BMU-ya yeni prorektor təyin olunub

BMU-ya yeni prorektor təyin olunub
  27 Mart 2024    Oxunub:1055
Elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Ətrabə Gül Bakı Mühəndislik Universitetinin (BMU) beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.
AzVision.az xəbər verir ki, BMU-nun rektoru Yaqub Piriyev yeni prorektoru kollektivə təqdim edib.

Rektor BMU-nun beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrinin səmərəli şəkildə təşkili və genişləndirilməsi ilə bağlı vacib məqamlara toxunub, qoyulan hədəflərin həyata keçirilməsi ilə əlaqədar yeni prorektorun üzərinə düşən vəzifələri vurğulayıb.

Öz növbəsində Ətrabə Gül ona göstərilən yüksək etimadı doğruldacağını, universitetin beynəlxalq sahədə inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Qeyd edək ki, Ətrabə Gül uzun illər təhsil sahəsində çalışıb. Azərbaycan Dillər Universitetinin (ADU) bakalavr və magistr səviyyələrini fərqlənmə diplomu ilə bitirib. Müxtəlif illərdə ADU-nun Xarici dillərin tədrisi metodikası kafedrasında müəllim, baş müəllim vəzifələrində çalışıb, kafedraya rəhbərlik edib. İngiltərənin ən nüfuzlu dövlət universitetlərindən olan Essex Universitetində dəfələrlə araşdırmalar aparıb, elmi əməkdaşlıqlar edib, intensiv təlimlər keçib. İtaliyanın ən nüfuzlu və tanınmış La Sapenza universitetində xarici auditoriya qarşısında mühazirə oxuyub. 50-dən çox elmi məqalə, dərslik, dərs vəsaiti, fənn proqramlarının müəllifidir. Ondan artıq elmi məqaləsi “Web of Science”/ “Scopus”, Copernikus kimi beynəlxalq bazalara daxil olan nüfuzlu jurnallarda dərc olunub. Filologiya üzrə fəlsəfə doktorudur. Bir çox beynəlxalq konfrans, qurultay və simpoziumlarda məqalə və tezislərlə çıxış edib.

2017-ci ildən BMU-da çalışır. 2019-cu ilədək BMU Dillər Məktəbinin direktoru olub. Yeni vəzifəyədək Xarici dillər kafedrasında dosent, kafedra müdiri vəzifələrində çalışıb. Universitet Qadınlar Şurasının sədridir.

Elm və təhsilin inkişafındakı səmərəli fəaliyyətinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində əldə etdiyi yüksək nailiyyətlərə görə Elm və Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanına layiq görülüb.

Ailəlidir, iki övladı var.
AzVision.az


Teqlər:





Xəbər lenti