Bəzi yerlərdə təsadüf olunur süni ətə...

// Kababı süni ətdən çəkəcəyimiz günlərə çox qalmayıb...

 Bəzi yerlərdə təsadüf olunur  süni ətə...
  07 Noyabr 2022    Oxunub:3877
Son illər ətə, balığa, hətta yumurtaya veqan alternativlərin populyarlığı bir neçə dəfə artıb. Bu cür yeməklər həm insanlar, həm də təbiət üçün daha faydalı kimi fəal şəkildə təqdim olunur. Lakin tələbatın artmasına baxmayaraq, 2021-ci ildə bu cür məhsulların satışı çoxları üçün gözlənilmədən azaldı.
Son vaxtlara qədər ət əvəzediciləri bazarı sabit templə böyüyürdü. Bitki Əsaslı Qidalar Assosiasiyasının məlumatına görə, 2019-cu ildə ABŞ-da bütün ərzaq məhsullarının pərakəndə satışları 2,2% artıb. Eyni zamanda, veqan məhsullarının satışı da 11,4% çoxalıb. 2020-ci ildə bu ABŞ-da bitki əsaslı ət satışı il ərzində 45% artaraq, 2019-cu ildəki 962 milyon dollardan 2020-ci ildə 1,4 milyard dollara yüksəlmişdi. Analitiklər bazarın bu cür sürətli inkişafı fonunda növbəti onillik üçün bütün sənayenin sabit və ciddi artımını ildə orta hesabla 18% proqnozlaşdırırdılar.

Lakin 2021-ci ildə bu bazarda işlər nəsə qaydasında getmədi. Sürətli artım gözlənilməz enişlə müşayiət olundu. İlin sonunda ABŞ-da vegan ət satışı 0,5% azaldı.

Son vaxtlar bitki mənşəli ət əvəzediciləri tez-tez planeti artmaqda olan istixana qazı emissiyalarından xilas etmək üsulu kimi təqdim olunur. BMT-nin məlumatına görə, bütün istixana qazlarının 14,5%-i heyvandarlıq sahəsindən gəlir. Bir neçə il əvvəl alimlər hətta planetimizi qlobal istiləşmədən və bəşəriyyəti məhv olmaqdan xilas edəcək xüsusi bir pəhriz hazırladılar. Pəhriz balıq, ət və digər heyvan mənşəli məhsulların minimum miqdarda istehlakını nəzərdə tuturdu. Alimlər orqanizm üçün lazım olan hər şeyi tərəvəzlərdən, meyvələrdən, paxlalılar və qoz-fındıqdan almağı təklif edirlər.

“Good Food Institute”nun (“Yaxşı Qida İnstitutu”) iddia edir ki, istehlakçıların qida seçiminə təsir edən əsas amillər məhsulların dadı, qiyməti və sağlamlığa faydasıdır. Dad subyektiv anlayışdır. Bu gün ətin tərəvəz analoqlarını istehsal edən yüzlərlə istehsalçı var. Müxtəlif uğurları olan şirkətlərin mütəxəssisləri bəzən hətta süni intellektin köməyinə müraciət edərək, öz xüsusiyyətlərinə görə təbii ətə oxşar məhsul istehsal edirlər. Tərəvəz ətinin uğurunun əsas meyarı onun həm dadına, həm teksturasına, həm də qoxusuna görə həqiqi ətlə bənzərliyidir.


Minnesota Universitetinin İctimai Sağlamlıq Məktəbinin mütəxəssisləri belə “ətin” faydalarını öyrənməyə çalışıblar. Onlar 37 bitki mənşəli ət məhsulunun nümunələrini araşdıraraq, onların qida dəyərini və inqrediyentlərini müqayisə ediblər. Məlum olub ki, veqan məhsullarının daha faydalı olması haqqında tez-tez fikirlər səslənsə də, ət əvəzediciləri bəzi cəhətlərinə görə təbii rəqiblərindən geri qalırlar. Belə ki, məsələn, onlarda nəzərəçarpacaq dərəcədə daha az zülal, sink və B12 vitamini var. Bununla belə, bəzi nümunələrdə bol miqdarda natrium mövcuddur.

Amma bu məhsulların müsbət xüsusiyyətləri də var. Onların tərkibində daha az doymuş yağ, daha çox lif, fol turşusu və insan orqanizmi üçün faydalı dəmir olur.

Pandemiya zamanı yaranan iqtisadi şərait ət əvəzedicilərinin populyarlığının qəfil artmasına kömək etdi. Koronavirus həm heyvandarlıq sektorunda, həm də tədarük şəbəkələrində böyük fasilələrə səbəb oldu. Dünyanın bir çox təsərrüfatları karantinə alındı və hələ də işçi çatışmazlığı yaşayırlar. “CB Insights”ın hesabatına görə, təkcə mal əti sənayesi 13,6 milyard dollar itirib. Bu da mal ətinin qiymətinin artmasına səbəb olub. Məsələn, ABŞ-da dekabrda illik qiymət artımı 18,6% təşkil edib.

Tərəvəz əti hələ də təbii ətdən təxminən iki dəfə bahadır. Lakin BCG və “Blue Horizon Corporation”ın hesabatından məlum olur ki, yaxın gələcəkdə bu iki növ ət arasındakı qiymət nisbəti kəskin şəkildə dəyişəcək. 2023-cü ildə ət, süd və yumurtanı əvəz edən məhsullar təbii analoqları ilə həm dad, həm də qiymət baxımından alıcılar üçün daha cazibəli olmalıdırlar. Göbələklər, mayalar və birhüceyrəli yosunlar kimi mikroorqanizmlərdən hazırlanan alternativ qidalar 2025-ci ilə qədər ənənəvi analoqları ilə bərabərləşəcək.

Analitiklər əmindirlər ki, 2035-ci ilə qədər laboratoriyalarda heyvan hüceyrələrindən yetişdirilən süni ət təbii ətlə eyni paritetə çatacaq. O zaman alternativ ət, balıq, yumurta nəhayət, məhdud qruplarıən istifadə etdiyi məhsullar çərçivəsindən çıxacaq. Bütün bazarın həcmi 290 milyard dollara çatacaq və ümumi zülallı məhsullar bazarının 11 faizini tutacaq.

Nadir Quliyev
AzVision.az



Teqlər: Texnologiya   Fudtex  





Xəbər lenti