Qlobal iqtisadiyyatın matəm marşı – TƏHLİL

// Dollar bahalaşır, trendlərin bir-biri ilə əlaqəsi itir

   Qlobal iqtisadiyyatın matəm marşı –    TƏHLİL
  19 May 2022    Oxunub:3091
Qlobal xammal, əmtəə və maliyyə bazarlarında o qədər ziddiyyətli proseslər cərəyan edir ki, nədəsə proqnoz vermək mümkün deyil. Bu da ondan irəli gəlir ki, ortada “qlobal” deyilən bir sistem artıq qalmayıb: dünya iqtisadiyyatı parçalanıb və xeyli müddətdir, bir bütöv halında fəaliyyət göstərmir.
Məsələn, ABŞ dolları dünyanın bir sıra aparıcı valyutalarına nəzərən bahalaşanda əvvəllər əsas xammal məhsullarının qiymətləri düşürdü, indi isə belə deyil. Götürək, xam nefti. Neftin qiyməti yüksək olanda həmişə ABŞ dolları aşağı dəyərdə olurdu. Əksinə olduqda isə dollar qalxırdı.

Ümumiyyətlə, dünyanın bir nömrəli iqtisadiyyatına sahib ABŞ neftin qiymətlərinə dolların kursu ilə də təsir göstərə və idarə edə bilirdi. Federal Ehtiyatlar Sistemi (FED) mərkəzi uçot dərəcəsini qaldıranda dünya neft bazarlarında qiymətlər enir, aşağı salanda bahaşırdı. Hazırda isə tamamilə əks mənzərə hökm sürür. Amerika valyutası məzənnə baxımından 2002-ci ildən bəri ən yüksək hədd nümayiş etdirsə də, neft də kifayət qədər bahadır, digər strateji məhsullar da. Üstəlik, qida məhsulları üzrə də həm bahalıq, həm də qıtlıq gözləntisi hökm sürür.

Bütün bunlar nəyi göstərir? ABŞ valyutası olan dollar dünya valyutası rolunu oynamaqdan kənarlaşıb, yoxsa söhbət başqa mətləbdən gedir?

Hazırda hər tendensiya ayrılıqda özünə görə müəyyən məntiqdən və səbəblərdən doğur, qarşılıqlı təsirini isə büruzə vermir. Yəni, sabah hansı nəticələrin ortaya çıxacağı bəlli deyil. Dolların bahalaşması təsadüfi deyil. Bir az öncə FED faiz dərəcəsini növbəti dəfə qaldırdı. Bundan əvvəl isə bu ilin mart ayında qaldırmışdı: Hər dəfə 0,25 bənd. FED-in mart ayında verdiyi qərar 2018-ci ilin noyabrından bəri ilk belə addım sayılırdı. Hazırda FED-in mərkəzi pul vəsaitləri üzrə üçot dərəcəsi 0,75-1 faiz aralığında təşkil edir.

Martda dollar əksinə, ucuzlaşmışdı. Amma bunun ötəri xarakter daşıdığı bəlli idi. Sadəcə olaraq, hər şey qabaqcadan məlum idi deyə, bazarlar bunu adi qarşıladı, heç bir kəskin dəyişiklik baş vermədi. Ancaq qurumun sözügedən addımının cari il ərzində ardıcıl xarakter daşıyacağı bəyanatı dolların bahalaşacağının qaçılmaz olduğunu diqtə edirdi. Bu baxımdan, may ayındakı qərarın nəticəsi təəccüb doğurmadı. Proses başlayıb. Yeri gəlmişkən, ilin qalan hissəsində daha 4 belə qərarın qəbul ediləcəyi gözlənilir. Buna səbəb nədir?

Əvvəla, ABŞ-da istehlak qiymətləri indeksi (inflyasiya) olduqca yüksək səviyyədədir. Beynəlxalq Valyuta Fondu göstəricinin son 40 ilin ərzində ən yüksək nöqtəyə çatdığını qeyd edib. İllik inflyasiya səviyyəsi yanvarda 7,5, fevralda 7,9, martda isə 8,5 faiz təşkil edib. Və bu, heç də iqtisadi artımdan qaynaqlanmayıb. Cari ilin I rübü ərzində Amerika iqtisadiyyatında 1,4 faiz tənəzzül qeydə alınıb. Halbuki, FED rəhbərliyi faiz dərəcəsi barədə hər dəfə qərar qəbul etmək məqamı yetişəndə inflyasiya nəzərə aldığı əsas göstəricilərdən sayılır, 2-3 faiz aralığında olanda həmişə narahatlıq ifadə edilirdi.

İkincisi, Avropa İttifaqı (Aİ) ölkələrinin iqtisadiyyatlarında inkişaf dayanıb və böhrana doğru gedilir. Buna səbəb Rusiya ilə iqtisadi-ticari əlaqələrin kəsilməsi, enerjidaşıyıcıların bahalaşması və çatışmazlığı, ticarət əlaqələrinin qırılması və zəifləməsi, qarşıda gözlənilən ərzaq böhranı və sairdir. Nəticədə avro özü də dəyər itirməkdədir.

Üçüncüsü isə enerjidaşıyıcılarının qiymətləriylə bağlıdır. ABŞ neft bazarına əvvəlki kimi nəzarət və təsir edə bilmir. 2016-cı ilədək bu mümkün idi, son 5-6 ildir OPEC bu sahədə əsas qüvvə rolunda çıxış edir. Neftin baha olması isə ABŞ-da bu sahədə sənayeni çökdürməklə ümumən iqtisadiyyat üçün resessiya təhlükəsi yaradır.

Nəhayət dördüncüsü, son 10 ildən çox bir müddət ərzində iqtisadiyyatı dəstəkləmək məqsədilə dövriyyəyə buraxılan külli miqdarda kağız dollar kütləsi bir gün ölkənin maliyyə dayaqları üçün əsl “sel”ə çevrilərək, yuyub aparma təhlükəsi yarada bilər. Odur ki, FED uçot dərəcəsini cari il ərzində ardıcıl olaraq qaldırmaqla həm də pul kütləsinə nəzarəti möhkəmləndirmək istəyir.

Bəs, bütün bunlar dünya iqtisadiyyatında vəziyyəti sabitləşdirəcəkmi?! Xeyr. Ona görə ki, Aİ iqtisadiyyatının böhranla üzləşməsi ABŞ-ı da çəkib ardınca bataqlığa salacaq. Qərbin sanksiyalarının fəsadlarının inkişaf etmiş ölkələrin özləri üçün də ağır olacağı qabaqcadan görünürdü. Qlobal iqtisadiyyat getdikcə daha çox mərkəzləşmiş struktur üzrə inkişaf etməkdə və formalaşmaqda idi. Rusiya-Ukrayna müharibəsi isə bu prosesə mane oldu. Qərb sanksiyaların özü üçün hansı itkilərlə nəticələnəcəyini nəzərə almadı və hələ də fərqinə varmır.

Çıxış yolu budur: Qərb və Avropa getdikcə əslində elə bir üsul seçməyə məhkumdurlar ki, sanksiyaların tətbiqi dünyada enerjidaşıyıcılarının qiymətlərini də aşağı salsın. Buna nail olmadan mümkün deyil. Enerji resurslarının bahalaşmasının qarşısını almaq mümkün olmasa inkişaf etmiş ölkələrdə istehsal dalana dirənəcək.


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: Qlobalizm   İqtisadiyyat  





Xəbər lenti