Fəth edilən və fəth edən islam – Aqşin Yenisey yazır

Fəth edilən və fəth edən islam – Aqşin Yenisey yazır
  05 Yanvar 2017    Oxunub:12986
“Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbirli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır”.
Allah


Keçən əsrin əvvəllərində Qərbdə baş qaldıran sənaye inqilabı Osmanlı imperiyasının parçalanması, Osmanlı kültürünün muzeylərə həbs olunması ilə öz adını tarixə yazdı və əsrin sonunda informasiya texnologiyalarının inkişafı yeni bir reallığın – Qloballaşmanın qaçılmaz olduğunu müjdələdi. Bu, klassik kapitalizmdən fərqli olaraq yeni reallıq idi; sərvətlətin yenidən bölünməsi yox, sərvətlərin bir əldə cəmlənməsi.

Qloballaşmanın ilk qurbanı isə başqa bir imperiya, keçmiş SSRİ və onun sovet mədəniyyəti oldu. SSRİ-nin parçalanmasından sonra dünya daha böyük canfəşanlıqla qloballaşma işinə girişdi. Qloballaşmanın özüylə gətirə biləcəyi beynəlxalq xaosun qarşısını almaq üçün yeni dünya düzəni yaratmağa ehtiyac yarandı. Bu düzənin adını Qərb kapitalizmi tezbazar “Birqütblü dünya” qoydu, yəni dünyanın bir mərkəzdən idarə olunması.

Dünyanın digər mərkəzlərində isə eynən hər kəs bu suallara cavab axtarırdı: “Qloballaşma nədir? Qərbləşməmi? Bəs qərbləşmə nədir? Qərbimi öz içində əritmək, yoxsa özünümü Qərb dəyərlərinin ağuşuna atmaq?” Hələ sənaye inqilabı zamanı Qərbin bir parçası olan almanlar da klassik kapitalizmin beşiyi olan İngiltərə və Fransanının inkişaf etmiş texnologiyaları qarşısında bir “Qərb” qorxusu içindəydilər.

Sənaye inqilabı gözləmədiyi halda Avropada faşizmlə üzləşdiyi kimi, sovetizmi rahat aşan Qloballaşmanın da ilk dirəndiyi, müqavimətlə rastlaşdığı yer, SSRİ-dən fərqli olaraq, təbii ideologiyaların qaynadığı islam dünyası oldu. Avropaya məsafəcə ən yaxın, sərvətləri bol, texnoloji cəhətdən heç sənaye dövrünə belə qədəm qoymamış, siyasi cəhətdən feodalizmi aşmamış, hərbi potensialı daxili sabitliyi qorumağa güclə çatan, kosmik təfəkkürə ancaq ibadət vaxtı ehtiyac hiss edən islam dünyası.

Bu əliyalın dünyanı qlobal müdaxilələrdən ancaq bir fenomen qoruya bilərdi; DİN və onun insan həyatını silaha çevirə bilən cazibədar xurafatı. Qlobal müdaxilə siyasi dialoqun uzun çəkəcəyini, bəlkə də, mümkünsüzlüyünü çox tez anladı. Dini xurafata qarşı siyasi xurafat, hərbi təcavüz planı işə düşdü. Qərb siyasi xurafata qapılanda həmişə müharibəni seçir. I, II Dünya müharibələri, Yaponiyaya atom bombalarının atılması, Vyetnam, Əfqanstan və nəhayət, İraq müharibəsi Qərbin siyasi xurafatının nəticəsidir. Qabaqcadan hesablanmamış nəticələri.

Bu dəfə də Qərb islamın gücünü nəzərə almadı, ərəb ölkələrindəki xalq-hakimiyyət arasındakı narazılıqlara aldandı və qarşısında ən kəskin şəkliylə, özünün mükəmməl mənəvi-ruhani platformasına söykənən islam terrorizmini gördü. Din və terror anlayışlarının qohumluğuna aşağıdakı abzaslarda baxacağıq, hələ tələsməyək. İslam terrorizminə kiçik münaqişələrdə siyasətin silahlı qruplardan öz mənafeyi naminə istifadə etdiyi zorakı metodu kimi baxmaq işin mediativ, səthi tərəfidir. Əslində, Qərb mediasının dili senzuraya qədərki yolda senzuraya uğradılmış bir dildir, məsələn, ABŞ-da heç bir media orqanı qaraların ağ polisləri öldürməsinə irqi münaqişəyə işarə vuran bir ifadə işlədə bilməz. Dövlət bəri başdan medianın əvəzinə bu qarşıdurmaya irqi nifrəti malalayan ad qoyub; “polis zorakılığı”. Dünya mediası (bəzilərini çıxmaq şərtilə) Orta Şərqdə də hücum edən tərəfdir. Ona görə də bu məsələdə Qərb mediasının yox, Qərb aydınlarının yazdıqlarına baxmaq lazım.

Bu terrorizm qloballaşan, daha doğrusu, qloballaşdırılan və qloballaşdırıldıqca böyük xalqların milli ruhunu, tarixi yaddaşını təhqir edəcək səviyyədə nəzərə almayan, müqavimətlə üzləşdikcə daha sərt tədbirlərə əl atan dünyaya, daha doğrusu, Qərb maraqlarına qarşı beynəlxalq miqyasda aparılan qanlı bir mübarizədir. Bu qloballaşmanın mədəni və hərbi təcavüzündən əndişə duyan daha iki namizəd var; sözsüz ki, eyni əsrdə eyni aqibətlə üzləşən iki imperiyanın varisləri olan Türkiyə və Rusiya; atalarını sənaye inqilabı və qloballaşma selinin ilk dalğasında itirmiş iki qəzəbli ölkə. Türkiyə daha çox öz milli kültürünü itirəcəyindən qorxursa, Rusiya qlobal hərbi gücün gec-tez ona çevriləcəyindən ehtiyat edir.

Anlaşılan budur ki, hər iki ölkə “qərbləşmək” istəmir, daha doğrusu, onu başa düşmür. “Qərbləşmək”, “Qloballaşmaq” dedikdə onlardan nə tələb olunur? Rusiya sərvətlərini Qərb şirkətlərinəmi bağışlasın? Ya Türkiyə, sadəcə, Qərbin Orta Şərqdə jandarması rolunu oynayan modern ordu olmaqlamı kifayətlənsin? Bəs bizim babalarımızın əsrlər boyu dünyaya ağalıq etdikləri imperiyalarının qanımıza hopdurduğu milli qüruru neyləyək? Napoleonun, Hitlerin burnunu qarla ovan kişilərin nəvələri indi beş-altı əcnəbi şirkətin çaldığınamı oynasın, ya əsrlərdir Mövlanə ruhundan güc alan kişilər indi bağlamanı atıb əllərinə saksafonmu götürsün? Keçmişimizimi unudaq? Bəs qazancımız nə olacaq? Anlamadığımız Qərb demokratiyasımı? Ərazilərimizdə yaranacaq yeni etnik muxtariyyatlarmı? Ümumi işdən gələn gəlirin bir hissəsimi? Modernləşməmi? O nə deməkdir? Xalqın öz qanı ilə yazdığı tarixin, artıq irsi ötürüləcək qədər filizləşmiş mədəni ənənələrin itirilməsimi? Bütün bunlar baş verərsə, bəs biz kim olacağıq? Adımız yenə rusmu, türkmü olacaq? Mövlanədən xəbəri olmayan türk necə özünə türk deyə bilər? Yaxud öz vətənində ingilis şirkətində işlədiyi üçün “obed”də bir çappa gillətməyə icazəsi olmayan rusun bir quldan fərqi nədir? Orta Şərqdə də bu sualların heç birinə cavab axtarılmadı.

Siyasi dialoqdan bir nəticə çıxmadığını görən və bu suallara uzun-uzadı cavab axtarmaq fikrində olmayan Qərb başqa bir taktika seçdi: Bir güllə ilə iki dovşan vurmaq. Rusiya və Türkiyənin mədəni və texnoloji üstünlüyü qarşısında aşağılıq kompleksi keçirən və hər iki ölkənin bazarı rolunu oynayan üçüncü ölkələri sıradan çıxarmaqla, əslində, bu iki ölkəni proseslərin davamı üçün zəiflətmək. “Ərəb baharı”, başqa cür ifadə etsək, ilanı seyid əhmədlərin əli ilə tutmaq! Türkiyə 2010-cu ilin qışında Tunisdə “çiçəkləyən” bu “baharın”, əslində, özünə 2016-cı il üçün qış hazırlığı olduğunu anlamdı və xırda maraqları naminə Qərbdən gələn bu “baharın” gəlişinə canla-başla kömək etdi. Rusiya isə dekabrda Tunisdə ölkə prezidentinin qaçması ilə nəticələnən iğtişaşlara fikir verməyərək Yeni ilə hazırlaşırdı və yalnız ilk islam terrorçularını qulağının dibində Orta Asiya ölkələrində gördükdən sonra qış yuxusunda ayıldı.

Artıq hər iki ölkə gecikdiyinin fərqindədir; “baharın” gəldiyi regionda artıq islamla birləşmiş ərəb miliyyətçiliyi baş qaldırıb və bu “baharın” güllərini sulayan hər kəsə qarşı açıq savaş elan edib. Rusiya və Türkiyə qapının ağzında dayanmış təhlükəyə qarşı əlimyandıda birləşməyi, Qərb isə bu ittifaqı əngəlləməyi düşünür. İslam dünyasında isə Qloballaşma ssenarisinin oynanıldığı səhnəyə müəlliflərin ağlına gəlməyən personajlar çıxıb; islam dini ilə birləşmiş ərəb milliyyətçiliyi və onlara köməyə axışan tarixi müsəlman həmrəyliyi. Vaxtilə sənaye inqilabından yararlanıb bütün Avropaya meydan oxuyan İngiltərə və Fransa da qısa müddətdən sonra qarşılarında alman faşizmini görəcəklərini ağıllarına belə gətirməmişdilər.

Din və milliyyətçilik imperializm üçün bir vaxtlar güclülərə verdiyi gücü, indi imperializmdən qorunmaq istəyən məzlumlardan əsirgəmir. Bu, həmin gücdür. Bu güclə Orta əsrlərdə dünyanı fəth edən islam dünyası, indi həmin güclə islam dünyasını fəth olunmaqdan qoruyur. Bir vaxtlar özü qlobalist olan bir din, bu gün antiqlobalist mövqedə döyüşür.

Terrorun dindən qaynaqlanması tarixdə yeni hadisə deyil və bunu ört-basdır edənlər bu müharibədə seyriçi rolu oynayan din təəssübkeşləridir. Qədim yəhudilər də Roma işğalına qarşı törətdikləri terror hücumlarında ruhani-psixi güc olaraq Sinaqoqları və iudaizm təlimini istifadə edirdilər. Yaxud İngiltərədə yezuitlərin və Fransada qugenotların etdikləri dindən mənəvi dəstək alan terror əməlləri idi. Hətta yezuitlərin devzi indiki islamçı terrorçuların şüaurlarına çox yaxın idi: islamçıların “Allahu Əkbər!” təkbiri yezuitlərin dilində “Tanrı naminə!” şüarı idi. Yəhudi və islam terrorizminin yeganə fərqi dinin milliyyətçiliklə birləşməsidir. Və Qərb başladığı, lakin artıq gözləmədiyi oyuna düşdüyü üçün bu terrorun canından milliyyətçilik ruhunu çıxarmaq, onu qlobal təhdiddən uzaqlaşdırıb, sadəcə, lokal dini qarşıdurmalara, konkret olaraq, tarixi kökləri olan sünni-şiə müharibəsinə çevirmək istəyir. Bununla terrorun diqqətini Qərb dövlətlərindən yayındırmaq məqsədi güdür.

Alman faşizm kimi islam terrorizmi də öz gücünü gücsüzlərin məsumluğundan və intiqam duyğusundan alır və din bu məsumluğu “məzlumun qisasına” çevirmək üçün əvəzsiz, həqiqətən göydəndüşmə bir fenomendir. Hitler də öz çıxışlarında Birinci Dünya müharibəsində məğlub olmuş döyüşkən alman ruhuna xitab edirdi. Nobel mükafatçısı, məşhur misir yazıçısı Nəcib Məhfuz müsahibələrinin birində bu prosesin köklərini daha dərinə aparır: “XX əsrdə ərəb dünyası qulaqlarının dibində sırf dini əsaslarla yaradılan bir dövlətlə qarşılaşdılar. (İsrailin yaranması ) Milliyyətçilər tərəfindən məğlub edilən inteqrist və panərəbçilər yenidən baş qaldırdı. Ortada belə bir sual yarandı: “Niyə biz də dini dövlət yaratmayaq?” Ərəb milliyyətçiliyinin məğlubiyyəti 1967-ci ilin iyun ayında baş verdi. Bu isə islamçıların hərəkatına təkan verdi”. Biz isə daha dərinə gedərək düşünə bilərik ki, əslində, islam dini ərəb milliyyətçiliyindən başqa bir ideologiya deyil, daha doğrusu, islam özünqədərki dini mənəviyyatla pərdələnmiş, ərəb milliyyətçiliyinin hərbi ideologiyasıdır. Hicazdan çıxan 5000 adam təkallahlılığı özlərinə qalxan seçmiş ərəb milliyyətçiləri idilər və dövlət qurağa gedirdilər.

Bu gün Orta Şərqdə döyüşən və öz günahsız insanlarının qisasını dünyanın digər günahsız insanlarından alan islam terrorizmi təkcə viran qalmış müsəlman məmləkətləri uğrunda döyüşmür. Bu döyüşün arxasında qloballaşmanın məhv etmək istədiyi Samuel Hantinqtonun qabaqcadan söylədiyi kimi, milli mədəniyyətlər, tarixi yaddaş, əxlaqi özəlliklər, milli kimliyi itirmə qorxusu və bütün bunları özündə birləşdirən din dayanıb. Qloballaşma adı altında pulu allaha, allahı pula çevirmək istəyən Qərblə dini kimliyi ilə mücadilə aparan islam terrorizmi, Türkiyə və Rusiya ilə milli kimliyi ilə döyüşür. Və bu döyüşdə özünü tarix boyu Qərbdən uzaqda tutan Rusiyanın itkiləri, özünü həmişə Qərbin yanında görən Türkiyənin itkilərindən qat-qat azdır. Çünki Türkiyə həm də Qərblə “dostluğunun” bədəlini ödəyir.


Teqlər:  





Xəbər lenti