Serial bölgüsündə tərəfkeşlik edilirdi- MÜSAHİBƏ

Serial bölgüsündə tərəfkeşlik edilirdi- MÜSAHİBƏ
  30 Mart 2013    Oxunub:2975
“Hər birimiz bacardığımız kimi sevməliyik vətəni. Nümayiş naminə deyil, mənəvi keyfiyyət kimi”
Azərbaycanın siyasi-ictimai həyatında 31 mart tarixi, qanlı hadisələrlə yadda qalıb. 1918-ci ilin mart ayında xalqımıza qarşı soyqırım həyata keçirilib. 95 il əvvəl baş vermiş 31 mart olaylarını rejissor Mehriban Ələkbərzadə “Qara bayram” tarixi-sənədli filmində araşdırıb. Müəlliflə söhbətimizi də elə məlum qara tarixlə əlaqələndirdik.

- Mehriban xanım, “Qara bayram”, tarixi, ictimai-siyasi mövzuda ilk ekran işiniz deyil. Əvvəlki filmlərinizdən fərqli olaraq “Qara bayram”ın yaradıcılığınızdakı önəmini, yerini necə dəyərləndirirsiniz?

- Haqlısınız, faktoloji və tarixi araşdırma bucağından Qara bayram” filmi nəinki mənim, həmçinin indiyədək ekranlaşdırılmış, digər rejissorların tarixi filmlərindən də fəqrlənir - araşdırma miqyasına, yeni cığır, geniş və fərqli yanaşma tərzinə görə. Baxmayaraq ki, ”həyatda sahib ola bilməyəcəyik bir şeyə ikinci dəfə baxma” deyirlər.

“Qara bayram” sadəcə sənədli filmdən çox, sənədli-bədii-tarixi araşdırmadır. Yəni, bu, təkcə bəlli zaman kəsiyinə - 1918-ci ilın mart hadisələrinə bir baxış da deyil. Filmdə biz, həm də son iki əsrlik tarixə uzaq rakursdan - 1918-ci ilin hadisələrinə səbəb olmuş və dünyəvi olaylar müstəvisindən baxmağa çalışdıq.
Bu problemin çözümü ətrafında mən və ideya müəllifi Nadir Bədəlov, müasir tarixdə önəmli yerləri tutmuş üç ölkə - Rusiya, Azərbaycan və Türkiyədən olan tarixçi-alimlər, politoloqlarla mövzu üzərində araşdırma işi apardıq. Və müəyyən nəticəyə gəldik. Tarixi dürüstlük əsas məqsəd olsa da, əsil həqiqəti ortaya qoymaqla seyrçinin öz baxışlarına, öz mühakiməsinə də yer saxladıq.

Mart hadisələrinə, həmin zamanın ən böyük olayı - I Dünya Savaşının nəticələrindən biri kimi baxılmalıdır. Daha dogrusu biz, hadisələrə belə yanaşdıq, qənaətimiz bu oldu ki, ictimai-siyasi tarixi mütləqlik, mart hadisələrinin zəruriliyini göstərdi. Başqa sözlə desək, konkret zaman üçün ən ümdə məsələ - “ərazilərin yenidən bölüşdürülməsi cəhdi”ndə qənimət neft mənbəyi sayılan Azərbaycan nə qədər kiçik olsa da, “erməni maragının izi” aydın göründü. Və savaş yalnız qənimət üstündə deyil, həm də ərazi marağı idi. Bu baxımdan, ermənilərə mane olacaq “Günəş altında torpaq” əldə etmək istəyənlərin törətdiyi soyqırımlardan ən dəhşətlisinin “mənzərə”sinə işıq saldıq.

- “Qara bayram” filmi çəkildi və arxivdə qaldı. Telekanallarımızda, kinoteatrlarda yayınlanmadı. Kimlərsə baxıb düşünmədi, nəticə çıxarmadı. Sizcə, bu cür münasibət nədən doğur və belə olan halda insanlarımızdan vətən təəssübkeşliyini gözləməkdə nə dərəcədə haqlıyıq?

- Acı da olsa, həqiqətdir. Düzdür, xüsusi günlərdə - soyqırım və matəm tarixlərində efir üzü görür, amma “doğuldugu” gündən film, həsəd və qısqanclıq oyatdı. Halbuki, məsələ Azərbaycanın tarixinə işıq salmaq olunca, müəllif, kimsənin umurunda olmamalı idi. Təssüf ki, bəzi kəslərin varlığımı həzm etməmələri yaradıcılığıma da təsir edir. Amma konkret “Qara bayram” filmində araşdırılan məsələlər, müasir dövrdə yaşadığımız matəm və işğal aqibətimizə səbəb olan reallıqların maariflənməsi aparılmadıqca, dərkediş olmayacaq. Dərketmə olmayınca da müqavimət yaranmayacaq. İdeologiya yetişəndə əməli forma tapılır. Azərbaycanda bu kimi məsələlər təəssüf ki, şəxsi yanaşmalar prizmasından həll edilir. Yəni, Mehribanı həzm etməyən kəslər onu rəhbərlik etdikləri TV-də göstərməyəcək. “Ələkbərzadə tələbkardır” deyə ona daha növbəti film verilməyəcək. “Bu rejissor-şəxsiyyətə diktə etmək mümkün deyil”, “verilənlərlə qane olmayacaq”, “özündən böyüyə yalnışlığını sübut edir”... deyə qəliz birinə arzuolunmaz münasibət göstəriləcək. Halbuki bu yanaşma kökündən yalnışdır. Çünki, belə filmlər hər il yaranmır. Biz də, elə siz özünüz də həmçinin bir redaktor kimi bu film üzərində iki il can qoyduq ki, məhkum olduğumuz zamanda, maarifləndirməyə mütləq dərəcədə əşhədi-ehtiyac duyulduğu halda, biganəlik və şəxsi prinsiplərə önəm verək?! Mənim üçün bu, çox ağrılı məsələdir. İddialı olmasam da, milli borc qüsurumuzdur. Necip Fazıl Kısakürek demişkən,
”Ne acı kaybetmek için sahiplik...
Ölümlüyü sevmek ne korkulu iş”.

- Filmi yenidən çəkməli olsaydınız, hansı kadrları çıxarardınız və ya hansı əlavələr edərdiniz?

- Üç şey - atılmış ox, deyilmiş söz və keçmiş günlər geri qayıtmır. Bizə hələ də qaranlıq qalan mart hadisələri filmində mən, Azərbaycanın istiqlalı və istiqbalında maraqlı olanların milli və etnik çabasına bilərəkdən işıq saldım. Daha dogrusu, indiyə qədər fikir ayrılığını, az qala düşmənçilik kimi qəbul edənlərə boz həqiqəti, tarixi reallıgı göstərdim. Yəni, 1918-ci ilin əvvəlindən martın 30-na - qanlı mart hadisələri başlanan saata qədər Azərbaycan Milli Burjuaziyasının, Azərbaycan müstəqilliyi və ərazi bütövlüyündə təəssübü olanların, son 1 ayda ərzində baş vermiş hadisələr sislsiləsini - daxili qarşıdurma və xarici güclərin tək-tək şəxslərə etdiyi təsirin qarşılaşmasını təqdim etməkdə israrlıq göstərdim. Lakin sonradan məhz bu səhnələr çıxarıldı, həm də mənə – filmin rejissoruna deyilmədən yenidən montaj olundu. Amma bunu da məmur savadsızlığı kimi deyil, tarixi bilgisizlik və kreslo özbaşınalığı kimi qəbul etmək istədim. Nonsens olsa da, həqiqətdir. Mən isə Nəriman Nərimanovla Məmməd Əmin Rəsulzadənin Azərbaycanın xilası uğrunda mübarizə apardıqlarını, hər ikisinin də fərqli müstəvilərdə çıxış yolu görən şəxsiyyət oldugunu göstərməkdə israrlı idim. Yenidən bu filmi çəkməli olsaydım, yenə də məhz bu baxış bucagını seçərdim. Bütün qüsurlara və bu səhnələri ixtisar etmək qərarına rəğmən belə. Lakin inanmıram ki, bizim kinonun rəhbərliyində duranlar, mənə, xüsusilə də tarixi mövzuda çalışmaq fürsətini bir də versinlər. Bu sahədə qeyri-peşəkarlara meydan açmaq, qanmazı başa keçirib səlahiyyət vermək artıq normaya çevrilib. Və belə biri, XVl əsr xəritəsini Mehriban Ələkbərzadənin utopik arzusu kimi qəbul edirsə, Şah İsmayılla Səfəviləri müxtəlif məfhumlar kimi qavrayırsa, mən nə edə bilərəm?! Hər şeyi satıb ala bilənlər mənimlə niyə işləsinlər?! Güzgüdə hər dəfə özlərini ya manqurt, ya da yerində olmayan biri kimi görmək istəməzlər. Bu mənim mübarizəm idi, Don Kixot sayağı olsa da...

- “Qara bayram” Mehriban Ələkbərzadəyə nə qazandırdı?

- “Qara bayram” və yaxud “Qara oyunlar” filmi mənim keçəcəyim körpünü yandırdı. Digər tərəfdən vətəndaşlıq təəssübündən geriyə çəkilməmək, peşə əxlaqında güzəşt etməmək hissini də yenidən alovlandırdı. Bu film, mənim çox sevdiyim tarixi araşdırma janrının bu gün və gələcək üçün vacibliyini göstərdi. Özəlliklə də televiziyalarımızın əhəmiyyətsizliyi fonunda. Yenə də Necip Fazıl Kısaküreyin bir deyimini xatırlamaq yerinə düşər:“Dünya öküzün üstünde derler ama, dünyanın üstünde nice öküzler gördüm”.

- Bu filmdəki tarixi hadisələri teatr dililə görükdürmək, tamaşa hazırlamağı istərdinizmi?

- Bilmirəm. Bu barədə heç düşünmədim. Amma mənə elə gəlir ki, teatral boyalar tarixi faktı soldura, kölgədə qoya bilər. Tarixi araşdırma maariflçilikdir, elmdir, sənət deyil. Konfutsinin gözəl bir sözü var: Düşünmədən öyrənmək faydasız, öyrənmədən düşünmək təhlükəlidir.

- Sizcə, Azərbaycanda müharibə, vətənpərvərlik mövzularında çəkilmiş filmlərin təsir gücü niyə zəifdir? Ağrımızı göstərmyə istedadımız çatmır, ya bilmədiyimiz başqa səbəblər var?

- Hmm. İndi qəribə zaman və qəribə yanaşma tərzi yaranıb. Yaradıcı işlər, layihələr, kim nədə güclüdür, nəyi bacarır, yaxud nə ilə nəfəs alır yanaşmasından deyil, kimlərə imkan vermək həvəsi və istəyi ilə paylanır. Sözün əsil mənasında məvacib, yaxud qonarar almaq xətrinə tərəfkeş bölgüsü aparılır. Bu məsələ bütün film çalışmalarına aiddir. Bu gün yerli kanallarımızda yayınlanan seriallara fikir verin. Son seriallar bölgüsündə tərəfkeşlik daha açıq formada həyata keçirildi. Buna, “səlahiyyətli” birinin baxış və seçimi də demək olar. Hər kəsin bir sənətlə məşgul olmaqla evinə, ailəsinə çörək pulu qazanmaq cəhdini anlayıram. Amma bu sənət fərqlilik tələb edir. Bacarıqdan başqa, savad və istedad istəyir ki, bu üç keyfiyyət də təəssüf ki, bəhs etdiyimiz işlərin sahibində yoxdur, olmur. Mən hələ həmin rejissorun, müəllifin vətəndaşlıq missiyyasını, intellektini, şəxsiyyət faktorunu, sənətkarlıq dərəcəsini demirəm. Yəni, normativ sayılan faktorlar belə yoxdursa, alınan nəticə gördüklərimizdən artıq olmayacaq.

- Mehriban Ələkbərzadə üçün vətənpərvərlik nədir ümumiyyətlə? Vətən Sizin üçün haradan başlanır?

- Hardan başlanır Vətən? Nədən başlanır Vətən? Bəlkə də əlifbanın A- hərfindən - Ana…. Y hərfindən - Yurd. Bu, izahedilməz hissdir. Amma əməli olan hadisələr toplusudur. İnsan, ona bu yer üzündə əmanət olaraq verilən yurdunu qorumalıdır ki, zamandan dişarı, bu ərməğanın sənə məxsusluğu bilinsin. Allahın göydən kölgə salaraq sənə verdiyi torpaq - ərazi, sənin nəsil-nəcabətinin məzarı və doğulacaq körpələrin beşiyidir. Onu qorumaq, yad əllərə verməmək deməkdir vətənpərvərlik. Sevməlisən ki, qoruyasan. Qorumalısan ki, sonrakı sevginə də layiq olsun. Hər birimiz bacardığımız kimi. Nümayiş naminə deyil, mənəvi keyfiyyət kimi. Maləsəf... Yadıma Orxan Vəli Kanıkdan misra düşdü: “Nələr eləmədik bu Vətən üçün? Kimimiz öldük, kimimiz də sadəcə nitq söylədik”. Nə qədər acı olsa da.

- Tarixi faktı araşdırdığınız zaman razılaşmadığınız məqamları, görmək istədiyiniz kimi görükdürdüyünüz olubmu?

- Olub, var. Amma konkret hansı məqam olduğunu demək istəməzdim. Çünki, ucalda bilmədiyim mifi sındırmaqdan nə fayda? Helderlinin maraqlı bir fikri var: “Heç bir şey insan qədər yüksələ bilməz və heç bir şey insan qədər alçala da bilməz”. Tarixdə isə belə faktlar yetərincədir. Necə deyirlər, ”Gönlüm uçmak dilerken semavi ülkelere; Ayağım takılıyor yerdeki gölgelere”.

- Mehriban xanım, son olaraq yeni yaradıcılıq planlarınızı bilmək istərdim.

- Bu günlər şəxsi istəklərimdən bir qədər təcrid vəziyyətdəyəm. Anamın sağlıq durumunun ağırlaşması məni çaşdırıb. Amma bütün hallarda Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Topal Teymur” əsərinə quruluş verəcəyəm. Yaxın gələcəkdə reallaşdıracağım hələ ki budur. Uzaq gələcək isə… Hələ gələcək. Gözləyirəm. Fikrimi yenə də aforizmlə yekunlaşdıracam. “İnsanın bədbəxtliyi 3 şeydədir - yanlış yer, yanlış zaman, yanlış insan”.

Sevda Babayeva

Qalereya




Teqlər:  





Xəbər lenti