Kodlaşdırmanı kim etməlidir? - Bir səhv həyatınızı dəyişə bilər

 Kodlaşdırmanı kim etməlidir? -  Bir səhv həyatınızı dəyişə bilər
  14 İyun 2024    Oxunub:1367
Abituriyentlərin imtahan cavabları açıqlandıqca onların topladıqları bala uyğun hansı universitetə qəbul olunacaqları da həyəcanla gözlənilir. Kimisi arzularına, kimisi isə balına uyğun ixtisası seçir. Lakin əksəriyyət bu məsələdə özü qərar verməkdə çəkinir və ixtisas kodlaşdırmasını xüsusi müəllimlərə həvalə edir. Bunu üçün isə ən yaxşı halda 100, 150 və ya 200 manat ödəyir.
Bəs, bu proses çətindirmi? Valideynlər özləri edə bilərlərmi?

Təhsil eksperti Elçin Əfəndi AzVision.az -a açıqlamasında bildirib ki, kodlaşırma çətin proses olduğuna görə, ona sıradan yanaşmaq düzgün deyil:

“Əgər bu sahə üzrə valideynlər, yaxud da abituriyentlər müəyyən bilik və bacarıqlara sahibdirlərsə, onlar prosesdə iştirak edə bilərlər. Lakin bir çox hallarda müşahidələrimiz göstərir ki, seçimlər düzgün aparılmır. İmtahanın nəticələri elan edildikdən sonra kortəbii formada kodlaşdırmaya görə 500-600 bal toplayan bir sıra abituriyentlər universitetə qəbul ola bilmir. Və yaxud da səhv seçimə görə dövlət sifarişli deyil, ödənişli əsaslarla təhsil alırlar. Bəzən isə istədikləri ixtisasa düşmürlər”.

Ekspertin fikrincə, istər valideynlər, istərsə də abituriyentlər peşəkar mütəxəssislərə müraciət etsələr, daha məqsədəuyğun olar.

“Kortəbii formada müəllimlər tərəfindən və yaxud da hər hansı bir şəxs tərəfindən proses aparılmamalıdır. Müəyyən mütəxəssislər var ki, seçimləri etdikləri zaman əmək bazarını araşdırıb onun əsasında kodlaşdırma edirlər. Yəni, karyera qurmaq imkanları çox olan, xaricdə işləmək üçün münasib olan ixstisasların seçiminə diqqət ayırırlar.

Əlbəttə, bu işin də müəyyən bir məbləğdə ödənişi olmalıdır. Onun nə qədər olması isə kodlaşdırmanı edən şəxsin özündən asılıdır”.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, ali təhsil müəssisələrinə ixtisas seçimi yaxınlaşdıqca sosial şəbəkələrdə müxtəlif şəxslər, səhifələr ödəniş müqabilində qeydiyyat, ixtisas seçimi həyata keçirə biləcəkləri ilə bağlı elanlar paylaşırlar:

“Dövlət İmtahan Mərkəzi adından abituriyentləri diqqətli olmağa çağırırıq. Bir çox hallarda hətta Mərkəzin adından da sui-istifadə olunur. Abituriyentlər və onların valideynləri bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası özləri bu prosesi həyata keçirməlidirlər.

İxtisas seçimi zamanı abituriyentlər bəzən hər hansı texniki səhvə yol verəcəklərindən ehtiyatlanırlar. Lakin proqram təminatı elə qurulub ki, abituriyentin səhv etmək imkanı yoxdur və ərizəni yadda saxladıqda hər hansı bir yanlışlıq varsa, sistem tərəfindən səhvin mahiyyəti barədə xəbərdarlıq edilir. Yalnız həmin səhv düzəldildikdən sonra ərizəni təsdiq etmək mümkün olur.

“Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası çox sadədir və “Abituriyent” 4 jurnalında da veriləcək. Burada, həmçinin qəbul aparılan ixtisaslar, onların kodları göstəriləcək”.

Qurum rəsmisi qeyd edib ki, ixtisas seçimindən öncə isə hər ixtisas qrupu üzrə ayrıca “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı vəsaitlər nəşr olunacaq:

“Burada abituriyentlərin imtahan ballarının paylanması, eləcə də ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunacaq.

Bu prosesin istənilən bir mərhələsində çətinlik çəkən abituriyentlər Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılan və ödənişsiz xidmət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət Mərkəzləri Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Avrasiya, Memarlıq və İnşaat, Texniki Universitet, Bakı Mühəndislik Universitetlərində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində və DİM-in regional bölmələrində fəaliyyət göstərirlər”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti