Səfirliyin bərpası İran-Azərbaycan münasibətlərində yeni səhifə açdı - Politoloq

  Səfirliyin bərpası İran-Azərbaycan münasibətlərində yeni səhifə açdı -    Politoloq
  16 İyul 2024    Oxunub:1002
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında aparılmış danışıqlar nəticəsində 15 iyul 2024-cü il tarixindən etibarən ölkəmizin Tehrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.
Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu olub. Hadisədən sonra iki ölkə arasında münasibətlər zəifləmişdi.

Məsələni AzVision.az -a şərh edən Orta Doğu Araşdırma Mərkəzinin rəhbəri, siyas şərhçi Sədrəddin Soltan bildirib ki, Azərbaycan İran münasibətləri 33 il ərzində heç vaxt hamar olmayıb.

Onun sözlərinə görə, Azərbaycan torpaqları işğal altında olduğu dövrdə Tehran hakimiyyəti işğalçını müdafiə etməklə ölkəmizə təzyiqlər göstərirdi:

Pezeşkianının seçilməsi İran-Azərbaycan münasibətlərinə nə vəd edir?
"Torpaqlar işğaldan azad olunduqdan sonra da İranın Azərbaycana münasibətində müəmmalar vardı. Daxili işlərimizə müdaxilələr olunurdu. 2023-cü il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu bu münasibətlərin gərginliyinin kulminasiyası oldu.

Bundan sonra diplomatik münasibətlər pozuldu. Son bir il ərzində İranın öz səhvini düzəltmək üçün çoxsaylı cəhdləri, həlak olmuş prezident İbrahim Rəisi ilə Azərbaycanın dövlət başçısı İlham Əliyevin görüşməsi münasibətlərdə normallaşmanın başladığının göstəricisi idi".

Politoloq qeyd edib ki, İranın Azərbaycana qarşı etdiyi çoxsaylı yanlış addımlara, təhrif olunmuş xəbərlərin yayılmasına, hətta İranın daxilində Azərbaycan dövlətinə qarşı qrupun saxlanılmasına baxmayaraq, rəsmi Bakı öz xoşməramlılığını nümayiş etdirərək səfirliyin fəaliyyətinin bərpasına başlayıb:

"İran qonşuluq və müsəlman dövlətləri ilə münasibətləri inkişaf etdirəcək prinsiplərinə sadiq qalsa, iki ölkə arasındakı əlaqələr daha yaxşı istiqamətdə irəli gedə bilər. Xüsusən, iqtisadi, energetika, yol nəqliyyat sahəsində inkişaf edə bilər. Yox, əgər İran yenə ənənəvi olaraq Ermənistandan və başqa qüvvələrdən, Azərbaycana qarşı pozuculuq fəaliyyəti ilə məşğul olsa, münasibətlər yenə də gərginləşəcək və əvvəlki vəziyyətə düşəcək. Səfirliyin fəaliyyəti iki ölkə arasında diplomatik münasibətlərin normallaşması üçün yeni səhifədir və torpaqlar işğaldan azad olunduqdan sonra İrana yeni mesajdır".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   Azərbaycan   səfirlik  





Xəbər lenti