Naxçıvandakı mövqelərimiz atəşə tutulub |
"Adətən bu təxribatlar kənar qüvvələrin, xüsusilə də Fransanın və Ermənistanda mövcud olan Avropa İttifaqının missiyasının göstərişləri ilə baş verir. Azərbaycan bu təxribatların qarşısını almaq üçün imkan və potensiala malikdir. Əgər bu təxribatlar nəticəsində bir nəfər əsgərimiz xəsarət alarsa, o zaman Ermənistan çox dərin peşmançılıq hissi keçirəcək.
Hesab edirəm ki, atəş açılan mövqelər Azərbaycan üçün əhəmiyyət daşıyırsa, həmin mövqelər ordumuzun nəzarətinə keçməlidir. Əhəmiyyət daşımırsa, o zaman həmin mövqeləri daim atəş altında saxlamalı, ora erməni ordusunun şəxsi heyətinin yerləşməsinə imkan verməməliyik".
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə qeyd edib ki, erməniləri yenidən xam xəyallara salan, onlara şirin vədlər verən dövlətlər var:
"ABŞ, Fransa kimi müstəmləkəçi dövlətlər onlara havadarlıq edirlər. Bunları mütəmadi olaraq silahlandırırlar. Silahlandırmaqla kifayətlənmirlər, Avropanın bir sıra ölkələrinin, həmçinin Kanadanın da hərbi mütəxəssisləri uzun müddətdir Ermənistanda məskunlaşıblar. Ermənistan ordusunu yeni müharibəyə hazırlamaqla məşğuldurlar. Bu, təhlükəli bir məqamdır. Onlar bu fəaliyyətlərinin adını sülhməramlı qoyurlar. Ancaq belə sülhməramlılıq olmur. Onların Ermənistana verdikləri silahlar, hücum silahlarıdır. Azərbaycanın qələbəsini qəbul edə bilmirlər. Azərbaycan öz ərazilərini işğaldan azad edərək bütövlüyünü təmin edib.
Erməniləri inandırırlar ki, “Azərbaycana qarşı müharibə edəcəksiniz, biz də sizə kömək edəcəyik və siz həmin ərazilərə qayıdacaqsınız”. Bütün bunlar xam xəyallardır. İcrası mümkün olmayan hərəkətlərdir. Çox təəssüf ki, Ermənistana rəhbərlik edənlər və orada kök salmış keçmiş separatçılar, revanşistlər bu vədlərə inanırlar. Bu vədlərdən ruhlanaraq günü-gündən “həyasız” bəyanatlar verməklə məşğuldurlar".
E.Məmmədovun sözlərinə görə, bu günlərdə sərhəd bölgəmizdə törədilən təxribatlar kəşfiyyat xarakterlidir:
"Erməni ordusu müxtəlif silahlardan atəş açmaqla "Azərbaycan tərəfdən onlara necə, hardan cavab verilir, qüvvələr harada yerləşib" kimi məsələləri öyrənmək məqsədilə təxribatlara əl atır.
Buna da ermənilər rəhbərlik etmir. Amerika Birləşmiş Ştatlarının, Fransanın və digər ölkələrin hərbi mütəxəssisləri, yüksək çinli hərbçiləri rəhbərlik edir. ABŞ Ermənistan ərazisində təkcə silah-sursat yox, eyni zamanda kəşfiyyat xarakteri daşıyan xeyli müşahidə sistemləri quraşdırıb. Buna görə biz hər an gözlənilməz hallara hazır olmalıyıq".
Həmidə İbrahimova
AzVision.az