İrəvanın “Bakı hücum edəcək” iddialarının siyasi və hərbi məqsədləri - ŞƏRH

   İrəvanın “Bakı hücum edəcək” iddialarının siyasi və hərbi məqsədləri -    ŞƏRH
  18 Oktyabr 2024    Oxunub:294
"İrəvanın “Azərbayan Ermənistana qarşı hərbi planlar qurur” iddiaları intensivləşib. Ararat Mirzoyan bu iddianı Varşava forumunda beynəlxalq ictimaiyyətə təqdim etdi, ardınca erməni rəsmiləri və mediası aktiv şəkildə gündəmə gətirdi. Son olaraq, Paşinyanın partiyasında sədr müavini olan Vaaqn Aleksanyan “Azərbaycanın Ermənistana hücum üçün zəmin hazırladığı” iddiası ilə çıxış edib".
AzVision.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, COP29 ərəfəsində sülh müqaviləsinin imzalanmasına təkid edən rəsmi İrəvanın paralel şəkildə “Bakı hücum edəcək” iddialarını tirajlaması siyasi və hərbi məqsədlərin tərkib hissəsidir:

“Sülh müqaviləsi layihəsini yarımçıq imzalamağa çalışan İrəvan Bakının “bütün bəndlərin razılaşdırıldığı müqavilə” yanaşmasını “sülhə qarşı olmaq” kimi göstərməyə çalışır və “Ermənistana hücum edəcək” iddiaları ilə Azərbaycanı ittiham altına salmaq, diqqəti Bakının sazişlə bağlı mövqeyindən yayındırmaq istəyir;

Hərbi hədəf isə təxribat ehtimalı ilə bağlıdır. Belə ki, Ermənistan bu iddialarını “ispatlamaq” və “hücum edən tərəf” kimi Bakıya qarşı beynəlxalq təzyiqi gücləndirmək məqsədilə kiçik də olsa, sərhəddə təxribatlara əl ata bilər və bunu məhz COP29 tədbiri (yaxud tədbir ərəfəsində) zamanı edəcəyi ehtimalı ön plandadır”.

"COP29 zamanı mümkün təxribatlarla qarşıdurma yaratmaq İrəvana iki istiqamətdə sərfəlidir:

“Azərbaycanı “hücum edən tərəf” kimi göstərməklə beynəlxalq iqlim tədbirində sülh sazişinin imzalanması çağırışı edən oyunçuların Bakıya təzyiq siyasətinə sövq etmək; Azərbaycanın “COP atəşkəsi” təşəbbüsünü zədələmək, Bakının imicini və əldə edə biləcəyi dividentləri sıradan çıxarmaq; Mümkün təxribatlarda COP-un Bakıda keçirilməsinə etiraz edən və hazırda tədbir üzərindən Azərbaycana qarşı kampaniya aparan qüvvələr-ölkələr də maraqlı tərəfdir”,- deyə A.Nərimanlı deyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Azərbaycan   Ermənistan   COP29  





Xəbər lenti