Böyük səhvin nəticəsi: Ermənistan 30 ildə nələri itirdi - TƏHLİL

  Böyük səhvin nəticəsi:  Ermənistan 30 ildə nələri itirdi -  TƏHLİL
  21 May 2021    Oxunub:5973
Dünən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda təşkil etdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bir sıra vacib məsələlərə toxunuldu.
Müzakirələrdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında əvvəlcə Cənubi Qafqaz regionunda yeni reallıqların yarandığını xatırlatdı, həmçinin yeni vəziyyətin yeni yanaşmalar tələb etdiyini deyərək dünya ictimaiyyətini başa çatan Dağlıq Qarabağ münaqişəsi, 30 il ərzində yürüdülmüş işğalçılıq siyasətinin acı nəticələri haqqında məlumatlandırdı.

Ermənistanın hazırkı vəziyyətindən söz açan ölkə başçısı bunun səbəblərini arqumentlərlə əsaslandıraraq, rəsmi İrəvanın indiyədək hansı səhvlərə yol verdiyini açıqladı:

“Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır".

Ermənistanın vaxt itirdiyini, işğalçı mövqe tutmaqla Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, ermənilər acınacaqlı duruma görə öz liderlərindən başqa heç kimi günahlandırmamalıdırlar. Çünki Ermənistan sakinlərinin yaşadıqları fəlakətli günlərin yeganə səbəbkarı məhz onlar - ölkəni idarə edən şəxslərdir.

“Beynəlxalq hüququ pozan və bizim ərazilərimizi işğal edən ölkə Ermənistan idi. Lakin Ermənistan cəmiyyətində Azərbaycana qarşı olan nifrətin səviyyəsi, azərbaycanofobiya, Azərbaycanın iblisləşdirilməsi o qədər yüksək idi ki, erməni cəmiyyətinin bir hissəsi haqlı olduqlarına inanmağa başladı. Ona görə də indi baş verənlər mən deyərdim ki, Ermənistan cəmiyyətində çox ciddi psixoloji dramdır. Onlar başa düşürlər ki, 30 ildir bu ölkəni idarə edən liderlər xalqa yalan danışıblar ”, - deyə dövlətimizin başçısı Ermənistan rəhbərliyinin gizlətdiyi həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırdı.

Hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atdı

Ötən il həllini tapan Qarabağ münaqişəsi işğalçı ölkədə dərin izlər buraxdı. 44 günlük müharibə nəticəsində ordusu demək olar ki, tamamilə məhv edilən Ermənistan 1 milyard dollardan çox maliyyə itkisinə məruz qaldı. Statistik hesablamalara əsasən, Ermənistanın gündəlik müharibə xərcləri təxminən 30-35 milyon dollar təşkil edirdi. Ötən ilin sonunda bu ölkənin xarici borclarının həcmi 8 milyard dollara yüksələrək ÜDM-in 70 faizinə yaxınlaşdı. İşğalçılıq siyasəti nəticəsində regionun arzuolunmaz dövlətinə çevrilən Ermənistan ciddi iqtisadi itkilərlə üz-üzə qaldı. Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Ermənistana müharibə iqtisadi böhranla yanaşı, siyasi xaos gətirdi ki, hələ də ölkə idarəolunmaz vəziyyətdən çıxa bilmir.

Ermənistanda yaşanan fəlakətin əsas səbəblərinə gəlincə, bu, birbaşa işğal faktı ilə əlaqədardır. Belə ki, İrəvan rəhbərliyi son 30 il ərzində münaqişənin həllindən yayınaraq sülhdən qaçmaqla məşğul oldu. Bu azmış kimi, Qarabağda Azərbaycana məxsus yaşayış məntəqələrini, məktəblər, xəstəxanalar və digər sosial obyektləri, bütün mədəni tarixi abidələri dağıdaraq regionun inkişafına böyük təhlükə və maneə yaratdı. Təsadüfi deyil ki, dünyanın aparıcı media qurumları işğaldan azad olunmuş, Ermənistan tərəfindən barbarcasına dağıdılan şəhərlərimizi Xirosima ilə müqayisə edir, ermənilərin hərbi cinayətlərini qınayırlar.

Ermənistanın hərbi-siyasi rəhbərliyi yalnız dağıdıcılıqla məşğul olmadı, uzun illər Azərbaycanın yaşayış məntəqələrinin adlarını dəyişdirməklə tarixi saxtalaşdırmağa da cəhdlər edirdi. Bütün bunlarla ermənilər özlərinin yaratdıqları və ağızdolusu təbliğ etdikləri mifik ideoloji doqmalara inanmaqla, sivilizasiyadan, inkişafdan kənarda qaldılar. Beləcə, ölkə və ümumilikdə erməni xalqı vaxt itirdi, regionda baş verən nəhəng iqtisadi layihələrdən geri qaldı. Ermənistan 30 il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum oldu.

Beynəlxalq hüquq norma və prinsiplərinə məhəl qoymayan, işğalçılıq niyyətindən əl çəkməyən bədxah qonşumuz uzun illər ərzində cəbhə xəttində vəziyyəti süni yolla gərginləşdirməyə, təxribatlar törətməyə və bu yolla mövcud "status-kvo”nu qoruyub saxlamağa çalışırdı. Lakin İrəvan rəhbərliyinin "dondurulmuş münaqişə" planı sonadək baş tutmadı. Ermənilərin işğal dövründə yaratdıqları mifologiya ötən il baş tutan 44 günlük müharibə nəticəsində darmadağın edildi. Həm siyasi, həm diplomatik, həm də iqtisadi cəbhədə uduzan tərəf Ermənistan oldu. Onsuz da heç bir təbii sərvəti və gəlir mənbəyi olmayan Ermənistan İkinci Qarabağ müharibəsində illərlə büdcədən orduya xərclənən vəsaitləri itirməklə bərabər, dövlətçiliyini də təhlükə altına qoydu. Bu, ilk növbədə ondan xəbər verir ki, indiyədək Ermənistana rəhbərlik etmiş şəxslər özlərindən saxta "qəhrəman" obrazı yaratmaqdan başqa bir iş görməyiblər. Ölkənin iqtisadi inkişafından isə söhbət gedə bilməz. Həm Robert Koçaryan, həm Serj Sarkisyanın hakimiyyəti illərində, eləcə də indi Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanda faşizm, nasist ideologiyaları dövlət idarəçiliyinin ana xəttini təşkil edib, cəmiyyətin beyni saxta “qəhrəmanlıq” nağılları ilə yuyulub. Bu hərbi cinayətkar rejimlərin illər boyu ölkəni mafioz qanunlarla idarə etməsi erməni xalqını uçuruma yuvarlayıb. Bu gün aclıq və səfalət içində yaşamağa məhkum edilən ermənilər günahkar axtarışına elə Koçaryan və Sarkisyanın xunta rejimindən başlamalı, onların törətdikləri cinayətlərə görə qanun qarşısında cavab verməsini tələb etməlidirlər.

İşğalçı ölkə hər il yüz milyonlarla vəsait itirdi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin araşdırmalarına əsasən, 1995-2020-ci illərdə Ermənistanın hərbi xərcləri 7,9 milyard dollar təşkil edib, üstəlik formalaşdırdığı marionet və qondarma rejimin xərcləri təcavüzkar dövlətin üzərinə düşüb. Halbuki, qeyd olunan müddətdə Ermənistanın özünün iqtisadiyyatına qoyulmuş birbaşa investisiyaların həcmi təxminən 8 milyard dollar civarında olub. Bu, 2020-ci il səviyyəsi ilə Ermənistanın 2,5 illik dövlət büdcəsinə bərabərdir.

İşğalçı siyasət yürüdən Ermənistan faktiki olaraq son 25 ildə Azərbaycanın liderliyi ilə regionda həyata keçirilən bütün strateji əhəmiyyətli neft-qaz, nəqliyyat-kommunikasiya, logistika layihələrindən məhrum olmaqla özünütəcrid vəziyyətində qalıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TAP, TANAP və s. kimi layihələrin Ermənistan ərazisindən keçməməsi bu ölkənin hər il yüz milyonlarla ölçülən gəlirdən məhrum olması deməkdir.

Prezident İlham Əliyev çıxışlarından birində bununla bağlı demişdi:

"Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”.

Bir sözlə, Azərbaycana yönəlmiş hərbi təcavüz Ermənistanı uzun onilliklər geri atmış oldu. Əgər İrəvan bölgədə yeni reallıqlar yaradan Azərbaycanın əməkdaşlıq çağırışına mənfi reaksiya verərsə, əvvəlki qaydada özünə qapanıb, düşmənçilik siyasəti sərgiləyərsə, bu növbəti 30 ilin perspektivsiz gələcək olacağı anlamına gələcək. Bundan sonra zaman itirmək isə Ermənistanın növbəti faciələrinin müqəddiməsi ola bilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti