“Süni intellekt demokratiyanı məhv edə bilər” – Harari

// Məşhur alim Süni İntellektdən niyə qorxur?!

   “Süni intellekt demokratiyanı məhv edə bilər” –    Harari
  03 Oktyabr 2023    Oxunub:157878
Tanınmış alim, Beynəlxalq İqtisadi Forumun rəhbəri Klaus Şvabın müşaviri Yuval Huh Harari Bakıdakı çıxışında son vaxtlar tez-tez toxuduğu Süni İntellekt mövzusundan da danışıb. Alim 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında deyib ki, Süni intellekt bir çox məsələlərin həllində bizdən üstündür. Onu yeni səviyyəyə çatdırmaq üçün cəmi bir neçə onillik lazım olacaq.
Süni intellektin bəşəriyyətə faydalarından danışan israilli tarixçi qeyd edib ki, o, kosmosun tədqiqində, həmçinin, Yer planetinin ekosistemini qorumaqda, həyat standartımızı yüksək səviyyəyə çatdırmaqda yardım edə bilər.

Hərçənd, cənab Harari Süni İntellektə skeptik yanaşanların düşərgəsinə aiddir. O, İT sənayesinin minlərlə mütəxəssisi, o cümlədən, İlon Mask, “Apple” şirkətinin həmtəsisçisi Stiv Voznyak ilə birlikdə süni intellektin yaratdığı təhlükələrlə bağlı açıq məktubu imzalayanlardan biri idi. Müraciətə qoşulanlar əmin idirlər ki, süni intellekt tərtibatçıları “daha güclü rəqəmsal ağıllar yaratmaq üçün nəzarətsiz yarışa” girişiblər. Məktub müəlliflərinin fikrincə, maşın şüuru üçün xüsusi təhlükəsizlik protokolları yaratmaq, süni intellektlə qarşılıqlı əlaqə və etik standartları müəyyən etmək üçün bu işlərə altı aylıq fasilə vermək lazımdır. Əks halda, texnologiya yalanların yayılmasına, kütləvi ixtisarlar ehtimalını artırmağa və “sivilizasiya üzərində nəzarəti itirmək” riski yaratmağa davam edəcək.

Harari əvvəlki çıxışlarında Sİ-nin vira biləcəyi ziyanlardan kifayət qədər danışıb. Hararinin fikrincə, Süni İntellekt demokratiyaya avtoritar rejimlərdən daha çox təhlükə yaradır. Çünki demokratiya mahiyyət etibarilə dialoqdur. Süni intellektlə isə həqiqi dialoq mümkün deyil. Sİ ictimai fikirlə manipulyasiya etməyə imkan yaradır. Rəqəmsal şüur avtoritar rejimlərin əlinə keçərsə, böyük problemlər ortaya çıxar.

Harari həmçinin hesab edir ki, maşın intellekti bir gün qeyri-bərabər rəqabət və “homo sapiens”lərdə müəyyən bacarıqların olmaması səbəbindən insanları işdən uzaqlaşdıracaq: "Biz elə bir həddə çata bilərik ki, iqtisadi sistem milyonlarla insanı tamamilə dəyərsiz hesab edər. Bunun dəhşətli psixoloji və siyasi nəticələri olacaq ".

İsveçrədəki “Frontiers Forumu”nda çıxışı zamanı alim bildirmişdi ki, süni intellektin bəşər sivilizasiyasına təhlükəyə çevrilməməsi üçün onun şüura malik olmasına və fiziki dünyada olan obyektləri idarə etməsinə imkan verilməməlidir. Amma süni intellekt alətləri artıq ictimai sferaya daxil olub və sivilizasiyamıza gözlənilməz istiqamətdən təhlükə yaradır. "Süni intellekt öz-özünə öyrənə və təkmilləşə bildiyindən hətta onu tərtib edənlər də yaratdıqlarının bütün imkanlarını bilmirlər və özləri bu alətlərdə yaranan qabiliyyətlərə təəccüblənirlər", - alim deyib.


Süni intellektin sürətlə inkişaf edən mətnlər yazmaq, şəkillər və musiqi yaratmaq qabiliyyəti hamıya məlumdur. Başqa istiqamətlər də var: insanların səsləri və təsvirləri əsasında dipfeyklər yaratmaq. Ancaq daha əhəmiyyətlisi odur ki, yeni süni intellekt texnologiyaları insanlarla dərin və emosional əlaqələr qura bilirlər.
“Davam edən süni intellekt inqilabının ən mühüm xüsusiyyəti odur ki, neyron şəbəkə dili orta səviyyəli insandan daha yaxşı mənimsəyir. Bununla da Sİ bütün institutlarımızı aça biləcək açara çevrilir. Dil tarixdə hər bir mədəniyyətin “əməliyyat sistemi” olub. Süni İntellekt bəşər sivilizasiyasının “əməliyyat sistemini” sındırıb.

“Əvvəlcə söz var idi. Biz sözdən mifologiya və qanunlar, tanrılar və pullar, incəsənət və elm, dostluq və millətlər yaratmaq üçün istifadə edirik. İnsan hüquqları bioloji deyil, onlar bizim DNT-mizdə yoxdur. İnsan hüquqları bizim dil vasitəsilə hekayələr danışmaq və qanunlar yazmaqla yaratdığımız şeydir... Pul da bioloji və fiziki reallıq deyil. Əskinaslar dəyərsiz kağız parçalarıdır, hazırda pulun 95%-i heç əskinas da deyil, sadəcə olaraq, kompüterlərdə bir yerdən başqa yerə ötürülən elektron informasiyadır. Pula dəyər qazandıran bankirlərin, maliyyə nazirlərinin və kripto-investorlarının bizə danışdığı hekayələrdir”,- Harari deyir.

Alim bu cür hekayələrin, melodiyaların, obrazların, qanunların və qərarların əksəriyyətinin insan şüurunun zəifliklərini və ehtiraslarını bilən qeyri-insani zəka tərəfindən hazırlandığı bir dünyada yaşasaq, nələrin baş verə biəcəyini təsəvvür etməyə çağırır.
Onun sözlərinə görə, süni intellekt artıq insanlarla dərin və hətta məhrəm münasibətlər qurmağı bacarır. Şahmat kimi oyunlarda heç bir insan kompüteri məğlub edə bilməz. Bəs sənətdə, iqtisadiyyatda, siyasətdə, hətta dində eyni vəziyyət yaranarsa, nə olacaq? İnsanlar ChatGPT-nin təhlükələri haqqında danışanda məktəblilərin ondan inşa yazmaq üçün istifadə edəcəklərindən narahat olurlar. Ancaq bu cür fikirlər tam mənzərəni gizlədir. Axı məhrəmlik istənilən siyasi qarşıdurmada ən təsirli silahdır. Süni intellekt artıq yüz milyonlarla insanla yaxın əlaqələr qurmaq imkanı qazanıb.

“ABŞ-dakı növbəti prezidentlik kampaniyası haqqında düşünün. Manifestlər və saxta xəbərlər yazmaq üçün istifadə olunacaq yeni süni intellekt texnologiyalarının təsirini təsəvvür etməyə çalışın”, - alim bildirib.
Harari qeyd edib ki, biz botlarla nə qədər çox ünsiyyətdə olsaq, onlar bizi bir o qədər yaxşı tanıyacaq, mesajları siyasi və ya iqtisadi baxışlarımıza təsir edəcək şəkildə necə quracaqlarını anlayacaqlar. Bir insanla saxta yaxınlıq yaratmaq üçün süni intellektin özünün hisslərinin olması lazım deyil, o, yalnız bizdə hisslər oyatmağı bacarmalıdır ki, ona bağlanaq.
"2022-ci ilin iyun ayında məşhur bir hadisə baş verdi. “Google”un bir mühəndisi üzərində işlədiyi çat-botun hisslər keçirməyə başladığını iddia etdi. Bu mübahisəli açıqlama ona işini itirmək bahasına başa gəldi. Amma ən maraqlısı, çox güman ki, yalan olan bu açıqlama deyil, onun riskə getməyə və çat-botun xeyrinə işini itirməyə hazır olması idi. Əgər süni intellekt insanların işini itirməsinə təsir göstərə bilirsə, o daha nələrə qadirdir!?" - Harari soruşmuşdu.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Harari   Süniİntellekt  





Xəbər lenti