"HƏMAS liderinin öldürülməsi İranın yeni prezidentinin imicinə böyük zərbə oldu" - Politoloq

 "HƏMAS liderinin öldürülməsi İranın yeni prezidentinin imicinə böyük zərbə oldu" - Politoloq
  31 İyul 2024    Oxunub:1736
Xəbər verdiyimiz kimi, HƏMAS-ın rəhbərlərindən biri İsmayıl Haniyə İranın paytaxtı Tehranda iqamətgahına hücum zamanı öldürülüb. Hadisə vaxtı Haniyənin mühafizəçilərindən biri də həlak olub. Qəsdin hansı şəraitdə baş verdiyi araşdırılır.
Baş verən hadisəni AzVision.az -a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, İsrail HƏMAS liderini istənilən başqa ölkədə neytrallaşdıra bilərdi.

İranda HƏMAS liderinin qətli ilə bağlı üçgünlük matəm elan olunub
"Lakin bunun üçün məhz İranı seçdi. İsrail bir neçə istiqamətdə hərbi əməliyyat həyata keçirir. Livanın paytaxtı Beyrut olmaqla bu ölkənin cənub ərazisində Hizbullahın mövqelərini bombalayır. İndi İranda HƏMAS liderinin öldürülməsi vəziyyəti daha da gərginləşdirəcək. HƏMAS lideri İranın islahatçı prezidenti kimi dəyərləndirilən Məsud Pezeşkianın andiçmə mərasiminə gəlmişdi. Bu hadisə İranın yeni prezidentinin imicinə də böyük zərbə oldu. Pezeşkian islahatçı olsa belə, HƏMAS liderinin Tehranda öldürülməsinə kəskin reaksiya vermək məcburiyyətindədir.

O, ali dini lider və SEPAH-ın İsrailə qarşı müxtəlif həmlələrinə dəstək vermək məcburiyyətində qalacaq. Belə olan halda Məsud Pezeşkianın Qərb ölkələri ilə münasibətlərin normallaşdırılması istəyi arxa plana keçəcək. İsrailə də elə bu lazımdır. Artıq Təhlükəsizlik Şurası İranda toplaşıb. Cavab aksiyaları həyata keçirmək barədə düşünür".

Politoloq baş verən hadisənin bölgəmizə təsirindən də danışıb:

"Biz barış, sülh və əməkdaşlıqda maraqlıyıq. Bu məsələdə neytrallığımızı qoruyacağıq. Türkiyə və bir neçə ölkə də bu hadisəni pislədi. Necə ki, biz Rusiya-Ukrayna müharibəsini müşahidə edirik, müharibə genişlənir, müharibəyə qarışan ölkələrin sayı artır, Ukrayna, Amerika raketləri ilə Rusiya ərazilərini vurur, Rusiya İran dronları və Şimali Koreya raketləri ilə Ukraynanı vurur. Çox təəssüf ki, Yaxın Şərqdə oxşar hadisələrin şahidinə çevrilə bilərik. Təsadüfi deyil ki, Yaxın Şərqi həmişə “Barıt çəlləyi” adlandırırlar. Amma İran bu və ya dolayı yollarla İsrail ərazilərinə zərbələr endirə bilər. Bu, müharibənin miqyasının genişlənməsinə səbəb olacaq".

Həmidə İbrahimova

AzVision.az


Teqlər:  





Xəbər lenti