Naxçıvanda 227 əcnəbinin yaşama icazəsi ləğv edildi

   Naxçıvanda 227 əcnəbinin yaşama icazəsi ləğv edildi
  27 Yanvar 2023    Oxunub:891
Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində kollegiya iclası keçirilib.
AzVision.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev bildirib ki, muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, müvəqqəti və daimi yaşaması, iş icazələrinin verilməsi, ölkədə olma qaydalarının tənzimlənməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə və miqrasiyanın mənfi təzahürlərinin qarşısının alınması işi Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən 2022-ci il ərzində də ciddi nəzarətdə saxlanılıb, qanunsuz miqrasiyanın vaxtında aşkarlanması və qarşısının alınması istiqamətində səmərəli və effektiv mübarizə tədbirləri davam etdirilib.

Hesabat dövrü ərzində muxtar respublikada qeydiyyatsız olan, qanunsuz yaşayan, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan və müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 625 əcnəbi, habelə iş icazəsi almadan əcnəbiləri qanunsuz əmək fəaliyyətinə cəlb edən 1 Azərbaycan Respublikası vətəndaşı aşkarlanıb.

Eyni zamanda Miqrasiya Məcəlləsinə əsasən, 5 əcnəbi barəsində ölkə hüdudlarından kənara çıxarma barədə qərar qəbul edilib, miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 4 əcnəbi isə könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılıb.

Vurğulanıb ki, ötən il əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 2037, yenidən rəsmiləşdirilməsi üçün 49, daimi yaşamaq üçün icazənin verilməsi ilə bağlı 16, Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə əlaqədar 555, Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı 3, o cümlədən Naxçıvan Muxtar Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş icazəsinin verilməsi ilə bağlı isə 204 müraciət daxil olub.

Müraciətlərin icrası mövcud qanunvericiliyə uyğun olaraq həyata keçirilib, habelə müvafiq əsaslarla 227 müvəqqəti yaşama icazəsi, 150 iş icazəsi və 1 daimi yaşama icazəsi ləğv edilib.

Həmçinin bu dövr ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və bu sahəni ehtiva edən digər məsələlərlə bağlı ümumilikdə Xidmətə 7130 müraciət daxil olub, o cümlədən muxtar respublika ərazisində nikahı pozulan və ölümü qeydə alınan 10 əcnəbi barəsində isə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalar aparılıb.

Şahin Nəbiyev əlavə edib ki, XX əsr milli tariximizin ən qüdrətli siması olan görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü - “Heydər Əliyev ili”ndə də milli prioritetlərimiz rəhbər tutulmaqla miqrasiya sahəsində dövlət siyasəti uğurla reallaşdırılacaq, miqrasiya proseslərinin tənzimlənməsi və idarə olunması sahəsində maksimum qüvvə və səy göstəriləcək, eyni zamanda müraciət edən şəxslərin məmnunluğunun təmin olunması daim diqqətdə saxlanılmaqla xidməti fəaliyyət müasir tələblər səviyyəsində davam etdiriləcək.

İclasda hesabat dövrü ərzində görülən işlərlə bərabər, yol verilmiş nöqsan və çatışmazlıqlar da müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti