Ərəb dalğalarının azərbaycanlı qəvvası

// Onun ərəb olmadığına inanmaq istəmirdilər...

   Ərəb dalğalarının azərbaycanlı qəvvası
  04 Aprel 2023    Oxunub:1777
Hər şey tarixdən başlanır. SSRİ Mərkəzi hökumətin qərarı ilə 1941-ci ildən fəaliyyətə başlayan Moskva Radiosunun Xarici Verlişləri nəzdində faşizmin ifşa edilməsi, ona qarşı əks-təbliğat aparılması məqsədilə Bakı radiosunda türk və fars dillərində yayımlar təşkil edildi. Yaxın Şərq ölkələrində verilən bu proqramlar tez bir zamanda yüksək aktuallıq kəsb etdi. Ona görə də ərəb dilində verlişlərin yaradılması zərurəti günün vacib problemlərindən biri oldu.
Amma belə bir şöbənin tezliklə təşkil edilməsi o qədər də asan deyildi. Çünki o vaxtlar bütün SSRİ məkanında ərəb dilini bilən yüksək dərəcəli mütəxəssis tapmaq çox çətin idi. Çoxsaylı xarici dildə verliş yayımlayan SSRİ kimi nəhəng bir ölkənin yerli ərəb dili bilən mütəxəssisi yox idi. Ona görə də Moskva Radiosu məcbur olub Misirdən kommunist düşüncəli ərəb diktorlar dəvət etmişdi.

Bundan başqa, 1941-ci ildə SSRİ hökuməti radio təbliğatını Türkiyə və İranda yaymağı məqsədəuyğun hesab edərək, növbəti addımı atır. Həmin ilin iyulunda Azərbaycan radiosunda türk və fars dillərində verilişlər hazırlayan iki redaksiya yaradılır. Türk dilində verilişlər redaksiyasına Adil Əfəndiyev, fars dilində verilişlər redaksiyasına isə qısa dövr ərzində Qulam Məmmədli rəhbərlik edir.

1941-ci il iyulun 20-də "Burası Bakü", "Inca Baku" ifadələri ilk dəfə Azərbaycan radiosu ilə verilən sınaq verilişlərində səsləndirilir. Həmin verilişlər 1941-ci il avqustun 18-dən müntəzəm olaraq "Bakının səsi" çağırışı altında dünya efirinə çıxır.

Bir il sonra, 1942-ci ildə Naxçıvan torpağında, Ordubad şəhərində, ziyalı ailəsində dünyaya göz açan Səfər Cəfərov doğulur. İllər ötdükdən sonra hər iki demək olar ki, “həmyaşıdın” yolları kəsişir…

Bu kəsişmə təsadüf deyildi. Səfərin böyüyüb-boya başa çatdığı mühitlə bağlı idi. Səfər Cəfərovun qardaşı Fərhad Zeynalov dünya türkoloqları arasında tanınan görkəmli alim idi. Digər qardaşı, tanınmış jurnalist Zöhrab Zeynalov uzun illər Azərbaycan radiosunda rəhbər vəifələrdə çalışmışdı. Təbii ki, ailədə özündən böyük ziyalı qardaşlarının elmi-bədii mövqeyi Səfərin dünyagörüşünün zənginləşməsinə, elmi biliklərə dərindən yiyələnməsinə təsirsiz ötüşə bilməzdi.

Səfər Ordubadda orta məktəbi bitirdikdən sonra paytaxta – Bakıya gəlir. Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olur. Tələbəlik illərində Azərbaycan Radiosu ilə əməkdaşlığa başlayır. Beləliklə, Səfərin ömrünün 50 ili radio ilə bağlanır.

Azərbaycan radiosunda hələ 1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradılmışdı. 1951-ci ildən xaricdə yaşayan soydaşlarımız üçün hər gün azərbaycanca 1 saatlıq veriliş yayımlanan redaksiya da bu qurumun tərkibinə daxil edilmişdi.

1959-cu ildə Azərbaycan radiosunda ərəb dilində verilişlərin yayımı başlandı. Bu redaksiyada diktor vəzifəsinə İraq türkmənlərindən olan Bağdad radiosunun diktoru Sinan Səid dəvət olunmuşdu. Qısa müddət ərzində bu redaksiya bir sıra ərəb ölkələrində əks-səda doğurdu və təqdir məktubları gəlməyə başladı.

Həmin illərdə Moskva radiosu Azərbaycanın radiosunun xarici verilişlərini mütəxəssislə təmin etmək imkanına malik deyildi. Azərbaycanın isə buna ehtiyacı yox idi. Çünki artıq Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin ərəb şöbəsində görkəmli alim Ələsgər Mahmudovun rəhbərliyilə Aida İmanquliyeva, Malik Mahmudov, Vasim Məmmədəliyev, Elza Hüseynova, Malik Qarayev kimi dili mükəmməl bilən, püxtələşmiş ərəbşünas alimlər yetişmişdi. Artıq Azərbaycan Radiosunu ərəb dilində verlişlərində yerli mütəxəssislər çalışırdılar. 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində Radionun ərəb şöbəsində redaktor, tərcüməçi Vasim Məmmədəliyev, diktor Sinan Səid və başqa peşəkarlar işləyirdi.

