Ombudsman türmələrlə bağlı təkliflər verdi

   Ombudsman türmələrlə bağlı təkliflər verdi
  03 Mart 2025    Oxunub:465
Azərbaycanda ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.
Bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanının) 2024-cü il üzrə məruzəsində qeyd olunub. Parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan məruzədə bildirilib ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş 18-24 yaş arası şəxslər üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması və yetkinlik yaşına çatmayan şəxslər üçün tərbiyə müəssisələrində cəza çəkən və 18 yaşı tamam olmuş şəxslərin həmin müəssisələrə göndərilməsi də məqsədəmüvafiq olardı.

Həmçinin sənəddə qeyd olunub ki, ali təhsil imkanlarının da təmin ediləcəyi belə müəssisənin yaradılması saxlanılan şəxslərin islah olunması prosesinə, habelə cəzalarını çəkib qurtardıqdan sonra onların sosial adaptasiyasına da müsbət təsirini göstərə bilər. Qeyd edilən müəssisələrin yaradılması penitensiar müəssisələrdə mövcud sıxlıq probleminin həllinə də müsbət təsir göstərə bilər.

Vurğulanıb ki, ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması məqsədəuyğun hesab olunur. Bildirilib ki, ehtiyatsızlıqdan cinayət törətmiş șəxslərin qəsdən az ağır və ya ağır cinayətlər törətmiş şəxslərlə eyni rejimli cəzaçəkmə müəssisəsində saxlanılması onların qəsdən cinayət törətmiş şəxslərin təsiri altına düşməsinə səbəb olmaqla yanaşı, islah olunmalarına neqativ təsir göstərə bilər.

Bu səbəblə diqqətə çatdırılıb ki, BMT-nin Məhbuslarla davranışın minimal standart qaydalarına (Nelson Mandela Qaydaları) əsasən, müxtəlif kateqoriyadan olan məhkumlar onların cinsi, yașı, əvvəllər məhkum olunması, həbs edilməsinin hüquqi səbəbləri ve onlarla davranışa dair zərurət nəzərə alınmaqla ayrı-ayrı müəssisələrdə, yaxud eyni müəssisənin müxtəlif hissələrində saxlanılmalıdırlar.

Qeyd olunanlar nəzərə alınmaqla məruzədə qeyd edilib ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin əsasında ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər üçün nəzərdə tutulan ayrıca cəzaçəkmə müəssisələrinin yaradılması və təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq ehtiyatsızlıqdan cinayət törətmiş şəxslərin cəzasının həmin müəssisələrdə çəkilməsinin qanunvericiliklə təsbit edilməsi məqsədəmüvafiq hesab edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti