Fəlsəfənin ən vacib sualı

Fəlsəfənin ən vacib sualı
  01 Avqust 2018    Oxunub:18159
Mirçingiz Ağazadə
AzVision.az üçün

Qarşımızda yüzlərlə fərqli fikir konsepsiyaları dayanır və aramızdan biri çıxıb gur səslə nidalar yağdırır ki, əslində onun dediyi cümlələr digərləriylə nisbətdə daha məntiqlidir. Onun izahlarındakı təkəbbür dolu inam, yazdığı cümlələrin ardı-arası kəsilməz sərtliyi kütləni təşvişə salır. Qorxu qoxusu ətrafı büyür. Naməlumluqlarla dolu dünyada həqiqəti bildiyini düşünən daha bir şəxs araya girir və indi o düşüncə hərisi, insanları doğru yola istiqamətləndirmək üçün çalışır....
Bəli, bu mənzərə, hansısa bədii nəsr nümunəsindən götürülmə deyil, tamamilə gerçək, azacıq dəyişdirilmiş şəkildə yaşanılan hadisələrdir. Məgər az insan görmüşük ki, bizə öz fikirlərini mütləq həqiqət kimi aşılamağa cəhd edirlər? Məgər az adam görmüşük ki, səhərdən axşamadək gəvəzə danışıqdan fərqlənməyən tonda, bir yığın sözü gözəl və bəlağətli şəkildə bizə çatdırır, lakin fikirlərində zərrəcə həqiqət yoxdur? Axı biz sərrast xurafat ustalarının zərbələrinə az hədəf olmamışıq. Elə isə, nə üçün mütləqiyyətə bu dərəcədə meyilliyik? Cavab çoxdur, hərçənd, əziz oxucu, öncəliklə, sən bilməlisən ki, istər elmin, istər fəlsəfənin, istərsə də xurafatın kəşf etdiyi hər hansısa cavab özündə mütləq həqiqəti əks etdirmir, heç, axı bu araşdırma sahələrinin belə bir öhdəliyi də yoxdur. Bizim qədim, cahil toplumdan əsas fərqimiz bu deyilmi ki, fikirləri yeniliklərə açıq şəkildə təqdim edirik? O zaman, cavablarımızın qüsurlarını təbii qəbul etmək lazımdır ki, nə zamansa, daha bilgə şəxslər onları təkmilləşdirə, reformalizə edə bilsinlər.

Əgər hansısa izahda xəta görürsənsə, onu şəxsən mənim özümə bildir, yaxud bununla bağlı, öz təbirincə, izahlı məqalə yaz (Əlbəttə, şəxsi istəyinə əsasən). Əsas olan nə qədər inandırıcı yazmaq deyil, ehtiyacımız olan şey daha gerçək yazmaqdır, daha həqiqi fikirlər ərsəyə gətirməkdir. İndi isə, barəsində danışacağım mövzulara qısa keçid etmək fikrim var. Bu qədər izahlı giriş elə mənim özüm üçün də sıxıcıdır.

İlk dəfə varlığını müzakirə obyekti edən şəxsin kim olduğu müəmmalıdır. Əlbəttə, rəsmi, əksər filosofların fikirlərinə əsasən Aristotel, Fales, Epikür, Platon və digər fikir adamları bu müzakirəni ilk yaradan şəxslər olublar. Hərçənd, biz iddia edə bilmərik ki, onların yaşadığı dövrdən öncə ya sonra, misal üçün Sibirdə özünə kürk hazırlayan yaşlı ana “mən nə üçün varam?” sualını verməyib. İnsan doğulduğu andan etibarən öz fəlsəfəsinin formalaşdırıcı qüvvəsinə çevrilir. O, həm fəlsəfəni yaradır, həm də yaradacağı fəlsəfə növbəti doğulan şəxslərin düşüncələrini yaradır (Qeyd edilən “yaratmaq” kəliməsi nisbidir. Çünki mütləq var olanın başlanğıc və sona ehtiyacı olmadığı düşünülür. Nəticədə, hər şey var olanın təzahürü sayılırsa, mahiyyətini yoxdan varlaşma kimi netləşdirdiyimiz “yaranma” sözü də məntiqi əsassız hesab edilir – təbii ki, bu, yekdilliklə qəbul edilmiş fəlsəfi ideya deyil).

Bu, iç-içə keçmiş, qəribə bir modeldir. Hətta, o qədər qəribə ki, fəlsəfənin təməli hesab etdiyimiz mifologiya özü belə, həm də illərlə bilgisiz, şübhəli xalqların “bizi filan əşyanın ruhu yaradıb” kəliməsindən formalaşır. Yəni, belə demək düzgünsə, insan fəlsəfəni yaratmasına baxmayaraq, fəlsəfə əsla tam deyil, çünki insan özü də heç zaman (zehni) tam deyil. Nə üçün belə deyirik? Ona görə ki, bir şeyin tamlığını müəyyənləşdirməkdən ötrü əvvəl gərək, o şeyin başlanğıcını da subyekt kimi təhlil edək. Hərçənd, insan nəinki varoluşun başlanğıcına gedib çıxa bilməyib, az qala, varoluşun özünü inkar edəcək həddə gəlib. Onun beynində yaranmış suallardan biri də “beynim gerçəkdirmi?” kimi öncə absurd, daha sonra məntiqli görünən fikirlərdir.

Bu və bənzəri suallar insanı sonsuza qədər düşündürür. O, texnologiyanın nailiyyətlərindən doyunca (əslindəsə doymayınca) istifadə etdikcə, yaranan suallar daha dərin qarmaşayla onu özünə həbs edir. O çıxmaq istədikcə, daha dərinə batır. Di gəl ki, “batdığı şeydən xilas olmaq” kəliməsi fəlsəfədə güclü önəm daşımır. Çünki, insan fəlsəfəyə daxil olduğu andan etibarən səthi mənada ondan xilas, batini mənada isə onun zatına varmaq hərisliyi ilə alışıb yanır. Beləliklə, fəlsəfəni bataqlıq da adlandıra bilərik. O insanın düşüncələrindən yaranır, onu özünə həbs edir. Hərçənd bu həbs insanı öz-özündən xilas edir.

Sonda şəxsiyyət anlayır ki, fəlsəfə möhtəşəm düşüncə oyunları ilə gerçək düşüncənin mərkəzini (yaxud sahibini) axtarış qanunlarının sintezidir. İnsan, istər fəlsəfəni keçərsiz hesab etsin, istərsə də ona aşiq olsun, bu heç bir batini və xarici gerçəyi dəyişməyəcək. Çünki fəlsəfə yeni nəyisə yaratmır; var olanı təhlil edir. Son cümləmizə əsaslanıb fəlsəfənin bir növ “varlıq elmi” olmasını da iddia edə bilərik (Lakin biz bu iddianı etməyə lüzum görmürük. Çünki belə iddialar dərin isbat tələb edir. Zamanımız isə bu tip xırda məsələlərin isbatına yönəlmək üçün yetərincə qısadır).

Fəlsəfə var olanı təhlil edir, bəli, lakin “var olan” kəlməsi özü də sırf fəlsəfənin predmetlərindən biri olmaqla yanaşı, eyni zamanda, elə, fəlsəfənin formalaşdırdığı anlayışdır. İnsan hətta fəlsəfədən imtina etmək, yaxud onun önəmsiz olduğunu iddia etmək üçün də fəlsəfədən istifadə etməlidir. Belə demək olarsa, “düşüncəsiz insan” kəlməsi bizdə nə qədər ümidsiz, faciəvi təəssürat yaradırsa, “fəlsəfəsiz dünya” kəliməsi də eyni dərəcədə dəhşətli və mümkünsüz görünən halın təcəssümüdür. Bir qrup elm adamı iddia edir ki, fəlsəfə ölmüş, artıq mənası qalmayan bir sahədir, hərçənd, bütün insanların düşüncələrində apardıqları həyatı sorğulama yanğısı, ortaya çıxarılan fəlsəfi teoriyalar, qanunauyğunluqlar, aksiomlar, inkarı bəlkə də mümkünsüz olacaq qədər gerçəkçi arqumentasiyalar, cəmiyyətin idarəsində istifadə edilməkdə olan fəlsəfi fikirlər, həmçinin, bu cür elm adamlarının fəlsəfəyə olan təəssübkeş aqressiyası bir daha bizə sübut edir ki, fəlsəfə ölüb-eləməyib. Bu inanılmaz cümləni qurmaq ona bənzəyir ki, sanki, dalğa, öz yaradıcısı - dənizi inkar edir.

Hamıya məlumdur ki, dalğanın səbəbverici qüvvəsi olmadan dalğa özü də var ola bilməz. Beləliklə, fəlsəfəsiz bəşəriyyət elmlə irəli gedə bilməz. Çünki elmin formalaşdırıcı qüvvəsi, eyni zamanda, onun aydınladan mayakı da fəlsəfənin özüdür. Fəlsəfə həm də elmin işləmə mexanizmində aparılan təhlil, araşdırma, soğrulama şəkilləndirilməsinin məcmusu, ortaya çıxan sualların şübhəli, yaxud məntiqli cavablarının yaranma halı/anıdır, elə bu yaranma anının təsviri və mühitin özüdür. Fəlsəfə, həyatın dərkolunma nəzəriyyəsidir. Fəlsəfənin konkret “nədir?” sualına cavab vermədiyini anlamaq üçün yuxarıda bir neçə dəfə bu suala cavab ola biləcək alternativlər təqdim etmişik. Yəqin, anlaşılır ki, insan düşüncəsindən formalaşmış və onu təhlil edən hansısa sahəni mütləq şəkildə qəlibləşmiş hala salaraq cavablandıra bilmərik. Ümumən, “varoluş elmini” hissələrə ayırıb təhlil edəsi olsaq, sözün əsl mənasında, fəlsəfədən yeni fəlsəfi qollar yaratmış olarıq. Lakin bizə (elə, bəlkə, əksər oxuculara da) maraqlıdır ki, doğrudanmı varoluş gerçəkdir? Onun gerçək olmasına dair əlimizdə hansı bilgilər var?

Pozitiv elmlər cəbhəsindən yanaşdıqda, bəli, dünya, onu əhatə edən günəş sistemi və daxil olduğu qalaktikalar, daha da irəli getdikdə qalaktika məcmuları, həmçinin, onların arasında olan nəhəng boşluğu ehtiva edən anlayış – kainat gerçəkdir. Bu, elə, gün qədər aydın həqiqətdir! Ancaq keçən əsrlərdə, Bor bildirəndə ki, biz aya baxmırıqsa, onun həqiqətən orada olub olmadığını bilə bilmərik, Eynşteyn bunu inkar etdi, hələ üstündən yağlı şəkildə də bildirdi ki, tanrı zər atmaz! Onların bu əcaib elmi dialoqlarından illər sonra Hokinq gəldi və hər iki tərəfə diqqətlə baxaraq bildirdi ki, tanrı nəinki zər atır, hətta onu da elə yerə atır ki, biz tapa bilmirik. Görünən budur ki, bir çoxlarının mütləq həqiqət üçün baş vurduğu elm özü də mütləqliyi ehtiva etmir. Bu qüsur deyil və qətiyyən düşünməməliyik ki, elmin dəyişkənliyi bizə xurafata meyl göstərmək üçün yetərli əsasdır. Lakin bu, bizə bir daha xatırladır ki, indi oxuduğumuz yazılar belə, nə vaxtsa yanlışlana bilər. Eyni səbəbdən yola çıxaraq xatırlamalıyıq ki, bu günədək yaradılmış yüzlərlə ehkamçı (yəni, dəyişməz olduğu iddia edilən) fikirlərin, bəlkə, böyük qismi çöküb, onların yalnız az qismi kiçik kütlə üçün keçərli olaraq qalıb. Qısası, nə fəlsəfə adamı fəlsəfə, nə də elm adamı elm deməkdir. Nəticədə, anlayırıq ki, eyni şəkildə, heç, ehkamlaşma da fikirlərin sonsuzadək “doğruçu” davam etməsi işində yararlı sayılmır. Bəs fəlsəfənin az qalsın, loruca desək, baş sındırdığı bu obyekt? O həqiqətən gerçəkdir, yoxsa insan zəkasının uydurmasıdır?

Oxuduğunuz bu məqalə sizin üçün bilgiləndirici xarakter daşımaqla bərabər, həm də mənim şəxsi qənaətlərimi bölüşdüyüm fikri məcmudur. Yəni, oxucular məni qınamasınlar ki, nə üçün Falesin varlıq haqqında fikirlərindən tutmuş, Sartrın ekzistensial fəlsəfi görüşlərinin xırdalıqlarına qədər enməmişəm? Səbəbi bəsitdir. Məqalənin müəllifi, Sartr, Nitşe, Platon, Fales, Kant deyil, Mirçingizdir. Hələ yetəri qədər gəncəm və nə zamansa, indi gəldiyim qənaətləri dərindən sorğulayıb inkaretmə ehtimalımı oxucular diqqətdən kənarda saxlamamalıdır. Mənim fikirlərim kimlər üçünsə etalon hesab edilməməlidir, bir halda ki, mən özüm öz fikirlərimi hər zaman təkmilləşdirməyə çalışıram.

Uzun müddət ərzində gəldiyim fəlsəfi qənaətlərdən biri budur ki, varlıq gerçəkdir, ancaq bu gerçəklik bizim zehni qavrama şəklimizə uyğun gerçəklik deyil. Sizə, məcburən, illər öncə başqa filosofların da istifadə etdiyi kimi (mən filosof deyiləm) şərti bir kəlimə örnək gətirəcəm. Bəhs etdiyim gerçəklik “Rejan”-dır. Siz zövqünüzə görə bu kəlimənin yerinə istənilən sözü qoya bilərsiniz. Ancaq çalışın ki, həmin söz gündəlik həyatınızda istifadə etdiyiniz əşyalar, yaşadığınız hadisələrə əsaslanmasın, ümumiyyətlə, özündə heç bir məna saxlamasın. Şəxsən mənə görə, rejan sözünün heç bir mənası yoxdur. Nəzərdə tutduğum obyektiv gerçəklik sözünü artıq “rejan”-la əvəz edəcəm. Bundan sonra “rejan” oxuyarkən bilin ki, istinad etdiyim anlayış obyektiv gerçəklikdir.

Nə üçün mən “rejan”-ın dərk olunmasına inanmıram? Öncəliklə, dəqiqləşdirmək lazımdır ki, belə situasiyada inanmaq kəliməsi nə qədər uyğun, məntiqlidir? Bir şeyin ki zehin tərəfindən dərk edilməsi mümkün deyil, o zaman, “rejan”-a məntiqi ad tapa bilmək, özü də müşkül məsələdir. Ona görə ki, “rejan” məntiqi mühakimə prosesinin nəticəsi kimi ələ alınan subyektdən daha çox, müzakirə olunan subyektin formalaşmasında tətikləyici olan obyektdir. İnsan, hər nə qədər barəsində yüzlərlə fərqli mülahizə yürütsə və doğrunu tapdığını zənn etsə belə, qəbul etmək lazımdır ki, fərziyyələr, iddialar, analogiya və ya hipotezlər hamısı “rejan”-ın barəsində yürüdülən fikirlərdir, onun özünü ehtiva etmir. Hətta kimsə qalxıb iddia etsə ki, “rejan” gerçəkdə mövcud deyil, biz, bu kəliməni sözbəsöz təhlil etməyə məcbur qalacağıq, nəinki onu inkar edəcəyik.

“Rejan” hansı suala cavab verir? - Nə, harada, necə, kim və s. – hansı biri bu kəlimənin gerçək mahiyyətini açmaqda bizə daha çox köməkçi olur? Təhlilə bu sualdan başlamağım kimlərəsə cəfəng və sıxıcı görünə bilər. Ancaq bir halda ki, biz “rejan”-ın məntiqi mühakimə ilə az-çox aydınlaşdırılmasına çalışırıq, o zaman, öncədən qəbul etməliyik ki, beynimiz tərəfindən alınan siqnalların təməl nöqtəsi hesab edilmiş “rejan”-ın müəyyənləşməsi özlüyündə qeyri-müəyyəndir. Yəni, əgər mən iddia etsəm ki, “rejan” müəyyəndir, bunun inkarı mümkün deyil, çünki özlüyündə isbat edilməmiş iddiadır, ki belə iddia zatən əsassız iddia hesab olunur və fəlsəfədə bu cür iddialar səfsətə, elmdə isə psevdo-elm statusundadır.

Hərçənd, bu iddianın əksi də eyni dərəcədə keçərli, həmçinin keçərsizdir. Yəni, “rejan” müəyyəndir və qeyri-müəyyəndir. Nə üçün belə iddia keçərli və keçərsizdir? Çünki “rejan”-ın sahib olduğu mütləq xarakterial özəlliklər barəsində nə isə bilmirik. Hətta onun şərhi üçün istifadə etdiyimiz cümlələr belə, əlimizdə olduğunu düşündüyümüz fikri qənaətlərdən formalaşıb və “rejan”-ın mütləq mahiyyətini açıqlamaqda köməkçi olduğu qədər, həm də maneədir. Kantın lənətli eynəyi burada bizim öz zehnimizdir (Oxucu, yaxşı olar ki, Kantın rəngli eynək misalı barəsində müxtəlif mənbələrdən məlumat əldə etsin. Biz, burada sadəcə onu deyə bilərik ki, həmin örnəkdə insan eynək sayəsində hər yeri görür, lakin eynəyin rəngli şüşədən olması görünəni eyni zamanda yanlışlayır).

Mütləq mahiyyəti ehtiva edən “rejan”-ı dərk etmək üçün zehnimiz onu xüsuslara, daha sonra həmin xüsusları təhlil edən sahələri də daha xırda bölümlərə parçalayır. Beləliklə, adını unutduğum milli filmlərimizdən birində də deyildiyi kimi: “Hissə-hissə başa düşdüm, amma bütövlükdə yox”. Fəlsəfənin ən böyük problemlərindən biri də zehni fəlsəfi mərkəzdən götürə bilib bilməməsidir. Əgər zehni aradan qaldırsaq, bütün fəlsəfə də ortadan gedəcəyi üçün fəlsəfənin predmeti kimi görünən “rejan”-ı təhlil etməyimiz mümkün olmayacaq. Yox, əgər “rejan”-ı kəşf etmək üçün zehni işə salsaq, o yenə də əlində olan xammaldan istifadə edərək (burada informasiyadan), “rejan”-a xammalın özəlliklərinə əsaslanmış şərh verməyə çalışacaq. Hansı ki, bu şərh bizi “rejan”-ın keyfiyyətlərinə yaxınlaşdırmaqla bərabər, onun mahiyyətindən uzaqlaşmağımıza da səbəb olacaq. Kant bir mənada, zənnimcə daha çox haqlı idi ki, insan kainatın potensialında olmayan şey barəsində heç bir fikir yürüdə bilməz. Lakin onunla həmfikir olmadığım məqam Kantın bu cümləni işlədərkən həmin “rejan” barəsində şəxsən fikir bildirməsidir.

Deməli, “rejan” məlumdur, lakin onun necə məlum olması şərhedilməzdir. Hər nə qədər gülməli səslənsə də, görünür, seriallarda istifadə edilən bu cümlə fəlsəfənin təməl problemini həll etməyə köməkçi ola bilər: “İzaholunmaz, ancaq yaşanar”. “Rejan” hər şeyin mütləq təməl nöqtəsidirsə, deməli, yaşadığımız və reflektiv olaraq alqıladığımız hər şey “rejan(dan)”-dır. Lakin bütün varoluş eyni zamanda rejan deyil. Ona görə ki, bu varlıq dünyası özlüyündə “rejan”-ın zatını ehtiva etmir. Di gəl ki, son cümləmizi inkarçılara isbat etmək üçün əlimizdə yetəri qədər faktiki dəlil yoxdur. Hər şeyi daha da sadələşdirək. Simvol düzəltmək üçün marketdən aldğımız plastilin həmin simvolun zatıdır. Siz plastilini istədiyiniz şəkilə sala bilərsiniz. Lakin məsələn, deyək ki, siz o plastilindən at düzəltmisiniz və atın gözəl buynuzu da var. O-ho! O necə möhtəşəm görünür!
- Bəs, o atdırmı?
- Xeyr.


“Rejan” da eynilə bu plastilin kimi hər şeyin zatıdır, lakin şərholunma zamanı izahlarımızın heç biri onun zatını ələ almağa şərait yaratmır (“rejan”-ın zatı elə, istifadə etdiyimiz “rejan” sözündən daha obyektiv və daha gerçəkdir). Çünki bütün fikirləri isbat etmək üçün ən böyük dəlil kimi istifadə olunan “rejan”-ın özünü isbat etmək üçün daha dərin mənaya sahib etalon mövcud deyil. Yəni, “rejan”-ın dərki mümkünsüzdür, ona görə ki, dərkolunma prosesi özü “rejan”-ın bir parçasıdır. Siz, “dəftər nədir?” sualına “ağac gövdəsinin sonra hər hansısa sex və ya fabrikdə soyulduqdan sonra şəklinin dəyişirilib üzlük əlavə olunaraq istehsalata buraxılmış halı – insanın yazması və digər kargüzarlıq əməliyyatlarını icrası üçün nəzərdə tutulmuş vasitə” cavabı verə bilərsiniz. Lakin “nə” özü təyinedici rola sahib olduğu üçün “nə nədir?” sualını vermək, fikri qaradəlik yaratmaqdan artıq heç bir şeyə səbəb olmur. Yazılan bu cümləni dərindən anlamaq üçün “nə” sualını bir situasiyada genişləndirək:
Dəftərin mahiyyəti, özü hansı şeydən qaynaqlanır? Onun istifadə olunma cəhətdən adı necədir? – Bu cavablı sualdır. Çünki açıqlamaq üçün hər hansısa fikri vasitələrə baş vurmaq olar.

Şey hansı şeydəndir? – Bu sual isə cavabsız sualdır. Çünki şeyin şey olması müəyyən, lakin necə şey olması qeyri-müəyyəndir. Onun necəliyini müəyyən etmək üçün əlimizdən şeyin özündən daha obyektiv nəsnə mövcud deyil. “Rejan” eyni zamanda, həmin şeydir. Varlıq “rejanolojidir”, lakin “rejanolojiliyi” təhlil etmək əfsus ki, mümkünsüzdür. Zehin ətraf aləmdən aldığı siqnalları doğrudan da həmin ətrafdan alırsa, (yəni, fikir isbat edildiyi təqdirdə) bu siqnalları fikir halına salaraq şəxsi qənaət anlayışının formalaşmasına səbəb olur. Beləliklə, sırf bu fikirlərdən yola çıxdıqda ( “sırf” sözü məhdudlaşdırma üçün istifadə olunub. Çünki digər fikirlərin təhlilinə baş vurmamışıq)” “rejan” hər şeydir, lakin hər şey “rejan” deyil. Eyni fikirlə, “rejan” varlıqdır, lakin varlıq “rejan” deyil. Deməli, “rejan” müəyyəndir, lakin müəyyən olan “rejan”-ın özü(zatı) deyil. Yəni, dərk etdiyimiz şey “rejan”-dır, ancaq “rejan”-ın tamamilə dərki mümkün deyil, çünki hətta bu prosesin özü belə “rejanolojidir” – onu ehtiva etməkdən çox möhtəviyyatına daxildir.

Məqalə iki və ya üç hissəli olacağı üçün düşündüm ki, onun ilk hissəsinə daha çox fikir yerləşdirməyə ehtiyac yoxdur.



Teqlər: Fəlsəfə   Varlıq  





Xəbər lenti