Amerikanı müsəlmanlar kəşf etsəydi…
1492-ci ilin oktyabrı… “Ninya”, “Pinta” və “Santa-Mariya” adlı üç gəmi indiyə qədər Avropa adamı üçün naməlum olan sahillərə yan alırlar. Qayıqlar suya salınır, kapitan və daha bir neçə nəfər üç aydan sonra nəhayət ki, ayaqlarını torpağa qoyurlar. Burada onları artıq qədim sivilizasiyanın nümayəndələri gözləyirdi…
Başında əmmamə, əynində ehramiyyə olan saqqalı bir qoca – o, deyəsən, mayya qövmünün üləmalarından idi,- üç addım qabağa çıxıb, ispanlara bu sözlərlə xitab edir:
- La hövlə vəla qüdrətən illa billahil əliyyül əzim! Ey yadelli, inmisən, cinmisən? Darül-hərbdən gəlmisən, yoxsa darüs-salamdan? Kimin ümmətisən?
Kolumb təəccüblə çiynini çəkib, ətrafındakılara baxır… Eşitdiyi sözlərin bəziləri ona tanış olsa da (müsəlman ölkələrindən gələn tacirlərdən duymuşdu), söhbətin nədən getdiyinə, Ərdoğanın sözü olmasın, `Fransız qalmışdı`.
- Əgər tacirsənsə, bizim dinimiz ticarəti müstəhəb buyurur.- Mayya üləması sözünə davam etdi. - Zira peyğəmbərimiz salavatullah da cavanlığında tacir olmuşdu. Amma pis niyyətlə gəlmisənsə, müqəddəs kitabımız Quranda yazılıb ki, sizinlə savaşanlarla siz də savaşın!
Kolumb bilirdi ki, Hindistana çatanda yerli əhalinin dilini anlamayacaq. Ona görə də, əvvəlcədən hind dilində bəzi kəlmələri öyrənmişdi. Cibindən sürtülüb yeyilmiş qara dəftərçəsini çıxarıb, çətinliklə oxumağa başladı:
- Ci nahi, nahi bolta… Apkya kya nam hay?
Bu sözləri eşidəndə ağsaqqal mayya nəyə görəsə hirslənib, əsasını yerə vurdu:
- Min şərril vəsvasil xənnas! Sən cin dilindəmi danışırsan? Yoxsa təğyiri-libas olmuş şeytansan, ey yadelli?!
Don Xristofor gördü ki, məsələ ərəbcədir və söhbətin axarını dəyişmək üçün, qərara gəldi ki, ticarət üçün gəldiklərini yerli sakinlərə başa salsın. Boynundan xaçı açıb, qabağındakı əmmaməli qocaya uzatdı. Bunu görəndə qocanın eyni açıldı:
- Həəə.. zünnar… Demək, İsa ümmətisən, əhli-kitabsan.Bəs bunu bayaqdan desənə… Xoş gəlmisiniz, buyurun, gedək…
Qoca əli ilə qonaqlara yol göstərib, özü də əlindəki təsbehi şaqqıldada-şaqqıldada onların böyrüncə addımlamağa başladı.
- Mənim adım Aynukəlb Vəliyullahdır, mayya tayfasının qazisiyəm. Adımın mənası “it gözü” deməkdir, dəyişib Allahın sevdiyi dilə münasib qoymuşuq. Biz dədə-babadan Ketsalkoatla inanardıq, ulu əcdadlarımız onlar üçün piramida da tikmişdilər. Yüz il əvvəl bura müsəlmanlar gəldilər, deyəsən, səlcuqlar. Bizə islamı qəbul etdirdilər. Hamımızı tutub, qılıncla sünnət etdilər… Olduq qılınc müsəlmanı.
Bu zaman haradansa azan səsi ucaldı. Kolumbun diksinib ətrafa boylandığını görən qoca gülümsündü:
- Qorxma, bizim kəndin məscididir. Ən böyüyünü də bir cəzirə var, orada tikmişik. Yəqin, gələndə görmüsən…
…Bəli, Kolumb görmüşdü. Və gördüyünü özünün məşhur qara dəftərçəsinə də yazmışdı: “Bir dağ gördüm, dağın üstündə məscid var idi…” Amma xain islam düşmənləri və əli hər yerə girən yəhudilər o dəftəri tapıb məhv ediblər.
Əgər etməsiydilər, indi Amerika qitəsinin adı “Əl Cəzirətul-Kəbir” olacaqdı. “Silisium vadisi”ndə namaz qılan robotlar düzəldiləcəkdi; Keyti Perri başına hicab örtüb, “Səni çok seviyorum Allahım” oxuyacaqdı; Google axtarış sisteminin adı “Mən dakka dukka” (axtaran tapar) olacaqdı; Windows sistemi yüklənəndə avazla “Bismillah” oxunacaqdı; Neil Armstronq Aya uçanda orada Amerika bayrağının yerində ələm qaldıracaqdı, arxeoloq İndiana Cons isə Stiven Spilberqin kəskin süjetli macərə filmlərində xanım Fatimeyi Zəhranın yeri bilinməyən məzarını axtarıb tapacaqdı… Yox, elə yaxşı ki, Amerikanı müsəlmanlar kəşf eləməyiblər!