1967-ci ildə Bakı Dövlət Universitetinin ərəb şöbəsini bitirən Səfər Cəfərov radionun ərəb şöbəsinə təyinat alır. O vaxtdan əmək fəaliyyətinə başlayır və kərküklü Sinan Səidlə bərabər işləməli olur. Sinan Səid Kərkük-Azərbaycan xalq mahnılarının gözəl ifaçısı olmaqla bərabər, ərəb dilində peşəkar diktor idi.

Xoşbəxtlikdən Səfər ilk fəaliyyətinə Sinan Səidin rəhbərliyi altında başladı. Bu, gələcəkdə Səfərin ərəb dünyasında tanınması, fəaliyyət göstərməsi, peşəkar ərəb diktoru olması üçün əla fürsət idi. O, Sinan Səiddən sənəti bütün incəliklərini öyrənir və müstəqil diktor kimi yetişir. Getdikcə Səfərin səsi, sözü bütün ərəb ölkələrində eşidilir və sevilir. O, ərəbcə o qədər təmiz, qüsursuz danışır, mətn oxuyurdu ki, ərəb olmadığına heç kəs inanmırdı.

Səfərin bu istedadı qısa müddətdə ətrafdakıların diqqətini özünə cəlb edir. Bu diqqət qısa müddətdən sonra Səfər üçün istedadın zəngin təcrübə ilə vəhdət təşkil etməsinə səbəb olacaqdı.
Haşiyəyə çıxaraq qeyd etməliyik ki, o vaxtlar Sovet mütəxəssisləri Yəmən Ərəb Respublikasına ezamiyyətə göndərildi. Göndərilənlərin sırasında Səfər Cəfərov da vardı. Belə ki, S.Cəfərov 1968-ci ildə Yəmən Ərəb Respublikasında işləmək üçün Moskvadan dəvət alır. Elə həmin ildən də Yəməndə müxtəlif təşkilatlarda tərcüməçi işləyir. Müqavilə müddəti bitdikdən sonra Bakıya qayıdır. Beynəlxalq Radionun Ərəb şöbəsində diktorluq fəaliyyətini davam etdirir. Nəhayət, bir neçə ildən sonra yenidən ezamiyyət başlayır. Bu dəfə Səfər Cəfərov başqa bir ərəb ölkəsinə - Suriyaya göndərilir və müxtəlif təşkilatlarda iki il tərcüməçi işləyir. Sonuncu ezamiyyəti isə İraq Respublikasına olur.

80-ci illərin sonlarına yaxın İran-İraq müharibəsi başlayır. Müharibə İraqda bütün işlərin dayanmasına səbəb olur. Həmin il ölkədə çalışan Sovet mütəxəssisləri də vətənlərinə dönməli olurlar.
Səfər İraqdakı 4 illik fəaliyyətindən sonra Bakıya qayıdır. Radioda diktorluq fəaliyyətini davam etdirir. Amma indi daha çox təcrübə və daha fərqli düşüncə ilə.
Nəzəri biliklərin demək olar ki hamısını praktikada tətbiq etmiş Səfər, radio üçün ərəb dilli diktor mütəxəssislərin yetişməsində müstəsna xidmətlər göstərir. Hətta bu sahədə özünəməxsus məktəbini yaratmağa müvəffəq olur. Sadəcə baxaq: hazırda bir çox tanınmış ərəbşünas mütəxəssislər Səfər Cəfərovu özlərinin ustadı, müəllimi olduğunu deyirlər.

Məşhur ifadə var: “Dünya bir pəncərədir, hər gələn baxar, gedər…” Amma bu ifadə əslində heç də hər kəs üçün deyilməyib. Düzdür, Səfər Cəfərov gəldi, baxdı, amma sadəcə baxmadı. O baxdıqca onu eşitdirlər - Ərəb dünyasından, dünyanın ümumiyyətlə, istənilən nöqtəsindən…

Səfər Cəfərov, Azərbaycanın səsini ərəb dünyasının, bütünlüklə beynəlxalq aləmin dalğalarında o qədər gur ucaltdı ki, indi onu azaltmaq mümkün deyil. Min illər keçsə belə, səs hər zaman qalır, onu sadəcə duymaq lazımdır. Bu gün fiziki olaraq bizi tərk etmiş Səfər Cəfərov əslində sadaladığımız müstəvilərdə, bir də qəlbimizdə duyulur. Səsiniz aydın və ucadır, Ustad!

Əliabbas Quliyev
AzVision.az üçün





Teqlər: Radio  





Xəbər lenti