Bu il 123 uşaq öz ailələrinə qaytarılıb

   Bu il 123 uşaq öz ailələrinə qaytarılıb
  20 İyul 2024    Oxunub:859
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə ötən ildən tətbiqinə başlanılan “Himayədar ailə” qayğı modeli çərçivəsində nazirlik tərəfindən görülən işlərə və qarşıda duran hədəflərə dair iclas keçirilib.
İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli “Himayədar ailə” qayğı modelinin valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində qayğı əhatəsində böyüməsi və inkişafında önəmli rolunu qeyd edib.

Yeni modelin tətbiqi ilə uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi sahəsində geniş imkanlar açıldığı vurğulanıb.

Uşaqların müəssisələrə düşməsinin qarşısının alınması, müəssisələrdə olan uşaqların reinteqrasiyası istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Qeyd olunub ki, “Himayədar ailə” qayğı modeli çərçivəsində nazirlik tərəfindən bu il ərzində 20 uşaq himayədar ailələrə verilib. Reinteqrasiya tədbirləri nəticəsində 123 uşaq müəssisələrdən öz ailələrinə qaytarılıb.

Xatırladaq ki, “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti olaraq ailə yanında yerləşdirilməsini, onların dövlət nəzarəti altında ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutan alternativ qayğı modelidir.

AzVision.az



Teqlər:





Xəbər lenti