası ilə yanaşı, Orxan Koçakın Maks Şelerin “Ressentiment” əsərinin öz sözündə vurğuladığı “tam reallaşmamış bir demokratiyanın, siyasət halından cəmiyyət halına keçməmiş bir demokratiyanın ən əsas mədəni və ruhani gerçəyidir”. Əksəriyyətini filistinlər təşkil edən cəmiyyətlər eyni zamanda ressentiment cəmiyyətlərdir; Cəhalət toteminə tayı-bərbari olmayan bir ehtirasla tapındıqları, hörmət və nəzakəti ayaqlar altına ataraq, incə yumora söykənən hər anlayışa və şəxsə dayanmadan təcavüz etdikləri, demokratiyanın da digər şeylər kimi alayarımçıq şəklə düşdüyü cəmiyyətlər.

Nitsşe “Şən elm”də belə deyir: “Sıradan yaradılanlar əsilzadəliklə, alicənablıqla zəngin duyğuları, əlverişsiz, hər şeydən əvvəl inanılmaz bilirlər. .. Sıradan yaradılanların nəzərəçarpan xüsusiyyətləri bir an olsun mənfəətsiz bir iş görməmələridir, bu məqsəd və mənfəət düşüncəsinin onlarda ən güclü instinktlərdən də daha güclü olmasıdır: Bu instinktlərin mənfəət güdməyən hərəkətlərə yol açmasına izin verməmək – budur bildikləri və qürurları”. Yenə Şopenhauer və Bendanı xatırlasaq, sıradan yaradılan insanın da filistinlə, təhsilsiz insanla, yəni cahillə kəsişdiyini təsbit edə bilərik.

Nitsşenin vurğuladığı kimi, sıradan insan ali dəyərlərə düşmən olmaqdan əlavə, mənfəətpərəst və qaba yaradıldığına görə onların mövcudluğunu qəbul etməz. Halbuki insandakı ali duyğular və instinktlər, potensilları üzə çıxarıldığı təqdirdə, ucuz və maddi məsrəflərdən asılı olmayan əməllərin meydana gəlməsinə imkan yaradar. Bir filistin canla-başla bu imkanı aradan qaldırmaq üçün vurnuxar və bu vurnuxmasından da, Nitsşenin qeyd etdiyi kimi, həyasızcasına qürur duyar. Bu qürurun mənşəyi ressentimentdir. Çünki onun əsilzadə və alicənab duyğulara qarşı hiss etdiyi inancsızlıq, əslində, bu duyğuların ideal və ya bu dünyaya aid olmayacaq qədər üstün olmasından irəli gəlmir. Əksinə, filistin ilə intellektual arasındakı qarşıdurma ətrafında danışırıqsa, filistin başqalarının bu xüsusiyyətlərə sahib, özünün isə onlrdan məhrum olduğunun fərqindədir. Bu hal ondakı qisasçılığı qidalandıran təməl motivasiyadır. Yəni filistinlər intellektuallara, yaradılış şəkillərinə, daşıdıqları xüsusiyyətlərə görə kin və həsəd bəsləyirlər. Bu duyğular da onlardakı qisas arzusunu körükləyir. “İntiqama susamaq ressentimentin ən əsas mənbəyidir” (Şeler). Bu qapı bir kərə açıldıqdan sonra isə ressentimentin bütün dağıdıcı varlığı cəhalətlə yoğrularaq mütləq bir qaranlıq doğurur.

Bu çoxqatlı təbiətinə görə ressentiment, həqiqi mənasıyla qisasdan ayrılır. “Qisası Nitsşenin ressentiment anlayışına bənzətmək də bir xətadır... Ressentiment, Nitsşeyə görə, - həsəd, kin, qısqanclıq və qəddarlığın qarışığı olan – qaranlıq bir ehtirasdır”. Çünki ayrıca olaraq qisas, kin və s. kimi duyğular bütün insanların məlum şərtlər altında hiss edə biləcəkləri duyğulardır. Ancaq söhbət ressentimentdən gedirsə, bəsit bir duyğudan deyil, bir sıra anadangəlmə xüsusiyyətlərinə görə məlum insanlarda və qruplarda kök atmaq gücü olan ruhi bir xəstəlikdən danışırıq. Bu xəstəlik XX əsrdən yaşadığımız dövrə uzanan müddət ərzində, zəmanənin verdiyi imkanlar sayəsində filistinzmin kütləvi olaraq hakim bir idelologiya olmasının əsas mənbələrindən biri olaraq təzahür edir.

CƏHALƏTİ ÖYMƏ ÇAĞI

Yuxarıda zəmanımiz üçün ən uyğun adın “Cəhaləti öymə çağı” olduğunu demişdik. Ancaq filistinizm anlayışı, sadəcə, bu çağa və ya məlum bir cəmiyyətə aid deyildir. Bəs nə üçün xüsusilə bu günümüzə belə bir ad veririk? Şübhəsiz, filistin davranışı əvvəllər də mövcud idi, ancaq təzahürü fərqliydi. Halbuki günümüzdə cəhalətin ucaldılması şəklində başa keçən bir xəstəlik istedadı vardır. Bunun fərqli formaları, şübhəsiz ki, təsbit edilə bilər. Fəqət vurğulamış olduğumuz kimi, xüsusilə intellektual obrazının sarsılması və çağımızın şərtlərinə uyğun yeni bir “aydın” zümrəsinin meydanaçıxma şansı qazanması, haqqında söz açdığımız istedadı şiddətləndirmişdir.

Filistinlərin heç bir zehni ehtiyac hiss etməməklə yanaşı, hər şeyi maddi mənfəət və qarşılıq güdərək etdiklərini qeyd etdik. Nabokov bu halı aşağıdakı sətirlərdə daha incəliyi ilə göstərir: “Filistin, ədəbiyyat da içində olmaqla sənəti nə anlayır, nə də dəyərləndirir – təbiəti etibarı ilə sənətə qarşıdır – amma məlumatlanmaq istəyir və dərgiləri oxumağı öyrənmişdir”. Bir filistin, həqiqətən də, bütün qabalığına, ağıl və sənət düşmənliyinə, intellektual həyata qarşı duyduğu nifrətə rəğmən, bir yandan da informasiya, məlumat arxasınca qaçmaqdan da qalmaz. Çünki intellektuala bəslədiyi kin, onun bilgi əldəetmə arzusunu körükləyir. Beləliklə, intellektualla rəqabət edəcək və hətta onu ötüb keçəcəkdir. Bu məlumatbazlığı bir az da diqqətli bacaranlar, inandıqları “aydın” təbəqəni formalaşdırarkən, ortalıqda qalanlar standart bir filistin olaraq ömür sürürlər.



Nabokovun təsbitini günümüzə tətbiq etsək, belə deyə bilərik: Filistin, dərgiləri oxumaqla bərabər, artıq internetə də girməyi bacarır. Şəkilli anket sitələrdən aldığı məlumatlarla, elmdən ədəbiyyata, sənətdən fəlsəfəyə qədər hər bir sahədə mühakimə yürütməyi çox yaxşı bilir. Ordan-burdan öyrəndiyi, mənbəyi məlum olmayan ibarələrə, əhvalatlara sahiblənir və bunları dəqiqi bir bilgiymiş kimi mənimsəyir. Məsələn, Təkamül nəzəriyyəsi və ya bir ədəbi cərəyan haqqında mütləq asan oxuna bilən və əsasən məzmun xarakterli mətnləri tapıb oxuyur. Ancaq əsla orijinal mətnləri tapmağa can atmır. Sənətlə bağlı danışır, ancaq muzeyləri darıxdırıcı görür.

