Döyülmüş kənd uşağı

Döyülmüş kənd uşağı
  27 Mart 2013    Oxunub:2424
Əsəd Qaraqaplan

Kənddə, üçüncü ya dördüncü sinifdə olanda şəhərdən bir uşaq gəlmişdi bizimlə oxumağa. Qohumlarıgildə qalan bu uşaq, şəhərli mahiyyətinə uyğun, əlindən bir iş gəlməsə də, tilpaş, sözgüləşdirən və çürükçü idi. Mən də dəlisov kənd uşağı, belə şeyləri götürə bilməyən biri...
Bir dəfə nə təhər oldusa, savaşası olduq (bizdə “dalaşmaq” yox, “savaşmaq” deyirlər). Yəqin elə tilpaşlığına görə. Savaşanda bu uşağı nə təhər vurdumsa (ya da əlimdə daş olmuşdu, nə olmuşdu bilmirəm), sifətinin yumuşaq yerindən bir az yarıldı və güclü qan axmağa başladı. Yəqin, heç bilə-bilə də vurmamışdım. Kənd uşağı idik də, olurdu belə savaşmalar, sir-sifətin yarılması... Birtəhər bunun üzünün qanını çayda yuyub, evlərinə yola saldıq.

Axşamçağı bir də gördüm ki, qohumu uşağın qolundan tutub gətirib bizə. Atamla mamam uşağı bu halda görəndə heç təəccüblənmədən onları qarşıladılar. Çünki belə hallar az qala hər gün baş verirdi.

Uşağın qohumu arvad həyətin ortasında durub qışqırırdı ki, uşağınıza yiyə durun, görün, uşağı nə günə qoyub. Verin onu mənə, öldürəcəm. Adamı da bu hala salarlar...

Mən də girib evə, pəncərənin pərdəsini azca aralayıb baxırdım bu mənzərəyə. Atamgil də bu qadını sakitləşdirib yola verməyə çalışırdılar. Atam deyir “sən dəymə, özüm öldürəcəm onu”, mamam deyir “onun əlləri qurumasın, yazıqdı, hər gün başımıza bu oyunu açır...”

O vaxt bilmədim atam məni buna görə döydü ya yox, mamam da mənə nəsə dedimi, ya yox. Çünki öyrəşmişdim bu tip şeylərə və mənimçün adi idi. Həm də uşaq idim də, ağlım nə kəsirdi ki...

O vaxt o uşaq dəcəlliyimə görə nə qədər qorxu, nə qədər narahatlıq keçirdiyimi də deyə bilmərəm, ya da heç qorxu, narahatlıq keçirmədiyimi də. Amma o vaxt mənə çox qəribə gələn bir şeyi demək istəyirəm. Düşünürdüm ki, adam da uşağı savaşanda götürüb savaşdığı uşağın evinə aparar?! Biz uşaq idik, bunlara nə olmuşdu bəs?! Doğrudan da, bunun uşaqca bir şey olduğunu anlamırdılar? Hətta bəzən xoş bir şey olduğunu...

Axı mən də çox döyülmüş, sir-sifətim, başım yarılmış, gözümün altı göyərmiş, dodağım partlamışdı, amma kimsəm qolumdan tutub savaşdığım uşaqgilə aparmamışdı. Hər tərəfim də yarıq-yarıq, çapıq-çapıq idi, salamat yerim də qalmamışdı...

Uşaq ağlıyla olsa da, düşünürdüm ki, adam necə öz məğlubiyyətini bu cür “bəyan” edə və bundan heç utanmaya bilər... Həm də düşünürdüm ki, axı biz uşağıq, oynaya da, savaşa da, yıxılıb bir yerimizi əzə də bilərik...

Tamam, deyək bu uşaq şəhərdən gəlmişdi deyə qohumu onun qolundan tutub gətirmişdi bizə. Axı həmişə belə olmuşdu, kənddən olan uşaqları da, hətta dostlarımı da döyəndə, bir yerini əzəndə və ya yaranda tutub qolundan gətirirdilər bizə. Hətta məktəbə də üstümə hər dəfə valideyn gəlir, bəzən məni sinfin içində döymək də istəyirdilər ki, niyə bizim uşağı döymüsən.
Mənsə bu təbii halımdan heç vaxt xilas ola bilmədim, elə böyüyəndə də...

Bir dəfə sinif yoldaşım və ən yaxın dostumun da daş-daş oynayanda bilmədən başını yarmışdım. Başından qan üzünə axa-axa anası qolundan tutub gətirmişdi həyətimizə şikayətə. Halbuki, aparıb onun yarasını yuyub təmizləməli və bağlamalı idi. Yolda durub bir-birimizə daş atmışdıq da, daş da gedib dəymişdi də onun başına, burda nə vardı ki... Guya belə eləməklə biz öz dəcəlliyimizdən əl çəkəcəkdikmi, qətiyyən yox. Bəlkə də biraz da inad edəcəkdik.

Deyirəm, adamlar yalnız valideyn olanda, bunu hiss edəndə çox axmaq olurlar. Onlarda “balalarını qorumaq” adlı heyvani instinkt olur-nədi...
Qəribəydi əslində. Hələ də bunu anlamaqda zorluq çəkirəm...
Sonda bir lətifə danışım sizə...
İki qonşu olur, həmişə uşaqları dalaşır. Atalar bir gün uşaqlarını alırlar kürəklərinə, eşşəklərinə minib polisə gedirlər. Yolda uşaqlardan biri o birinə deyir: “Sənin eşşəyin yaxşıdı, yoxsa mənim...” Atalar bunu eşidib, etdikləri hərəkətdən utanırlar. Odu-budu, day uşaqlar dalaşanda qarışmırlar...


Teqlər:





Xəbər lenti