Prezident “Bakı Ürək Günləri”nin iştirakçılarına müraciət edib

   Prezident “Bakı Ürək Günləri”nin iştirakçılarına müraciət edib
  17 May 2025    Oxunub:386
Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
AzVision.az Azərbaycan Prezidentinin müraciətini təqdim edir.

Hörmətli Konqres iştirakçıları!

Sizi – Azərbaycan kardioloqlarını, kardiocərrahlarını və müxtəlif ölkələrdən respublikamızın paytaxtına gəlmiş alimləri “Bakı Ürək Günləri” IX Beynəlxalq Konqresinin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə insanların sağlamlığı naminə nəcib fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

Artıq ənənəvi şəkil almış Konqresin Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunması xüsusi məna daşıyır. Ulu Öndər bütün fəaliyyəti boyu ölkəmizin səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi və yüksək standartlar səviyyəsində qurulması işinə dəyərli töhfələr vermişdir. Ötən müddətdə atılan mütərəqqi addımlar sayəsində Azərbaycan səhiyyəsi nailiyyətlərlə dolu bir yol keçmişdir.

İndi ölkəmizdə təbabətin müxtəlif sahələrinin inkişafı, o cümlədən kardiologiya elminin son yeniliklərindən bəhrələnməklə ürək-damar xəstəliklərinin ən müasir cərrahi üsullarla müalicəsi üçün lazımi şərait vardır. Dünyanın məşhur ürək mərkəzlərində aparılan mürəkkəb əməliyyatların yerli mütəxəssislərimiz tərəfindən uğurla gerçəkləşdirilməsi sevindirici haldır.

Təbabətin yeni müalicə üsulları və texnologiyalarının Azərbaycanda tətbiqi baxımından bu Konqres özünəməxsus rolu ilə seçilir. Mötəbər beynəlxalq tibb qurumlarını təmsil edən tanınmış kardioloq alim və cərrahların iştirakı mühüm elmi və praktiki əhəmiyyətə malik tədbirinizin böyük nüfuzunun göstəricisidir.

Ümidvaram ki, kardiologiyanın və ürək-damar cərrahiyyəsinin aktual məsələlərinin Konqresdə geniş müzakirəsi həkimlərimizin öz xarici həmkarları ilə əlaqələrini daha da möhkəmləndirəcək, beynəlxalq təcrübədən qarşılıqlı faydalanmaqla bütövlükdə tibb elminin inkişafına xidmət edəcəkdir.

Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2025-ci il

AzVision.az


Teqlər: Prezident   Konqres   müraciət  





Xəbər lenti