Digər tərəfdən, indiki zəmanədə məlimatlarla bərabər, həqiqi bilginin də olduqca rahat əldə edilə bilən bir halı vardır. Fəqət bu hal filistinin işinə yaramaz. Məsələn, Yel kimi dünyanın qabaqcıl universitetlərinin dərslərinin internet üzərindən yayılması qarşısında, özünü internetin varlığından belə xəbəri yoxmuş kimi aparır. Bilgi axınının belə gur və sürətlu olduğu bir dövrdə, başqa bir dil öyrənmənin yaş və ya iş həyatının gərginliyi üzündən imkansız olduğunu deyərək, yəni əsassız bəhanələrə sığınaraq özünü təmizə çıxarır. Halbuki bu bəhanələrin nə dil öyrənməyin çətinliyiylə, nə imkansızlıqla, nə də digər bənzər problemlərlə bir əlaqəsi var. Burada məsələ filistindəki cəhalət istedadıdır və hüdudsuz ətalətin, onu həqiqi olana çatmaq üçün göstərməsi lazım olan əziyyətdən yayınmağa məcbur etməsi, bir yandan da içində böyüyən ressentimetin intellektuala, bilgi sahibi, fərd olmuş insanlara qarşı zehnində bəslədiyi xəbis hisslərin ucbatından, onların mərtəbəsinə çatmaq arzusu şəklində, əslində, onları etibarsızlaşdırma niyyəti güdməsinə yol açmışdır.

Cahil insanın zehni fəaliyyət təsəvvürü, Oblomovluqdan belə daha tənbəl bir halı ifadə edir.

İçində yaşadıqları dünyayla bağlı bir çox şeyin fərqində olan, ancaq ressentimentdən yana, öz ətrafında yaratdığı şeytani düşmənlərlə davamlı olaraq gizli bir münaqişə halında olan bu şəxslər, bacarıqsızlıqlarının acığını, qurduqları cəhalət səltənəti içərisində özləriylə bərabər, hər kəsdən çıxarlar. Çünki ressentiment duyğusunun kökündə Nitsşenin bu sətirlərdə qeyd etdiyi ruh halı vardır: - “Onu bəyənmirəm” – niyə? “ Cünki onun tayı deyiləm” – Bir insanın belə bir cavab verdiyini eşitdinizmi?” Filistinin hər mözvuya münasibəti bu xarakterdədir. Öz tayı olmadığı hər kəs, hər şey onun üçün bir narahatlıq mənbəyidir. Yaşadığımız zəmanə isə ona verdiyi imkanlara görə cəhalətin ucaldılması şəkliylə sözü gedən narahatlığın konkret bir təcavüz halına gəlməsinə yol açmışdır. Artıq” aydın” adlandırılan şəxslər bu narahatlığın aradan qaldırılmasının zəmantçisidirlər. Çünki yarıaydınlıqları ilə saçdıqları korun işıq, əsl cahil kütlənin istədiyi şəkildə, onların qüsurlarını ört-basdır edən bir mühit formalaşdırır. Digər tərəfdən, dövriyyəyə soxuşdurduqları və bənzəri olmayan bir söz dayəliyi ilə bazara çıxardıqları məlumatlar, onların intellektuallara, sənətkarlara və həqiqi bilgiylə əlaqəsi olan insanlara qarşı ən böyük silahları olmuşdur.

Ancaq intellektual itirdiyi etibarını özünə qaytarmağa məcburdur. Eduard Said intellektlə bağlı belə deyir: “İntellektual məlim bir ictimai mühit üçün və o ictimai mühit adına bir mesajı, dünyagörüşünü, davranışı, fəlsəfəni, ya da fikri təmsil etmək, cisimləşdirmək, ifadə etmək bacarığına sahib olan bir fərddir”. Günümüzdə cisimləşdirilib, ifadə edilməsi vacib olan şey, zehni fəaliyyətin, fikir istehsalının, bilgiyə çatmağın dəyərli və zəhmət tələn edən iş olmasıdır...

Şübhəsiz, ən bəsit fikrin belə kor bir fanatizmlə müdafiə olunduğu zəmanəmizdə, əgər filistinizmin hegemonluğunu yıxmaq istəyiriksə, fikri inanclarımızı da yenidən, hərtərəfli müzakirəyə açıq bir şəkildə qurmaq və qarşımızda bütün görkəmi ilə yüksələn maddi mənfəətlər dünyasına müqavimət göstərmək əsas vəzifəmiz olmalıdır.


Teqlər:





Xəbər lenti