79 milyon, 91 qadın, 739 yeni narkoman - HESABAT

   79 milyon, 91 qadın, 739 yeni narkoman -    HESABAT
  12 İyun 2024    Oxunub:726
Bu ilin yanvar-may aylarında hüquq mühafizə orqanlarının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4 856 cinayət faktı aşkarlanıb.
Bu barədə AzVision.az -a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Qeyd olunub ki, onlardan 1391-i narkotik vasitələrin qanunsuz satışı, 3 408-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 54-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin 366 kq 854,895 qr-nı heroin, 2 ton 233 kq 579,189 qr-nı marixuana, 80 kq 405,927 qr-nı tiryək, 27 kq 561,001 qr-nı həşiş, 111 kq 149,216 qr-nı psixotrop maddələr, 8 kq 478,62 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 3654 ədəd çətənə kolu və 318,8 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb.

Qanunsuz dövriyyədən çıxarılan 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 79 milyon 400.000 min manat kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2934 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər, 18-25 yaşadək 226 nəfər, 26-29 yaşadək 467 nəfər, 30 yaş və ondan yuxarı isə 2240 nəfər təşkil edir. Həmin şəxslərdən 2843-ü kişi, 91-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 31 nəfəri xarici ölkə vətəndaşıdır.

Xarici ölkə vətəndaşlarından ümumilikdə 99 kq 593,615 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 86 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 866 kq 327,179 qr narkotik vasitə və psixotrop maddə, 9190 ədəd metadon həbi çıxarılıb.

Ümumilikdə aşkar edilən cinayətlərin 126-sı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 839 kq 194,26 qr narkotik vasitə, psixotrop maddə və 4,6 qr güclü təsir edən maddə müsadirə edilib. 1118 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 613 kq 003,6 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 160, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 316, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 42, digər növ cinayət faktların sayı 25, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 30 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 937 kq 288,501 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 389 nəfər azalıb.

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 223 fakt, qrup halında olan cinayətlərin sayı isə 26 fakt artıb.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 34644 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 1 118 nəfərdən 739 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti