Azərbaycan da Türkiyə-Ukrayna Azad Ticarət Zonasına qoşula bilər

   Azərbaycan da Türkiyə-Ukrayna Azad Ticarət Zonasına qoşula bilər
  06 Fevral 2022    Oxunub:1999
Əlibala Məhərrəmzadə
İqtisadiyyat elmləri doktoru, professor

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfərini həqiqətən tarixi hesab etmək olar. Səfərin siyasi və geosiyasi əhəmiyyəti haqqında çox şərhlər verilir, amma mən iqtisadi tərəflərinə toxunacağam.
Səfər zamanı 8 sənəd imzalandı ki, onların arasında 11 ildir müzakirəsi gedən Azad Ticarət Zonasının yaradılması haqqında Anlaşma da var. Proqnozlara görə, bu zonanın yaradılması hər iki ölkəyə ildə hazırkı Ümumi Daxili Məhsulunun 2%-i qədər əlavə qazanc gətirəcək. Bunun ölkələrin iqtisadiyyatı üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil.

İndiyə qədər məhz gömrük tariflərində razılaşmaya gəlinə bilinmədiyi üçün Azad Ticarət Zonasının yaradılması baş tutmurdu. İndi isə bu məsələlər birgə Gömrük Şurası çərçivəsində həll olunacaq. Türkiyə Ukraynanın ixrac etdiyi malların 95%-ni, yaxud, 10 mindən çox çeşiddə məhsulu gömrük rüsumlarından tamamilə azad edir. Qalanlarına isə kvota tətbiq olunacaq. Ukrayna da təxminən eyni addımı atır: yalnız işlənmiş avtomobillərə və bəzi yüngül sənaye məhsullarına müəyyən tariflər qalacaq. Bunun nə qədər önəmli olduğunu anlamaq üçün sadəcə bir faktı nəzərə almaq lazımdır ki, Türkiyə Ukrayna üçün Çin və Polşadan sonra üçüncü ən böyük bazardır. Ukrayna üçüncü ən böyük bazarına praktik olaraq, rüsumsuz girmək şansı qazandı.

Bundan başqa, iki ölkə yüksək texnologiyalar, vergi, cinayətkarlığa qarşı birgə mübarizə, gənclər siyasəti və digər sahələrdə də əməkdaşlıq edəcəklər. Bu sənədlər Türk biznesinin Ukraynada və əksinə inkişafı üçün güclü hüquqi baza yaradacaq. Hər şeydən əvvəl, gömrük tariflərinin azaldılması qarşılıqlı ticarət dövriyyəsinin sıçrayışlı şəkildə artımını vəd edir. Yada salaq ki, ölkələr ötən il 7,1 milyard dollar olan ticarət dövriyyəsini bu il 10 milyard dollara çatdırmağı planlaşdırılar.

Yüksək texnologiyalar sahəsində əməkdaşlıq ilk növbədə “Bayraktar” PUA-larının Ukraynada birgə istehsalını nəzərdə tutur. Onlar Ukraynanın Zaporojets zavodunda istehsal olunan mühərriklərlə təchiz olunacaqlar. Bu dronları idarə edən operatorların yetişdirilməsi üçün birgə mərkəz də yaradılacaq. Yəni söhbət hərbi sənaye sahəsində geniş iş birliyindən gedir.
“Bizim imzaladığımız sənədlər ikitərəfli fayda prinsipinə əsalanır: Sən də qazanırsan, mən də!”,- deyə Ərdoğan səfərin nəticələrini şərh edərkən bildirib.

Əldə olunan razılaşmalara görə, Türkiyə Xarkov və Lvovda baş konsulluq açacaq, Ukrayna isə Antalyadakı konsulluğunun statusunu artıraraq, baş konsulluğa çevirəcək. Bunun hansı məqsəd güddüyünü anlamaq çətin deyil: tərəflər turizm dövriyyəsini artırmaq istəyirlər. Ötən il Ukraynadan Tükiyəyə 2 milyon nəfər səfər edib ki, bu da ölkə əhalisinin təxminən 5%-i deməkdir. Konsulluq şəbəkəsi genişlənəndən sonra rəqəmin bir qədər də artacağı şübhəsizdir.

Maraqlı məqamlardan biri Ərdoğanın Ukraynadan qayıdarkən təyyarədə jurnalistlərlə söhbəti zamanı azərbaycanlı həmkarı İlham Əliyevin həmin ölkəyə səfərini xatırlatması idi. O bildirdi ki, “Bu arada İlham Əliyevin Ukraynaya bir səfəri oldu. Bundan əlavə, Boris Conson da Ukraynaya səfər etdi. Bu səfərləri bir yerə toplamaq, ümumi nəticəyə görə addım atmaq istəyirik. Hörmətli İlham Əliyev qardaşımızla onun səfərindən sonra bəzi söhbətlərimiz olub. İndi məsələ bu işin həlli üçün addımlar atmaqdır”.

Göründüyü kimi, cənab Ərdoğan nəyi nəzərdə tutduğunu tam açıqlamır. Amma ehtimal edə bilərik ki, söhbət Türkiyə-Ukrayna iqtisadi əlaqələrinə Azərbaycanın da qoşulmasından və Azərbaycan-Türkiyə-Ukrayna üçbucağının yaranmasından gedə bilər. Xatırlayırsınızsa, bu məsələyə cənab Əliyevin Ukraynaya səfərindən əvvəl də toxunmuşduq. Azərbaycanın qoşulması ilə Türkiyə-Ukrayna birliyi tamam fərqli və üstün bir mahiyyət qazanır. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan hətta Türkiyə-Ukrayna Azad Ticarət Zonasına da qatıla bilər. Üç qardaş ölkənin bu şəkildə yaxından əməkdaşlıq etməsinin vaxtı yetişib.

Ərdoğanın Boris Consonun səfərini xatırlatması da əlbəttə ki, təsadüfi deyildi. Hazırda Azərbaycan-Türkiyə-Ukrayna birliyinin möhkəmlənməsində Qərb ölkələri, xüsusilə Britaniya çox maraqlır. Söhbət strateji əməkdaşlığın konturlarından gedir. Bizim əlavə qazancımız isə odur ki, bu yolla Azərbaycanın Avropa bazarına daha bir geniş qapısı açılacaq.

AzVision.az


Teqlər: Azərbaycan   AzadTicarətZonası  





Xəbər lenti