Paşinyan Arutyunyanı İlham Əliyevə məktub yazmağa qoymayıb

   Paşinyan Arutyunyanı İlham Əliyevə məktub yazmağa qoymayıb
  04 Mart 2025    Oxunub:284
Bakı Məhkəmə Kompleksində Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş erməni separatçı rejiminin nümayəndələrinin məhkəməsi davam edir.
AzVision.az bildirir ki, Qarabağdakı separatçıların başçısı Araik Arutyunyan dünənki ifadəsində 44 günlük müharibə günlərində Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazmaq istədiyini, lakin Ermənistanın baş naziri Nikol Paşinyanın buna imkan vermədiyini iddia edib.

“Oktyabrın 18-i axşam Nikol Paşinyana zəng vurub dedim ki, müharibənin başa çatması ilə bağlı Azərbaycan prezidentinə məktub yazmağa hazıram, lazım gəlsə, Bako və Arkadi də ona qoşulacaq. Məktubun məqsədi sadəcə olaraq müharibəni dayandırmaq idi. Paşinyana yazdığımız məktubun məzmunu belə idi: müharibəni istənilən qaydada dayandırmaq və bəyan etmək ki, bu, erməni sakinlərinin istəyidir”, - Araik deyib.

Arutyunyan: “Ermənistan Azərbaycan aeroportlarını vurmaq istəyirdi”
Keçmiş separatçının iddiasına görə, Ermənistanda konsensus olmadığından Paşinyana deyib ki, onlara istinad etsin və müharibəni dayandırmaq lazımdır.

- Biz sonradan dırnaqarası günahkar olmağa hazırıq, amma insan həyatını xilas etmək lazımdır. Paşinyan bir neçə görüş keçirdi, müxalifətlə görüşdü, demək olar ki, hamı ilə görüşdü. Oktyabrın 19-da günün sonunda mənə zəng vurdu və dedi ki, müharibə davam edir”, - Araik Arutyunyan bildirib.

Qeyd edək ki, Qarabağdakı ləğv edilmiş separatçı qurumun keçmiş “lideri” məhkəmədə dünənki ifadəsində həmçinin Ermənistan hakimiyyətinin Azərbaycan aeroportlarına zərbələr endirməyi planlaşdırdığını da açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Arutyunyan   məhkəmə   məktub  





Xəbər lenti