Saray körpüsü qəzalı vəziyyətdədir? - Rəsmi açıqlama

 Saray körpüsü qəzalı vəziyyətdədir? -  Rəsmi açıqlama
  13 İyun 2024    Oxunub:1031
"Sumqayıtdan Bakıya gələndə görürəm ki, hər yerdə təmir gedir, yollar düzəlir. Çox sevinirəm. Hətta tıxac yarananda belə vecimə almıram. Özümə deyirəm ki, bir müddət sonra rahat gedib, gələcəyik. Amma belə getsə, Sumqayıtla Saray qəsəbəsini birləşdirən körpünün üstündən rahat gedib, gələ bilməyəcəyik".
AzVision.az xəbər verir ki, bu sözləri Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində deyib. O, körpünün qəzalı vəziyyətdə olduğunu və buna görə çox qorxuğunu bildirib:

"Bir valideyn, sürücü, Sumqayıt sakini kimi körpüyə nəzarət edən qurumlara müraciət edirəm. Körpü qəzalı vəziyyətdədir. Oradan keçəndə deyirəm ki, bu dəqiqə öləcəyəm. Kəlmeyi-şəhadəti deyib keçirəm. Siz hara baxırsınız bilmirəm. Biz sürücülər o körpüdən şikayətçiyik. Hər gün oradan neçə avtobus keçir, şagirdləri aparır. Qəza olanda çox pis nəticələnəcək. Kiminsə ölməyini istəyirsinizsə, bu başqa məsələ, çəkilin durun kənarda. Bir televiziya işçisi kimi xahiş edirəm, bunu birdəfəlik nəzarətə götürün və orada təmir işlərinə başlayın. İsti olsa belə, özüm də gəlib təmirdə iştirak edərəm. Amma həqiqətən oradan keçəndə qorxuram. Belə olmaz axı. Ürəyim əsir ki, körpü bu dəqiqə uçacaq. Mənimlə birlikdə neçə avtomobil oraya düşəcək. Bunu nəzərə alın".

Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Bildirildi ki, məsələ aidiyyatı qurumların diqqət mərkəzindədir:

"Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara müraciət olunub və körpüyə ilkin baxış keçirilib. Yaxın günlərdə körpüyə yenidən kompleks baxış keçiriləcək və qəzalı vəziyyətdə olub-olmaması ilə bağlı müvafiq rəy hazırlanacaq. Rəyin cavabına uyğun olaraq körpüdə tədbirlər görüləcək".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti