Yaxın Şərqin bəlalarında erməni barmağı – TƏHLİL

Yaxın Şərqin bəlalarında erməni barmağı – TƏHLİL
  13 Dekabr 2017    Oxunub:5078
Səlibçilərin Yaxın Şərqdəki işğalları zamanı onlara kömək edən ermənilər, gözlədiklərinin əksinə, satqınlıqların müqabilində heç bir mükafat almadılar və hər zaman olduğu kimi, böyük güc tərəfindən istifadə olunduqdan sonra, kənara atıldılar. Çünki katolik səlibçilər əslində ermənilərə inanmırdılar. Birincisi, satqınlıqlarına, ikincisi isə, latınlara düşmən olan Bizansın köləsi olduqlarına görə.
Türklərin səlibçiləri Yaxın Şərqdən qovmasından sonra ermənilər yenidən türklərə yaltaqlanmağa başladılar. Onlar Osmanlı imperiyasının tərkibində bir neçə əsr əmin-amanlıq şəraitində yaşamağa davam etdilər. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının parçalanması, İngiltərə və Fransanın Yaxın Şərq üzərində mandat-protektorat sistemi yaratması yeni geosiyasi reallıqları ortaya çıxardı.

Ötən əsrin 50-60-cı illərində ərəb-israil müharibələri ilə əlaqədar olaraq, ermənilər Misir, Suriya və Livandan Küveyt, Qətər və Birləşmiş Ərərb Əmirliklərinə köç etməyə başladılar. 1975-ci ildə Livanda müsəlman və xristianlar arasında vətəndaş müharibəsinin başlanması nəticəsində 100.000 insan həlak olmuş, 200.000-dən çoxu yaralanmışdı. Ermənilər həmin münaqişənin alovlanmasında xüsusi canfəşanlıq göstərmişdilər.

1980-ci illərin ortalarında yalnız Küveytdə 12.000 erməni var idisə, İraqın bu ölkəyə hərbi müdaxiləsindən sonra orada cəmi 500 erməni qaldı. Onların əksəriyyəti ABŞ, Kanada və Skandinaviya ölkələrinə qaçdılar. Hazırda münaqişələrin səngiməməsi region ermənilərini daha əlverişli mühitə malik olan Küveytə toplaşmağa vadar edib. Küveytdə erməni məktəbi yeganə təhsil müəssisəsidir ki, orada xristianlara doğma dildə təhsil almağa icazə verilib. Eyni zamanda, xristian kilsəsləri arasında yalnız erməni kilsəsinə sərbəst şəkildə etiqad azadlığı verilib.

Qatarın qanunlarına görə, qeyri-müsəlmanların ictimai həyatda fəallığı qadağan olunduğundan, buradakı erməni icması baş qaldıra bilmir. Son zamanlar Rusiyadan və digər MDB ölkələrindən bura ermənilərin güclü axını başlayıb. Ermənistan sovet dövründə və müstəqilliyinin ilk illərində xaricdə yaşayan ermənilərə potensial repatriant kimi baxıb, onları Ermənistana köçürmək istəsə də, ölkənin inkişafdan geri qalması əks proseslərin baş verməsinə - ermənilərin buradan axışıb xaricə üz tutmasına gətirib çıxardı.

Münaqişə başlamazdan əvvəl Suriya erməniləri xüsusi imtiyazlara sahib idilər, onlar parlamentdə təmsil olunur, eləcə də iqtisadiyyatın müəyyən sahələrində fəallıq göstərirdilər. Suriya münaqişəsi başlayandan sonra isə Hələbin “Nor Guh” məhəlləsində məskunlaşmış ermənilər Ermənistanın Diaspor Nazirliyinə müraciət edərək, “Nor Guhu xilas edək”! adlı kampaniyanın başlanmasına çağırmışdılar. Onlar Ermənistan XİN-i nota verməyə səsləyirdilər. Guya Türkiyə və türkyönümlü silahlı dəstələr Suriya ərazisindəki erməni qəsəbələrinə hücumlar təşkil edərək, onları məhv etməklə məşğuldur.

Türkiyənin erməni icması da həyasızcasına türk hökumətini Suriya ermənilərinə, xüsusilə də bu ölkənin ərazisində sığınacaq tapmağa çalışan Kesaba sakinlərinə yardım etməməkdə ittiham edib. Əvvəla, Türkiyə dövləti humanistlik göstərərək, dinindən, milliyyətindən asılı olmayaraq bütün Suriya qaçqınlarına, o cümlədən də, ermənilərə öz ərazisində sığınacaq verib. O ermənilərə ki, uzun illər Suriya ərazisindəki terror düşərgələrində ASALA kimi terror təşkilatı vasitəsilə PKK və ərəb terrorçuları ilə birləşərək, təlimlər keçib, sonra isə Türkiyə və Azərbaycana qarşı terror aktları törədib, Azərbaycan ərazisinin işğal olunmasında, Türkiyədə minlərlə dinc insanın qətlində iştirak ediblər. Xocalıda mülki əhaliyə dəhliz verməyərək, onları mühasirəyə alıb, soyqırımı törədən ermənilər Türkiyə dövlətindən yardım tələb edirlər.

