Arif Məlikov şikayətləndi: `Bizi saymırlar...`

Arif Məlikov şikayətləndi: `Bizi saymırlar...`
  13 Dekabr 2016    Oxunub:3283
“Bəstəkarlıqla məşğul olan insan gərək son nöqtəsinə qədər özünü musiqi yolunda fəda etsin”
Azərbaycan və SSRİ-nin xalq artisti, bəstəkar Arif Məlikov AzVision.az-ın əməkdaşı ilə hömsöhbət olub.

-Arif müəllim necəsiniz?

- Son vaxtlar özümü o qədər də yaxşı hiss etmirəm. Ona görə yalandan yaxşı deyə bilmərəm.

-Səhhətinizdə problem var, yoxsa kefiniz yoxdur?

-Səhhətimdə problem var. İki aya yaxındır dərman qəbul edirəm, amma heç bir təsiri yoxdur. İstəməzdim xəstəlikdən və problemlərdən danışaq...

-Hazırda hansı musiqi əsərləri üzərində çalışırsınız?

-Son vaxtlar fortepiano və orkestr üçün konsert yazıram. Həmçinin 9-cu sinfoniyam üzərində işləyirəm. Çatdıra bilsəm, ömür icazə versə, daha bir səhnə əsəri üzərində işləyirəm. Bu da “Yusif və Züleyxa” baletidir.

- Konservatoriyaya gedirsinizmi?

-Baxmayaraq ki, indi özümü yaxşı hiss etmirəm, amma işə gedirəm. İş elə bir prosesdir ki, onu buraxa bilmərəm. Tələbələrimlə daima əlaqəm var.

Nazim Hikmətin liberottosu əsasında yazdığınız “Məhəbbət əfsanəsi” baletinizin 55 ili tamam olur. Bu yaxınlarda Başqırdıstanda tamaşaya qoyulacaq. İllərdir ki, Rusiyanın və bir çox digər ölkələrin teatrlarının repertuarında xüsusi yer tutan bu əsəri biz niyə Azərbayacan səhnəsində görə bilmirik?

-Bu sual həm düzgün, həm də vaxtında verilmiş sualdır. Görün neçə ilərdir ki, əsərim dünya teatrlarının səhnəsini gəzir. Dünyada elə bir əsər yoxdur ki, bunun qədər dünya səhnəsində qoyulsun. Düz 60 dəfə “Məhəbbət əfsanəsi” baleti dünya teatrlarının səhnəsində olub. Heyif ki, Azərbaycan xalqı öz vətənimdə bu əsəri görə bilmir.

-Buna səbəb nədir? Maddi çətinlik, yoxsa başqa məsələlər var?

- Səbəblər bir-birinə bağladır. Ən böyük səbəb odur ki, bizim teatrımızın səviyyəsi istənilən səviyyədə deyil ki, Moskva, Praqa, Leninqrad , İstanbul, Ankara teatrları ilə müqayisə aparasan. Bu teatrlarda əsər 60 ildir ki, qoyulur.

Görünür, hansısa səbəbdən bizi saymırlar. Saysaydılar, bu əsər səhnəmizdə olardı.

-Nəinki, “Məhəbbət əfsanəsi” digər baletləriniz də Azərbaycan səhnəsində qoyulmayıb.

- Rusiyanın tanınmış böyük teatrlarında əsərin yenidən premyerası gedir. Marinski teatrı 1961-ci ildən indiyə qədər öz repertuarında “Məhəbbət əfsanəsi”ni saxlayır. Amma Azərbaycanda bu əsərlərin heç biri səhnələşdirilmədi.

Jurnalistlərimiz sual vermir ki, nə üçün bu əsər öz ana vətənimdə getmir. Bəsətəkar kimi SSRİ Xalq artistiyəm, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüyəm, onlarla medal və ordenlə təltif olunmuşam. Mənə bütün bunlardan çox əsərlərimin yaşaması lazımdır.

Amma istəməzdim ki, söhbətimizi narazı tonlarda davam etdirim. Bu qədər narazılığın içində xoşbəxt səhnələr də var. Bu səhnələr mənə qismət olub. Əsərlərim dünya səhnəsinə çıxıb və mən dünyanın bir çox ölkələrini öz əsərlərim sayəsində gəzmişəm.

- Bir zamanlar Qara Qarayev, Fikrət Əmirov, Elza İbarhimova, Emin Sabitoğlu kimi bəstəkarlarımız var idi. Bu gün Arif Məlikov var. Bəs sabah kim olacaq?

-Gənc nəsil konservatoriyada böyüyür. 1958-ci ildən bu günə kimi konservatoriyada dərs deyirəm. Musiqiçilər üzərində çalışırıq, yeni nəsil yetişdiririk. Azərbayacanın gələcəyini düşünürük. Əgər professor və bəstəkarlıq kafedrası olmasa, bəstəkarlar yetişməsə, Azərbayacan musiqisinin gələcəyi necə olar?

Çox talantlı uşaqlar olur. Bilirsən ki, gələcəyi böyük olacaq. Amma qayğı, kömək görməmələri onları sənətdən qıraqda çalışmağa məcbur edir. Bəstəkarlıqla məşğul olan insan gərək son nöqtəsinə qədər özünü musiqi yolunda fəda etsin.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:  





Xəbər lenti