Erkin Qədirovun hüquqi jonqlyorluğu - TAM VERSİYA

Erkin Qədirovun hüquqi jonqlyorluğu - TAM VERSİYA
  27 Aprel 2013    Oxunub:5721
Rövşən İsmayılov
Hüquq elmi üzrə p.h.d.

Ön söz

Bu yazıda bəzi hüquqşünasların, xüsusilə də Erkin Qədirovun son zamanlar yayılan “postreferendum” mövzusu ətrafında fikirlərini, onun bəzi konstitusiya normalarından doğan müxtəlif dəyərlərin məzmunu və onların 2009-cu ildə referendum yolu ilə dəyişdirilmiş Konstitusiyanın 101.5-ci maddəsinin köhnə redaksiyasına proyeksiyası haqqında mülahizələrini dəyərləndirməyə çalışacağıq. Belə ki, həmin mülahizələrdə hazırkı dövlət başçısının 2013-cü ilin prezident seçkisində iştirak edə bilməməsi əsaslandırılmağa çalışılır və bu məqsədlə iki məqam qabardılır.

Birincisi, iddia olunur ki, “Azərbaycan Konstitusiyasına dəyişikliklərin edilməsi barədə Milli Məclisin təklifləri ilə bağlı rəyin verilməsi” barədə qərarı qəbul edən Konstitusiya Məhkəməsinin tərkibi legitim olmamışdır. Belə ki, 2008-ci il iyulun 14-ü üçün məhkəmənin 9 hakimindən 6-sının səlahiyyət müddəti başa çatmışdı. Bu hakimlər 2004-cü ildə qəbul olunmuş “Konstitusiya Məhkəməsi Haqqında” yeni qanunun 79.2-ci maddəsinə uyğun olaraq ikinci müddətə təyin oluna bilərdilər. Lakin həmin tarixə səlahiyyət müddəti bitmiş hakimlərin vəzifəsinə heç kim təyin olunmamışdı. Bunun əvəzində “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 79.1-ci maddəsinə iki cümlə əlavə edilmişdi. Həmin əlavəyə görə, Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.

Müəllifin fikrincə, bu düzəliş Konstitusiya Məhkəməsinin tərkibini legitimləşdirə bilməz. Çünki səlahiyyət müddəti bitmiş hakimin öz səlahiyyətlərini icra etməsi yalnız bir halda legitim ola bilər: səlahiyyət müddəti bitənədək başladığı məhkəmə işinin hakim tərəfindən yekunlaşdırılması. Nəticədə, Erkin Qədirovun fikrincə, “qeyri-legitim” Məhkəmənin referendum barədə qəbul etdiyi qərar referendumun özünün legitimliyini şübhə altına qoyur.

İkincisi, iddia olunur ki, hazırkı dövlət başçısı 2013-cü ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürə bilməz. Bu zaman müəllif bəzi beynəlxalq və milli məhkəmələrdə tətbiq olunan “legitim gözləntilər” prinsipinə istinad edərək yazır ki, Konstitusiyanın 149.7-ci maddəsinə görə, subyektin hüquqi vəziyyətini yaxşılaşdırmağı nəzərdə tutan normativ aktların geriyə qüvvəsi Konstitusiyanın 2009-cu il referendumu ilə dəyişdirilməyən 101.5-ci madəsinin köhnə redaksiyasına tətbiq oluna bilməz.

Bu səbədən müəllifin təhlilinin ardıcıllığına və əsaslılığına və nəticə olaraq yekun müddəalarına şübhə ilə yanaşıram.

Konstitusiya Məhkəməsinin legitimliyi barədə

2008-ci ilin iyulun 4-də Milli Məclisin iclasında “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Haqqında” qanunun 79.1-ci maddəsinə belə bir əlavə edilmişdir: “Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyət müddətinin bitdiyi gün Konstitusiya Məhkəməsinə yeni hakimlər təyin olunmadıqda, onlar səlahiyyətlərinin icrasını davam etdirirlər. Bu halda onların səlahiyyət müddəti Konstitusiya Məhkəməsinə yeni hakimlərin (sayından asılı olmayaraq) təyin olunduğu gündən bitmiş hesab olunur.”Qanuna dəyişiklik 2008-ci il iyulun 12-də Konstitusiya Məhkəməsinin 6 üzvünün səlahiyyət müddətinin başa çatmasına 2 gün qalmış qüvvəyə minmişdir.

Bu dəyişikliyi qəbul edəndə qanunverici orqan təbii olaraq bilirdi ki, Konstitusiya Məhkəməsinin 9 üzvündən 6-nın səlahiyyət müddəti başa çatmaq üzrədir və ilk növbədə Konstitusiya Məhkəməsinin fəaliyyətinin fasiləsizliyi prinsipindən çıxış edirdi. Məsələ ondadır ki, “Konstitusiya Məhkəməsi” haqqında qanunun 6.6-cı maddəsinə görə, Konstitusiya Məhkəməsi Plenumunun iclası azı 6 hakim iştirak etdikdə səlahiyyətlidir. 6 hakimin eyni vaxtda səlahiyyətinin bitməsi, üstəgəl yenilərinin təyin olunmaması və ya bir səlahiyyət müddətini işləmiş hakimin yenidən təyin olunmaması faktiki konstitusion orqanın disfunksiyasına və müvafiq mənfi nəticələrə gətirib çıxara bilərdi. Bu baxımdan, hər bir ölkənin konstitusion qaydasında Konstitusiya Məhkəməsinin əhəmiyyətli rolunu qeyd etmək lazımdır.

Qeyd etmək lazımdır ki, Konstitusiya ədliyyə orqanlarına hakimlərin təyinatı kifayət qədər mürəkkəb prosesdir. Həmin hakimlərin üzərinə böyük səlahiyyət düşdüyündən, onlar ən peşəkar və layiqli hüquqşünasların arasından seçilməlidirlər. Yəni onlara aid tələblərə uyğun hüquqşünasları seçmək o qədər də sadə məsələ deyil.

Bir sıra ölkələrin konstitusion pratikasında belədir ki, Konstitusiya Məhkəməsinin tərkibi qanunverilcilikdə göstərilən zaman keçdikcə hissə-hissə dəyişdirilir. Bunda məqsəd ilk növbədə həmin orqanın fəaliyyətinin davamlığını, fasiləsizliyini təmin etməkdir.

Məsələn, Fransada hər 3 ildən bir Konstitusiya Şurasının tərkibinin 1/3-i dəyişir. Konstitusiya Şurasının birinci tərkibdə rotasiya mexanizmini işə salmaq məqsədilə məhkəmənin 3 hakimi 9 illiyə, 3-ü 6 illiyə, 3-ü isə 3 illiyə təyin olunmuşdular. Bir sıra digər ölkələrdə də oxşar qayda var.

Amma bir sıra dövlətlərdə, o cümlədən də Azərbaycanda qanunvericilikdə belə müddəalar nəzərdə tutlmamışdır. Nəticədə eyni vaxtda bir neçə hakimin səlahiyyət müddəti bitdikdə müvafiq qanunvericilik tədbirləri görülməsə, məhkəmənin fəaliyyəti sadəcə, dayana bilər. Ona görə də 2008-ci ilin iyulunda Konstitusiya Məhkəməsinin tərkibinin 2/3-nin səlahiyyət müddəti başa çatanda “Konstitusiya Məhkəməsi Haqqında” qanunun 79.1 maddəsinə dəyişiklik etmək bu orqanın fəaliyyətinin davamlığını təmin etmək baxımından zəruri idi.

Onu da qeyd edək ki, Erkin Qədirovun səlahiyyət müddəti bitmiş hakimin öz səlahiyyətini icra etməsi yalnız səlahiyyət müddəti bitənədək başladığı işin baxılması halında və həmin iş başa çatanadək mümkündür iddiası beynəlxalq və xarici təcrübədə təsdiqlənmir. Belə ki, BMT-nin Beynəlxlaq Məhkəməsinin Statutunun və Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq olaraq 13 və 23-cü maddələrinə görə, hakimlər əvəzlənənə qədər öz postlarında qalırlar. Bununla yanaşı, əvəzlənəndən sonra da yarımçıq qalan işlərini sona çatdırana qədər işləyirlər.

Beləliklə, göstərilən beynəlxalq sənədlərə əsasən hətta səlahiyyət müddətləri başa çatmış olduqda belə, nə qədər ki hakimlər əvəzlənməyib, onların legitimliyi heç bir mübahisə doğurmur. Bunu müvafiq normaların tətbiqi praktikası da təsdiqəyir. Məsələn, 2008-ci ildə Xanlar Hacıyevin ikinci dəfə Avropa İnsan Haqları Məhkəməsinə seçilməsinə qədər yaranmış vəziyyəti yada salmaq yerinə düşər. Baxmayaraq ki, onun səlahiyyət müddəti 2007-ci ilin oktyabrın 31-də başa çatmışdı, o, ikinci dəfə seçilənə qədər öz vəzifəsində qalmaqda davam edirdi.
Yaxud, eyni məhkəmənin hakimi Butkeviçlə bağlı vəziyəti də analoji idi. 2007-ci il oktyabrın 31-də səlahiyyət müddətinin başa çatmasına baxmayaraq o da, ikinci dəfə seçilənə qədər, yəni 2008-ci ilin noyabrına qədər vəzifəsinin icrasına davam etmişdi.

Beynəlxalq normalara oxşar normalar bir sıra ölkələrin konstitusion ədliyyə orqanları barədə qanunvericiliyində də rast gəlinir. Məsələn, Latviyanın Konstitusiya Məhkəməsi haqqında Qanununun 11.3-cü maddəsinə görə, “Əgər Saeyma Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti bitən və ya həmin qanunun 8-ci maddəsinin 1-ci hissəsində göstərilən yaş həddinə çatan hakiminin yerinə başqa hakimi təyin etməyibsə, onun səlahiyyət müddəti yerinə başqa hakim təyin olunana qədər uzadılır”. Oxşar normalar digər ölkələrin (Albaniya, Macarıstan, Litva və s.) qanunvericiliyində də var.

Eyni zamanda, qeyd eləmək lazımdır ki, Avropa Məhkəməsində hətta hakimin səlahiyyət müddəti başa çatandan və yenisi təyin olunandan sonra belə, yeni hakim şəraitə uyğunlaşana qədər köhnənin təkcə yarımçıq yox, hə də digər işlərlə məşğul olmasına icazə verilir. Bu, Avropa Şurasının Parlament Assambleyasının 1646 saylı qətnaməsində (2009-cu il) əksini tapmışdır (Qətnamə İnsan Haqları Üzrə Avrpa Məhkəməsinə namizədlərin irəli sürülməsi və hakimlərin təyin olunması ilə bağlıdır).

Beləliklə, 2008-ci ilin yayında Azərbaycan qanunvericisi Məhkəmənin fəaliyyətinin fasiləsizliyi prinsipindən çıxış edərək 6 hakimin səlahiyət müddətinin başa çatması anında yeganə doğru qərarı vermişdi. Bu çox vacib məqamdır. Çünki, “Konstitusiya Məhkəməsi Haqqında” Qanunun 79.1-ci maddəsinə edilən dəyişikliyin iyulun 12-də, yəni 6 hakimin səlahiyyət müddətinin başa çatmasına 2 gün qalmış qüvvəyə minməsi məhkəmənin tərkibi yeniləşənə qədər onun legitimliyini təmin etmişdi.

Konstitusiyanın 101.5-ci maddəsi

2009-cu ildə keçirilən referendumla Konstitusiyanın Azərbaycan Respublikası vətəndaşının Prezident vəzifəsinə dalbadal iki dəfədən artıq seçilə bilməməsini nəzərdə tutan 101.5-ci maddəsi dəyişdirildi və nəticədə həmin qadağa aradan qaldırıldı. Erkin Qədirovun fikrincə, bu maddənin köhnə redaksiyası hazırkı dövlət başçısına münasibətdə qüvvədə qalmaqda davam edir və ona görə də, o, 2013-cü il Prezident seçkilərində namizəd qismində iştirak edə bilməz. E.Qədirov mülahizələrini iki məqamla əsaslandırılmağa çalışılır: Legitim gözləntilər prinsipi və 101.5-ci maddənin köhnə redaksiyasına münasibətdə Konstitusiyanın 149.7-ci maddəsinin tətbiq edilə bilməməsi.

Bu, doğrudanmı belədir? Bu suala cavab vermək üçün ilk növbədə hüquqi gözləntilər prinsipinin məzmununu aydınlaşdırmaq və onun bu kontekstdə tətbiq edilməsi imkanlarına nəzər salmaq lazımdır.

Bir sıra beynəlxalq və milli məhkəmələrin təcrübəsində tətbiq olunan Legitim gözləntilər prinsipi Avropa Birliyi hüququnun əsas fundamental prinsiplərindən biridir. Lakin o, Avropa Ədalət Məhkəməsin praktikasında yerini tapana qədər xeyli vaxt keçib. Bu prinsip öz kökləri ilə Alman inzibati hüququna gedib çıxır və etimadın qorunmasını nəzərdə tutan “Vertrauensschutz” konsepsiyası ilə bağlıdır.

1961-ci ildə Almaniyanın Federal Konstitusiya Məhkəməsi bildirir ki, mülki hüquq sahəsində retroaktiv qanunların qəbuluna yasaq qoyulması vətəndaşların hakimiyyət orqanlarına etimadın və onların legitim gözləntilərinin qorunması zəruriliyi ilə bağlıdır. Lakin bu halda söhbət mülki hüquqda retroaktivliyin tam yasaqlanmasından getmir. Söhbət dəyişmiş qanunun köhnə müddəalarının icrası ilə bağlı fərdlərdə yarana biləcək gözləntilərin qorunmasından gedir. Qanunun dönməzliyi və legitim gözləntilərin qorunması prinsipləri arasındakı bu cür əlaqəni Avropa Ədalət Məhkəməsi hüququnda da görmək olar. Lakin burada da söhbət fərdlər üçün mənfi nəticələri olan qanunun retroaktivliyindən gedir.

Avropa Ədalət Məhkəməsinin praktikasında “Vertrauensschutz” termini əvvəlcə “hüquqi etimadın qorunması” («protection of legitimate confidence») kimi tərcümə edilmişdi ki, bu da alman ekvivalentinə xeyli dərəcədə uyğundur. Lakin bu tərcümə variantının çaşqınlıq yarada biləcəyi nəzərə alınaraq, «legitimate expectations» - legitim gözləntilər termini tətbiq olunmağa başladı və geniş yayıldı. Avropa Ədalət Məhkəməsində o, ilk dəfə 1973-cü ildə “Staff Salaries”işində tətbiq olunmuşdu.

Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, inzibati orqanlar vətəndaşlarda normativ aktların qəbulu, konkret məsələlərin həllində inzibati praktikanın oturuşması, eləcə də konkret tədbirlərin görülüb-görülməməsi ilə əlaqədar inzibati orqanların açıq aydın vədləri ilə bağlı yaranan gözləntiləri pozmamalıdır. Belə vədlərin yerinə yetirilməməsi fərdə ziyan vurmuşsa, bu, həmin prinsipin pozulması hesab oluna bilər. Prinsipin önəminə və geniş tətbiqinə baxmayaraq, o, mütləq deyil və onun tətbiqi hədləri var. Bu prinsip yalnız Avropa Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində deyil, həm də bir sıra milli məhkəmələrdə də inzibati orqanların fəaliyyəti/fəaliyyətsizliyi nəticəsində fərdlərə dəyən maddi (əmlak) zərər ilə bağlı hallarda tətbiq olunur. Bundan əlavə, gözləntilərin legitimliyinin tanınması üçün onlar həm də əsaslandırılmış olmalı və gözləntinin pozulması nəticəsində dəyən zərər aşkar görünməlidir.


Erkin Qədirov iddia edir ki, seçkiqabağı kampaniya zamanı nə prezident, nə də onun yaxın ətrafı 101.5-ci maddədə göstərilən məhdudiyyətin gələcəkdə dəyişdirilməsi planı barədə seçiciləri məlumatlandırmamışlar. Seçicilər isə, onun fikrincə, “İlham Əliyevə səs verəndə həmin maddədəki məhdudiyyətdən irəli gələn gözləntilərin daşıyıcısı olmuşlar. Bundan başqa, İlham Əliyev konstitusiyaya and içərkən həm də dalbadal iki dəfədən çox seçilməmək məhdudiyyətini tanımış olub”.

Bu zaman müəllifin də qeyd etdiyi kimi, Konstitusiyanın dəyişdiriləcəyi ilə bağlı heç bir açıq bəyanat səsləndirilməmişdir. Müəyyən gözləntilər o zaman meydana gələ bilərdi ki, hansısa siyasi qüvvə seçkiqabağı dönəmdə Konstitusiyanın dəyişdirilib dəyişdirilməyəcəyi ilə bağlı açıq bəyanat vermiş olsun. Lakin belə gözləntiləri əsaslandırılmış hesab etmək olmaz. Tutaq ki, prezident və ya parlament seçkilərində iştirak edən hansısa siyasi partiya lideri seçkiyə qatılarkən müəyyən vədlər verirsə, məsələn, seçiləcəyi təqdirdə özünün səlahiyyət müddətinin azaldılacağı, əlavə dəyər vergisinin azaldılacağı barədə vədlər verirsə və sonra həmin vədləri yerinə yetirmirsə, onda həmin vədlər əsasında yaranan gözləntiləri çətin ki, legitim saymaq olar. Hərçənd, bir daha təkrarlayaq ki, 2008-ci ildə seçki ərəfəsində heç kim Konstitusiyaya dəyişiklik edilib/edilməməsi barədə heç bir vəd verməmişdi. Dəqiq və aydın şəkildə ifadə olunmuş vədlərin olmadığı təqdirdə, söhbət gözləntilərdən yox, ümidlərdən gedə bilər. Ümidlər isə legitim gözləntilər konsepsiyası ilə əhatə olunmur.

Əgər hətta təsəvvür etsək ki, ümidlər də legitim gözləntilər prinsipi ilə müdafiə oluna bilər, bu gözləntinin pozulub-pozulmadığını, eləcə də bu prinsipin pozulması nəticəsində potensial qurbanı müəyyən etmək üçün hansı seçicidə hansı ümidin yarandığını dəqiqləşdirmək praktik baxımdan real deyil. Görünür, elə buna görə də legitim gözləntilər prinsipinin geniş tətbiq edildiyi ölkələrdə bu prinsip Konstitusiyaya dəyişikliklərə münasibətdə tətbiq edilmir.

Konstitusiyaya dəyişikliklərin ümumxalq səsverməsilə qəbul edildiyi hallarda prinsipin tətbiqi daha da problemlidir. Əgər dəyişiklik son nəticədə referendumla təsdiqlənirsə, hətta seçicidə hansısa ümidlər var idisə belə, onlar özləri öz səslərilə həmin ümidlərdən imtina etmişlər. Bununla bağlı qeyd etmək lazımdır ki, legitim gözləntilər dövlətlər (dövlət orqanları) və fərdlər arasındakı münasibətlərdə yarana bilər, amma referendumun subyekti olan xalqla fərd arasında yox.

101.5-ci maddənin dəyişdirilməsi ilə bağlı legitim gözləntilərin yaranması üçün seçiləndən sonra Prezidentin bəyan etdiyi andın əhəmiyyətinə gəlincə qeyd etmək lazımdır ki, andın məzmunu (vədlər) onu deməyə əsas verir ki, öz səlahiyyətlərinin icrasına başlayan seçilmiş Prezident Konstitusiyaya riayət edəcəyinə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə and içir. Lakin heç bir halda Konstitusiyaya dəyişiklik edilməsi təçəbbüsü ilə çıxış edib/etməyəcəyi barədə prinsipcə heç bir vəd (and) vermir. Əks halda onun müvafiq konstuitusion səlahiyyətləri mənasız olardı.

Konstitusiyanın 149.7–ci maddəsinin təhlilinə keçərkən Erkin Qədirov Konstitusiyanın qəbulu tarixinə (drafting history), daha dəqiq desək, Konstitusiyanın Keçid müddəalarının 3-cü bəndinə istinad edir. Həmin bəndə görə, Konstitusiyanın 101.5-ci maddəsinin qüvvəsi bu Konstitusiyaya qəbul ediləndən sonra seçilən Prezidentə şamil olunur. Erkin Qədirovun düzgün olaraq göstərdiyi kimi bu müddəa 101.5-ci maddənin perspektiv qüvvəsini müəyyən edir. Daha sonra, Erkin Qədirov iddia edir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətinin yaxşılaşdığı hallarda normativ hüquqi aktların retroaktivliyini nəzərdə tutan 149.7-ci maddə sözügedən hala tətbiq edilə bilməz. Bu zaman göstərilir ki, 101.5-ci maddədə əvvəllər nəzərdə tutulan məhdudiyyətin götürülməsi ilə vəziyyət yaxşılaşmır. Çünki, prezident səlahiyyətlərinin icrası ağır məsuliyyətdir.

Bu fikirlə razılaşmaq olarmı? O, nə qədər əsaslıdır?

Hesab edirəm ki, bu halda 149.7-ci maddə tətbiq oluna bilər. Müəllifin prezident vəzifəsinin icrasının mürəkkəb və məsuliyyətli olması barədə fikirləri isə düzgün olsa da, onların bu məsələyə aidiyyatı yoxdur. Konstitusiyanın bu maddəsində “hüquqi vəziyyətin yaxşılaşması” deyiləndə, hüquq və azadlıqlara əvvəllər qoyulmuş məhdudiyyətlərin ləğv edilməsi, əvvəllər müəyyən edilmiş öhdəliklərdən azad edilmə, əvvəllər verilməyən hüquqların verilməsi başa düşülməlidir. 101.5-ci maddədə əvvəllər nəzərdə tutulan məhdudiyyətin ləğv edilməsi ölkə vətəndaşlarına Prezident vəzifəsinə iki dəfə dalbadal seçiləndən sonra, əvvəllər nəzərdə tutulmayan üçüncü dəfə də namizədliyini irəli sürmək hüququ verir.

Erkin Qədirov həmçinin Konstitusiyanın qəbulu tarixinə müraciət edərək, xüsusilə, Keçid müddəalarının 3-cü bəndinə istinad edərək, hüquq normalarının dönməzliyi (retroaktivliyin qadağan olunması) məsələsinə toxunur. Bu isə, daha ümumi xarakter daşıyan hüquq normalarının zamana görə qüvvəsi probleminin tərkib hissəsidir. Hesab edirəm ki, Konstitusiyanın qəbulu tarixinə istinad edərək, 2009-cu ildə 101.5-ci maddəyə dəyişiklik edən zaman fəaliyyətdə olan dövlət başçısının 2013-cü il seçkilərində də iştirak etməsinə imkan yaradacaq müvafiq qeyd-şərtlərin mütləq qaydada edilməli olduğu barədə fikir söyləmək düzgün deyildir.

Qanunun geriyə qüvvəsinin olmaması hamı tərəfindən qəbul edilmiş bir prinsipdir. Lakin onun məzmunu və müvafiq olaraq qüvvədə olma hüdudları tarixən müxtəlif cür şərh olunmuşdur. XIX əsrin əvvəllərində “əldə olunmuş hüquqlar” (acquried rights) nəzəriyyəsi hakim idi. Bu nəzəriyyə indi də müəyyən populyarlığa malikdir. Qanunun geriyə qüvvəsi məsələsinə münasibətdə bu nəzəriyyə faktiki olaraq yalnız qanunun perspektiv qüvvəsini tanıyırdı. Buna cavab olaraq XIX əsrin ikinci yarısında “keçid vəziyyətləri nəzəriyyəsi” irəli sürülmüşdür və bu nəzəriyyə zamana görə qüvvənin əsas qaydası kimi qanunun dərhal qüvvəyə minməsini nəzərdə tuturdu. Sonuncu nəzəriyyənin meydana gəlməsinin səbəblərindən biri “əldə edilmiş hüquqlar” anlayışının konseptuallaşdırılmasının çətinliyi ilə bağlı idi. Bu nəzəriyyə çərçivəsində hüquqi vəziyyətlər və onların nəticələri keçmişə (facta praeterita), indiyə (pendentia) və gələcəyə (futura) aid faktlar kimi nəzərdən keçirilirdi. Buna uyğun olaraq, yeni qanunun tətbiqi retroaktiv (effet rétroactif), dərhal (effet immédiat), perspektiv qüvvəyə malik ola bilər. Sonuncu bəzən köhnə qanunun müvəqqəti olaraq qüvvədə qalması (effet différé, survie de la loi ancienne) kimi də adlandırılır.

Bu nəzəriyyənin gətirdiyi yeniliklərdən biri də rektoaktivliyin dar çərçivədə başa düşülməsi olmuşdur. Yəni o, oturuşmuş situasiyalara (established situations), başqa sözlə yeni qanun qüvvəyə minənə qədər tam başa çatmış münasibətlərə və faktlara münasibətdə tətbiq olunur. Birinci ilə bağlı olan digər yenilik isə, qanunun dərhal qüvvəyə minməsi anlayışı oldu ki, bu termin yeni qanunun qüvvəsinin artıq başlanmış, amma qanun qüvvəyə minən ana qədər hələ başa çatmamış münasibətlərə tətbiqini nəzərdə tutur.

Bu nəzəri konstruksiyalar bir çox dövlətlərin praktikasında geniş tətbiq olunur. Məsələn, Almaniyanın Federal Konstitusiya məhkəməsi həqiqi rektoaktivlik (echte Rückwirkung) və yalançı rektoaktivlik (unechte Rückwirkung) anlayışlarını fərqləndirir. Sonuncusu həm də rektospektivlik adlanır və qanunun dərhal qüvvəyə minməsi ilə assosiasiya olunur (Sofortwirkung).

Bu fərqləndirmə qanunun dərhal qüvvəyə minməsi qaydasının zamana görə qüvvənin əsas qaydası kimi tanınması nəticəsində mümkün olmuşdur. Lakin qanunun dərhal qüvvəyə minməsi qaydası əsl retroaktivlik hallarında, eləcə də qanununu perspektivdə qüvvəyə mindiyi hallarda (yəni qanunun yalnız gələcəyə tətbiq olunacağı barədə parlamentin xüsusi qeyd-şərt müəyyən etdiyi hallarda) tətbiq oluna bilmir. Yəni qanun qüvvəyə mindiyi tarixdə başa çatmamış hüquqi münasibətlər yeni qanunun olmasına baxmayaraq, köhnə qanunvericilik qaydaları ilə tənzim olunacaq.

Qanunun dərhal qüvvəyə minməsinin - normaların zamana görə qüvvəsinin başlıca qaydası kimi tanınması və bunun nəticəsi olaraq retroaktivlik/rektospektivlik anlayışları cütlüyünün mövcudluğu praktiki olaraq bütün Avropa ölkələri (düzdür, bəzən retroaktivlik/rektospektivlik anlayışları fərqli terminlərlə ifadə olunur ki, bu da müxtəlif dillərə tərcümənin mürəkkəbliyi ilə bağlıdır) və Avropa Ədalət Məhkəməsinin təcrübəsi üçün xarakterikdir. Məsələn, Türkiyədə “gerçək geriyə yürümə” və “gerçək olmayan geriyə yürümə” anlayışlarından istifadə olunur. Türkiyə Konstitusiya Məhkəməsinin praktikası bu kateqoriyaların məzmunundakı müvafiq fərqi təsdiqləyir.

Sovet və postsovet hüquq ədəbiyyatında da həmçinin, qanunun dərhal qüvvəyə minməsi və retroaktiv qüvvəsini fərqləndirmək zərurəti barədə fikirlər səslənmişdir (yeni qanunun qəbul edilməsinə qədər yaranmış hüquq münasibətlərinin başa çatıb-çatmamasından asılı olaraq).

Suveren Azərbaycanda da normaların zamana görə qüvvəsinin qaydalarından biri qanunun dərhal qüvvəyə minməsidir. Lakin qanunverici xüsusi qeyd-şərt vasitəsilə onu perspektiv qüvvəyə çevirə bilər. Baxdığımız məsələnin konteksində ən bariz nümunə kimi Keçid müddəalarının 3-cü bəndini göstərə bilərik. Bu bənd olmasa idi, Konstitusiyanın 101.5-ci maddəsinin ilkin redaksiyasında nəzərdə tutlan qayda Konstitusiya qüvvəyə minənə qədər başlamış, lakin başa çatmamış münasibətlərə şamil ediləcəkdi. Belə ki, Konstitusiyanın qüvvəyə mindiyi anda Azərbaycanda bəzi şəxslər artıq bir dəfə prezident vəzifəsinə seçilmişdilər. Beləliklə, bu şəxslərə münasibətdə 101.5-ci maddənin köhnə redaksiyası ilə tənzim olunan münasibətlər 1995-ci ilə qədər başlamışdır. Bu normanın məzmununa görə hüquqi münasibətlərin başlanğıc nöqtəsi kimi birinci dəfə seçilmə faktı, son yekun nöqtəsi kimi isə ikinci dəfə seçilmə faktı götürülür.

Bu halda qeyri-real retroaktivlik (retrospektivlik) adlanan vəziyyət yaranır. Ona görə də, əgər qanunverici orqan istəsəydi ki, müvafiq norma artıq başlamış, lakin hələ baş çatmamış hüquqi münasibətlərə şamil olunmasın, bunu xüsusi olaraq göstərməli idi. Keçid müddəalarının 3-cü bəndində də elə bu edilmişdi.

Hazırkı dövlət başçısı ilə bağlı vəziyyət bu baxımdan köklü şəkildə fərqlənir. O mənada ki, əvvəllər 101.5-ci maddədə nəzərdə tutulan məhdudiyyəti aradan qaldıran normanın qüvvəyə minməsinə qədər, o, artıq iki dəfə prezident vəzifəsinə seçilmişdi. Yəni müvafiq münasibətlər başlamış və artıq başa çatmışdı, ona görə də burda söhbət retrospektivlikdən yox, retroaktivlikdən gedir. Yəni bu münasibətlərə yeni normanın qüvvəsinin tətbiqi yalnız o halda mümkün deyil ki, bu, normanın tətbiqi fərdin hüquqi vəziyyətinin pisləşməsinə gətirib çıxarsın, başqa sözlə, onun üzərinə yeni, əvvəllər mövcud olmayan vəzifələr qoyulsun, yaxud o, əvvəl malik olduğu hüquqlarından məhrum edilsin. Lakin bu halda vəziyyət tam əksinədir və Erkin Qədirovun də düzgün olaraq göstərdiyi kimi dövlət başçısının müvafiq dövlət orqanları ilə (seçki komissiyaları) gələcəkdəki mümkün hüquqi münasibətlərində hüquqi vəziyyəti heç şübhəsiz yaxşılaşmışdır – belə ki, o, yeni normanın qüvvəyə minməsi ilə əvvəllər malik olmadığı bir hüquq əldə edir. Bu zaman Konstitusiyanın 149.7-ci maddəsində təsbit olunan konstitusion prinsipdən çıxış edərək, bu cür yaxşılaşdırıcı geriyə qüvvəni xüsusi olaraq qeyd etmək tələb olunmur.

Beləliklə, Erkin Qədirovun 101.5-ci maddəyə münasibətdə 149.7-ci maddənin tətbiq edilə bilməməsi fikri doğru deyildir. Hazırkı dövlət başçısı 149.7 maddənin imperativinə görə qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürə bilər. Çünki 2009-cu ildə keçirilən referendumda Konstitusiyanın 101.5-ci maddəsindəki məhdudiyyətlərin aradan qaldırılması onun hüquqi vəziyyətini yaxşılaşdırmışdır.



Teqlər:  





Xəbər lenti