Erməniləri ərəblərlə birləşdirən əsas xüsusiyyət türkləri sevməməkdir. Buna əsas səbəb onların hər ikisinin əsrlər boyu Osmanlı imperiyasının təbəəliyində yaşamalarıdır. Baxmayaraq ki, müsəlman ərəblərə və xristian ermənilərə o dövlətdə hər cür şərait yaradılmışdı. Osmanlının süqut etməsindən sonra isə əksinə, İngiltərə və Fransanın protektoratlığına keçən Yaxın Şərqdə başlamış qeyri-sabitlik və müharibələr davam edir. Region beynəlxalq güclərin döyüş poliqonuna çevrilib, bölgədə marağı olan böyük dövlətlər, etnik qruplar, məzhəblər “hamının hamıya müharibəsi” prinsipilə bir-birinə qarşı vuruşmaqdadırlar.

Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu XX əsrin əvvəllərində Yaxın Şərq əhalisinin dörddə birinin xristian olduğunu qeyd edir. Halbuki, indi həmin rəqəm 2%-dən çox deyil. Bu, o deməkdir ki, iddiaların əksinə, xristianlar və digər dini azlıqlar heç bir təqibə və təzyiqlərə məruz qalmayıblar, əksinə, orada etnik rəngarəngliyin azalması prosesi Osmanlının bölgədən getməsindən sonra baş verib.

Qeyd etdiyimiz kimi, Yaxış Şərq münaqişələrinin alovlanmasında, ayrı-ayrı dövlətlərin münasibətlərinin kəskinləşməsində ermənilər daim katalizator rolunu oynayıblar və bu indi də həmin rolu məharətlə ifa etməkdədirlər. Məsələn, Suriya və Türkiyə arasında münasibətlərin gərginləşməsində ermənilərin birbaşa iştirakı var. Türkiyə Bəşər Əsədi həm də ermənilərdən istifadə etməklə terror aktları törətməkdə, PKK və ASALA-ya təlimlər üçün şərait yaratmaqda və terrorçulara sığınacaq verməkdə ittiham edir. Halbuki, araqarışdıran Ermənistanın nümayəndə heyəti Avropa Şurasının tribunasından dünya ictimaiyyətini Yaxın Şərqdə “erməni soyqırımı”na biganə qalmamağa çağırıb. Onlar özlərini İŞİD-in əməllərindən əzab çəkən suriyalılar, assuriyalılar, yezidi kürdləri ilə eyni sıraya qoymağa cəhd göstərməyə çalışırlar. Ermənilər habelə, Türkiyəni İŞİD-in müttəfiqi kimi qələmə verməkdə və bununla da dünya ictimaiyyətinin gözündən salmaqda xüsusi canfəşanlıq göstərirlər, halbuki reallıq bunun tam əksini deyir.

Göründüyü kimi, ermənilər indiki Yaxın Şərq münaqişəsində də ənənəvi əzabkeş xalq kimi görünmək metodlarına sadiq qalaraq, özlərini hadisələrin qurbanı kimi qələmə vermək xislətindən əl çəkmirlər. Yer kürəsinin harasında münaqişə baş verərəsə, orada mütləq uydurma “qəddar müsəlman, türk” və “erməni qurbanlar” peyda olur, sonra isə soyqırım qurbanlarına maddi və mənəvi təzminat ödənilməsi tələbi meydana çıxır. 100 il sonra Suriyada türklərin erməniləri öldürməsi barədə cəfəng tələbi ilə yeni bir “soyqırım” iddiası olsa, buna heç kim təəccüblənməyəcək. Fransızlar hər bir cinayətdə qadın izi axtardığı kimi, ermənilər də başlarına gələn bütün qəzavü-qədərlərdə türk izi axtarırlar. Məsələn, Kannibalın Romaya hücumu zamanı, mayyalarla asteklərin qəbilə savaşında, ingilis-bur müharibəsində mütləq “qəddar türk və zavallı erməni” obrazı eşitsək təəccüblənmərik.

Ermənilər əvvəlcə münaqişələrin yaranmasında və ya qızışdırılmasında canfəşanlıq göstərir, ara qarışandan sonra gah bir, gah o biri tərəfin mənafeyini müdafiə edir, sonra isə münaqişədən zərər çəkmiş əzabkeş xalq cildinə girərək qalib tərəflərdən özünə imtiyazlar tələb edir. Bu, Berlin, Versal və Potsdam konfranslarında belə olub. İndi isə Yaxın Şərqdəki münaqişənin yekunlarına hazırlıq görərək, münaqişədən zərər çəkmiş xalq statusu almaqla sular durulandan sonra Yaxın Şərqin xəritəsinin yenidən cizilməsi zamanı imtiyazlar qoparmaq niyyətindədirlər.

Suriyadan gələn bir qisim erməni qaçqının Dağlıq Qarabağda yerləşdirilməsinin özü də beynəlxalq hüququn birbaşa pozulmasıdır. Azərbaycan ərazisində əcnəbi vətəndaşların məskunlaşdırılması məsələsi Azərbaycan dövlətinin yurisdiksiyasına aid olan məsələdir. Halbuki dünya ictimaiyyəti İsrailin zəbt etdiyi Fələstin ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinə görə bu ölkəni gecə-gündüz tənqid atəşinə tutur. Halbuki, İsrail və Ermənistanın dünya siyasətindəki yeri və nüfuzu arasında fərq yer və göy arasındakı məsafə qədərdir!

Nəzakət Məmmədova
AzVision.az



Teqlər: #Yaxın-Şərq   #Erməni-yalanları  





Xəbər lenti