Şah! Yerevan yoxsa, Moskva Mat olacaq?

Şah! Yerevan yoxsa, Moskva Mat olacaq?
  06 Aprel 2013    Oxunub:1726
Ermənistan və Rusiya düşmənçiliyi –yoxsa bir oyun?
AzVision.az-ın sizə təqdim etdiyi bu məqalə Ermənistanda vəzifəli şəxslərlə bağlı olan cinayətlərlə bağlıdır. Təkcə Rusiyanın korrupsiya ilə ictimai mübarizə şurasının məsul nümayəndəsi Marina Qalyuçenkonun Rusiya mətbuatına verdiyi müsahibə Ermənistanda şok yarada bilər. O deyir: ”Bizim əlimizdə Ermənistanın keçmiş və hazırki məmurlarının vəzifələrindən sui-istifadə etdiklərini sübut edən sənədlər var. Bu sənədləri yaxın günlərdə tam rəsmi qaydada Rusiya hökumətinə təqdim edəcəyik. Artıq bununla bağlı razılıq əldə olunub. Faktları gizlətmək fikrində deyilik, bununla yanaşı bir sıra Rusiya məmurlarının da cinayətlərdə ermənilərlə əlbir olduqları təsdiq edilib. Həmin şəxslər Ermənistandan Rusiyaya çirkli pulların gətirilməsində ittiham edilirlər. Rusiya Federesaiyası Ermənistanda sosial problemlərin həllinə yardım məqsədilə bu kimi cinayətlərin açılması və Ermənistandan oğurlanan vəsaitlərin geri qaytarılmasında maraqlıdır”.

Məlumata görə, cinayətlərdə Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın da əli var.

Rusiyanin baş verənlərdən xəbərdar olması barədə məlumatlar artıq Ermənistan mətbuatının gündəmini ələ alıb. Bu barədə “Aykakan Jamanak” qəzeti də məlumat yayıb. Konkret şəxslərin, deputat-oliqarxların adları açıqlanıb. Lakin istinad etdiyi mənbələr rəsmi olmadığına görə, qəzet məhkəməyə verilib və kompensasiya tələb edilib. Təbii ki, məhkəmə oliqarxların xeyrinə qərara çıxarıb.

Buna görə də KİV-lər konkret adlar açıqlamaqdan çəkinirlər. Yalnız Robert Koçaryanın adı hallanır ki, o da oliqarxlar kimi məhkəmələrə üz tutur.

Bütün bunlar Rusiyanın hansı məqsəd güddüyünü düşünməyə vadar edir... -Birdən Ermənistan hökuməti cinayətkarlardan ibarət bir sistemə himayə etdiyini boynuna almadı və sosial problemlərinin həlli naminə Rusiyadan sui-istifadə faktlarını sübut etməyi tələb etdi? Onda necə?

Buna cavab tapmaq üçün bir neçə məqamı diqqətə çatdırmağı lazım bildik.

-İlk növbədə daxili-siyasi məqamı qeyd etmək lazımdır: Rusiya iddia edir ki, onun əlində Ermənistanın keçmiş və hazırki rəhbərlərinin cinayət əməllərini sübut edən sənədlər var. Bu sənədlər üzüqara çıxan ermənilərin sonu ola bilər. Digər tərəfdən Rusiyanın rəsmi məlumatları Ermənistanda gedən daxili-siyasi proseslərə nəzarətə yönəldilmiş bir addımdır. Bu addımın kimin xeyrinə atıldığını zaman göstərəcək, lakin belə bir təsəvvür yaranır ki, Rusiya birbaşa və ya dolayı yolla Serj Sərkisyanı dəstəkləyir. Koçaryanın cinayətkar olduğu barədə iddialar da bunu təsdiq edir.

Sərkisyanın özünün Kremlə kömək üçün müraciət etdiyi də istisna edilmir. Bu məqamda isə ondan müəyyən ödəniş tələb olunur ki, bu ödəniş də çox güman ki, Sərkisyanın cibindən yox, ölkənin hesabından çıxılacaq. Məsələn, xarici siyasət reallıqları ilə birbaşa bağlı olan siyasi və iqtisadi vektorların diversifikasiyası hesabına.

-İkinci yerdə regional gərginlk dayanıb. Cənubi Qafqazda hətta müharibə ilə nəticələnə biləcək aktiv hərbi-siyasi proseslər cərəyan edir. Burada Ermənistan həlledici rol oynayır. Bu baxımdan Kremlin Ermənistanın ona daim sadiq qalmasını təmin etmək məqsədilə bu ölkəyə müəyyən təsir göstərdiyi istisna edilmir. Ola bilər ki, Rusiya, Sərkisyana sadiqliyinin əvəzində mövqeyinin təhlükəsizliyini təmin etməyə söz verib. Buna görə də onun ayağına dolaşanları və ya Sərkisyandan fərqli olaraq Rusiyanın üzünə ağ ola biləcək həmin “cinayətkarları” vurmağa çalışır.

Bununla yanaşı Ermənistan-Rusiya münasibətlərində davam edən dinamik proseslər də göz qabağındadır. Həllə ki, bu proseslər qabarıq şəkildə təzahür etməsə də, dərinliklərdə önəmli hadisələr cərəyan edir.

Kremlə yaxşı məlumdur ki, Ermənistandakı cinayətkar sistemin mövcudluğu probleminin kökündə bütövlükdə Cənubi Qafqaz dayanıb. Buna görə də, Rusiya ilk növbədə Ermənistanın sistemli qüsurlarından xilas olmaqla, müəyyən mənada özünü bu cinayətlərdən qorumaq istəyir.

Bundan əvvəl Rusiya rəsmiləri heç vaxt Ermənistan məmurlarının vəzifələrindən sui-istifadə etmələri və bunun nəticəsində erməni ictimaiyyətinə dəyən ziyan barədə bu qədər yüksək səslə çıxış etməmişdilər.

Onların danışıq tərzlərinin dəyişdiyini görmək elə də çətin deyil. Lakin aydın məsələdir ki, Rusiya Ermənistanla siyasi əlaqələrini möhkəmlətmək vərdişindən əl çəkməyəcək.

-Ortada beynəlxalq situasiya məsələsi də var. Sirr deyil ki, dünyada maraq doğuran hadisələr baş verir. Bir neçə gün əvvəl Kipr bank- ofşoru partladı ki, bu da Rusiyanın maliyyə sahəsinə kifayət qədər ziyan vurdu.

Rusiya faktiki olaraq öz mənafeyini , maliyyə və siyasi maraqlarını güdür. Bu maraq dairəsini təmin edən proseslərdə Ermənistanın oynadığı rol da kiçik deyil.

Hadisələrin real inkişafının konkret olaraq hansı istiqamətdə cərəyan edəcəyini, eləcə də Ermənistanın və onun məmurlarının hansı fəsadlarla üzələşəcəyini isə zaman göstərəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti