Moskva Netanyahunun Colan təpələri iddiasına reaksiya verib

   Moskva Netanyahunun Colan təpələri iddiasına reaksiya verib
  10 Dekabr 2024    Oxunub:1171
Rusiya İsrailin Colan təpələrinin hansı hissəsinin özününkü hesab etdiyini anlamır və İsrail hakimiyyətinin bəyanatlarını ziddiyyətli kimi qiymətləndirir.
AzVision.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya belə bəyanat səsləndirib.

“Əvvəlcə baş nazir Netanyahu bir şey dedi, sonra İsrail səfiri məktub göndərərək bunların yaranmış boşluq səbəbindən müvəqqəti həll yolları olduğunu söylədi. Bufer zonasını pozaraq Colan təpələrinin məhz hansı hissəsini İsrailin ayrılmaz hissəsi hesab etdiyini biz başa düşmürük”, - rusiyalı diplomat vurğulayıb.

O, bildirib ki, Yaxın Şərqdə artan gərginlik fonunda İsrail rəhbərliyinin bu cür bəyanatları hərtədəfli izahat tələb edir.

Bundan əvvəl Binyamin Netanyahu 1967-ci ilə qədər Suriyaya məxsus olan Colan təpələrinin həmişə İsrailin ayrılmaz hissəsi kimi saxlanacağını açıqlayıb.

- Biz hamımız orada, onların ətəyində deyil, Colan təpələrində olmağımızın böyük əhəmiyyətini anlayırıq. Colan təpələri üzərində nəzarətimiz və səlahiyyətimiz bizi təhlükəsiz saxlayır. Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq. Biz Yaxın Şərqin simasını dəyişirik. Biz fərqli Suriya görmək və sülh içində yaşamaq istəyənlərə əlimizi uzatmaq istəyirik”, - İsrailin baş naziri deyib.

Bu kontekstdə baş nazir xatırladıb ki, 2019-cu ildə o vaxtkı ABŞ prezidenti Donald Tramp onun xahişi ilə “İsrailin Colan təpələri üzərində suverenliyini” tanıyıb. Netanyahu, habelə Əsəd rejiminin devrilməsinin İsrailin “Hizbullah”ı və İranı xeyli zəiflədən və “İranın şər məhvərinə” ağır zərbə vuran hərəkətlərinin birbaşa nəticəsi olduğunu iddia edib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Colan   İsrail   Rusiya  





Xəbər lenti