Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilib

 Baş Prokurorluqda Geniş Kollegiya iclası keçirilib
  22 İyul 2024    Oxunub:983
Baş Prokurorluqda “Prokurorluq orqanları tərəfindən 2024-cü ilin birinci yarımilində görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair” Geniş Kollegiya iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az -a verilən xəbərə görə, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Mərkəzi aparatın, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videoformat rejimində 2024-cü ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Qeyd edilib ki, hesabat dövründə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri intensiv formada davam etdirilib, Prezident İlham Əliyev tərəfindən Ağdam, Cəbrayıl, Zəngilan və Şuşa rayonlarında kəndlərin və qəsəbələrin təməli qoyulub, həmçinin cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çoxsaylı ictimai iaşə, yaşayış, kommunikasiya obyektlərinin açılışlarında iştirak edilib.

Vurğulanıb ki, 2024-cü ilin birinci yarımilində də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində görülən uğurlu işlər nəticəsində keçmiş məcburi köçkünlərin hissə-hissə öz yurd-yuvalarına qaytarılması təmin edilib.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər, dövlət təhlükəsizliyi və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 18518 cinayət qeydə alınmaqla onların 87,6 faizinin açılması təmin edilmiş, 2023-cü ilin birinci yarımili ilə müqayisədə qeydə alınan cinayətlərin sayında 1015 fakt və ya 5,2 faiz azalma olub, ümumilikdə ölkə üzrə cəmi 8819 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 524-ü prokurorluq orqanlarında isintaq edilib.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 359, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 7076 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 696 milyon 983 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə 193 milyon 441 min manatın ödənilməsinə nail olunub.



Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 75 milyon 906 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 49 milyon 368 min manat hissəsinin ödənilməsinə nail olunub, 8.361.026 manat məbləğində əmlak üzərinə isə həbs qoyulub.

Qeyd edilib ki, 2023-cü ildən istifadəyə verilmiş “Elektron Porkurorluq” informasiya sistemi artıq bütün prokurorluq orqanlarında uğurla tətbiq edilir, Baş Prokurorluğun Rəqəmsal Sənəd Dövriyyəsi altsisteminə qoşulması nəticəsində 2024-cü ilin birinci yarımili ərzində inteqrasiya ilə prokurorluq orqanlarına 6825 sənəd daxil olmuş, 7582 sənəd isə digər qurumlara göndərilib.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən hər il olduğu kimi korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə ciddi cəhdlə davam etdirilib, Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində 25 şəxs bilavasitə cinayət başında yaxalanıb, axtarışda olan 4 nəfər isə saxlanılıb.

Kollegiya iclasında daxili işlər və digər aidiyyəti dövlət qurumları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorlarının iştirakı ilə hesabat dövründə birinci instansiya məhkəmələrində 8307 şəxs barəsində 7530, apellyasiya instansiyası məhkəmələrində 2588 şəxs barəsində 2378, kassasiya instansiyası məhkəməsində 1542 şəxs barəsində 1350 (bütün instansiya məhkəmələri üzrə cəmi 12437 şəxs barəsində 11258 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 770 apellyasiya və 304 kassasiya protestləri verilib, *384 apellyasiya protesti və 71 kassasiya protestləri təmin olunmaqla nəticədə məhkəmə səhvlərinin aradan qaldırılması təmin olunub.

Bildirilib ki, hesabat dövründə tabe rayon (şəhər) prokurorluqlarının fəaliyyətində də qənaətbəxş nəticələr əldə olunub, 2023-cü ilin birinci yarımili ilə müqayisədə adam öldürmə cinayətlərinin sayı sabit qalmış və törədilmiş 75 cinayətdən 74-ün açılması təmin olunub.

Aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilən məqsədyönlü, o cümlədən maarifləndirici tədbirlər nəticəsində 2024-cü ilin birinci yarımilində ötən ilin müvafiq dövrü ilə müqayisədə intihar hadisələrin sayı 1,9 %, intihara cəhd hadisələrin sayı isə 8,9 % azalıb.

Cari ilin birinci yarımilində istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarətin səmərəliliyinin artırılması məqsədilə prosessual rəhbərlik və effektiv nəzarətin həyata keçirilməsini təmin edəcək mexanizmin təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülməklə cinayət işləri üzrə icraata xitam verilməsinə dair 458 qərar əsassız və qanunsuz hesab edilərək ləğv olunub.

2024-cü ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 643 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Qeyd edilib ki, Baş Prokurorluğun “Çağrı Mərkəzi”nə hesabat dövründə daxil olmuş müraciətlərdən 14562 müraciət üzrə vətəndaşlara onları maraqlandıran müvafiq hüquqi izahlar verilib, 2213 məlumat isə cinayət xarakterli olduğu üçün qeydə alınaraq araşdırılması aidiyyəti struktur qurumlara tapşırılmaqla qanuna müvafiq tədbirlərin görülməsi təmin edilmişdir.



Kollegiya iclasında qeyd edilib ki, ötən yarımildə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb, aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif xətalar törətdiklərinə görə 8 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib ki, onlardan 4-nə töhmət və ya şiddətli töhmət elan edilib, 3 nəfər vəzifədən azad edilib, 1 nəfər isə prokurorluq orqanlarından xaric edilib.

Kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin icra edildiyi, prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin təmin edilməsi məqsədilə işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 50 ştat vahidi üzrə 26-cı növbəti müsabiqə elan edildiyi diqqətə çatdırılıb.

Hesabat dövründə valideynlik vəzifələrini yerinə yetirməyən, tüfeyli həyat tərzi keçirən, həmçinin zərərli vərdişləri ilə əlaqədar himayələrində olan azyaşlı uşaqlarının həyatlarını təhlükəyə atan valideynlərə qarşı valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 3 mülki iddia (ümumilikdə 6 uşağın 4 valideyni barəsində) qaldırılıb.

Daha sonra Baş prokurorunun birinci müavini Elçin Məmmədov, müavinləri Elmar Camalov və Heydər Məmmədov, Baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov, Bakı şəhər prokuroru Elşən Abbasov, Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev, Hərbi prokurorunun müavini Şəfahət İmranov hesabat dövründə fəaliyyət, bu zaman yol verilmiş nöqsanlar və onların aradan qaldırılması istiqamətində görülməli tədbirlər barədə, Xankəndi şəhər prokuroru Rəşadət Orucov isə hesabat dövründə görülmüş işlərlə bağlı məruzələrlə çıxış edib, müzakirələr ətrafında fikir mübadiləsi aparılmaqla qarşıda duran vəzifələrə dair tapşırıqlar verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti