“Əsgər ölümləri artmayıb”

 “Əsgər ölümləri artmayıb”
  17 May 2013    Oxunub:12721
AzVision.az saytının dördüncü qonağı, Respublika hərbi prokurorunun müavini Şəfahət İmranov oxucularımızın suallarına cavab verir.
Xalid:

- Şəfahət müəllim, SSRİ vaxtında xidmət edən şəxslər deyirlər ki, o zamanlar hərbi hissələrdə də “dedovşina” xidmətin bir hissəsi kimi normal qəbul edilirmiş və əsgərlərin bununla razılaşmaqdan başqa çarələri yox imiş. Bizim də orduda “dedovşina” halları mövcuddur. Düzdür, deyirlər, son dövrlər azalıb, amma yenə də problem olaraq qalır. Sizcə, bu halların qarşısı niyə alına bilmir?

- Son illərdə ordu quruculuğu sahəsində görülən işlər nəticəsində Azərbaycanda qüdrətli və nizamlı ordu yaranıb. Orduda aparılan tərbiyəvi işlərin nəticəsi olaraq, hər bir vətəndaş Silahlı Qüvvələr sırasında xidmət etməyi şərəfli iş saymaqla, bundan qürur duyur.
Çox təəssüf ki, əldə edilmiş müsbət nailiyyətlərlə yanaşı, orduda neqativ hallar da mövcuddur. Orduda baş verən qeyd etdiyiniz neqativ hallarla qətiyyətli mübarizə aparılır,hər bir cinayət hadisəsinə dərhal reaksiya verilir, cinayət işi başlanılıb araşdırma aparılır, təqsirli olan şəxslər məsuliyyətə cəlb olunur, cinayətin baş verməsinə səbəb olan və şərait yaradan halların aradan qaldırılması üçün aidiyyətli vəzifəli şəxslərə təqdimatlar verilir. Lakin görülən tədbirlərə baxmayaraq, bu problemlər orduda hələ ki, mövcuddur.

Dadaş Quliyev:

- Mən 703 nomrəli h/h-nin 2-ci batalyon 1-ci rotasında 3-cü vzvord komandiri olmuşam. Batalyon komandiri Nəsirov Səməd 1993-cü ilin oktyabr ayından 1994-cü ilin yanvar ayının 31-i gecəsi ağır yaralanana qədər, döyüşlər zamanı komandir kimi aldığım tapşırıqları 100 faiz yerinə yetirmişəm. Buna baxmayaraq, hazırda sıravi əsgər kimi təqaüd alıram. Buna səbəb müvafiq əmrin olmamasıdır...

- Sizə ayrılan təqaüdün məbləği və şərtləri ilə razı olmamağınızla bağlı Müdafiə Nazirliyinə müraciət etməlisiniz. Əgər Müdafiə Nazirliyinin verdiyi cavablar sizi qane etməzsə, 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinə müraciət edib, öz hüquqlarınızı məhkəmə yolu ilə müdafiə edə bilərsiniz.



Vətəndaş:

- Son vaxtlarda orduda əsgər ölümlərinin çoxalmasına səbəb nədir?..

- Bəzi Kütləvi İnformasiya Vasitələrində son zamanlar guya orduda qanunsuzluqların baş alması, ölüm hadisələrinin sayının çoxalması və digər bu kimi həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bildirirəm ki, statistikaya əsasən, Azərbaycan ordusunda əsgər ölümlərinin sayı heç də çoxalmayıb, bunlar yanlış məlumatdır. Sadəcə, bu məsələnin üzərinə ictimai fikri bilərəkdən istiqamətləndirən qüvvələr var və insanlarda belə bir yanlış təsəvvür yaranır ki, orduda guya əsgər ölümləri çoxalıb.

Veteran:
- Hazırda Azərbaycan ordusunda fərarilik halları varmı?

- Milli ordumuzun formalaşdığı dövrdə xidmət yerini özbaşına buraxıb getmə və fərarilik kimi cinayətlərin sayının həddindən artıq çox olduğu halda, son illər orduda bu kateqoriyadan olan cinayətlərin sayı demək olar ki, sıfıra enib. Bu növ hadisələr ildə 2 və ya 3 hal olur.

Yetim əsgər:
- Zabitlərin əsgərlərdən siqaret pulu, kontur pulu almasına nə vaxt son qoyulacaq?

- Təəssüf, etiraf etmək lazımdır ki, orduda rüşvətxorluq, hədə-qorxu ilə pul tələb etmə və sair bu kimi hallar yenə də mövcuddur. Bu növ cinayətlərin qarşısının alınması, törətdiyi halda isə vaxtında aşkar edilib günahkar şəxslərin cəzalandırılması istiqamətində kəsərli tədbirlər görülür. Habelə, hərbi hissələrdə mühazirələr oxunulur, hərbi qulluqçuların qəbulu keçirilir, digər hüquqi maarifləndirmə işləri aparılır, etimad qutuları təşkil olunur, mütəmadi olaraq tədbirlərin planı hazırlanıb həyata keçirilir və digər tədbirlər görülür.



Voenkom:

- “Voenkomat”larda rüşvət alıb, varlı uşaqlarını əsgərlikdən saxlatmaq hallarını araşdırmısınızmı heç?

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə 2011- ci ilin yanvar ayının 27-də keçirilmiş Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasında geniş iclasında verilmiş tapşırıqlarla əlaqədar Respublika Hərbi Prokurorluq orqanları tərəfindən qarşıda duran vəzifələrin icrası istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilib.Tədbirlər nəticəsində Respublikanın bəzi rayon hərbi komissarlıqlarının, o cümlədən Sumqayıt şəhəri, Bakı şəhərinin Binəqədi, Suraxanı, Xətai rayonları, Respublikanın 10-dan artıq digər rayon hərbi komissarlıqların vəzifəli şəxsləri, komissarlıqların nəzdində fəaliyyət göstərən hərbi-həkim komissiyasının sədr və üzvləri barəsində rüşvət alma, vəzifə saxtakarlığı, qulluq mövqeyindən sui-istifadə etmə faktları ilə bağlı cinayət işləri başlanılıb, onlarla komissarlıq əməkdaşları həbs edilərək məhkəmə məsuliyyətinə verilib və məhkəmənin müvafiq hökmləri ilə ağır cəzalara məhkum edilmişlər. Hazırda Orduda korrupsiya cinayətləri ilə bağlı işlər davam etdirilir.


Zahidə Vulkan:
- Hərbi hissələrdə özünü öldürmə həddinə çatma cinayətlərinin sayının son illər artması nə ilə bağlıdır?

- Qeyd etdiyim kimi, əldə edilmiş müsbət nailiyyətlərlə yanaşı, orduda neqativ hallar, o cümlədən intihar və sair bu kimi hadisələr də mövcuddur. Bunların baş vermə səbəbləri müxtəlifdir: hərbi qulluqçuların hərbi xidmətin spesifik çətinliklərinə dözə bilməməsi, ailələrində və şəxsi həyatlarında olan problemlər, məktəblərdə hərbi xidmətə hazırlığın aşağı səviyyədə olması, hərbi qulluqçular arasında baş verən xırda insidentlər, habelə onlara qarşı edilən qanunsuz hərəkətlər intihar hadisələrinin baş verməsinə səbəb olmuşdur.
Məsələn, Naftalan şəhərində yerləşən N saylı hərbi hissənin əsgəri ailəsində olan maddi çətinliklər, atasının tez-tez spirtli içkilər qəbul etməsi, valideynləri arasında olan münaqişələr onun emosianal fonunun aşağı düşməsinə səbəb olub, nəticədə o, döyüş növbəsində olarkən xidməti istifadəsində olan avtomat silahdan baş nahiyəsinə atəş açaraq özünü öldürmüşdür.
Müqayisə üçün onu da qeyd etmək lazımdır ki, Amerika Birləşmiş Ştatları ordusunda hərbi qulluqçular arasında təkcə 2012-ci ildə 349 intihar hadisəsi baş verib ki, bu da ordunun şəxsi heyətinin 0,01%-ni təşkil edir. Azərbaycan ordusunda isə 2012-ci ildə intihar etmiş hərbi qulluqçuların sayı 0,005 % təşkil edib. Eyni ilə Azərbaycan ordusunda intihar hadisələrinin sayı həm Rusiya, həm də Türkiyə dövlətinin ordusu ilə müqayisədə xeyli az olub.



Pərvin:
- Cənab prokuror, Sizin qəbulunuza necə düşmək olar?

- Respublika Hərbi Prokurorluğunun inzibati binasında vətəndaşların qəbulu günləri və vaxtı qeyd edilmişdir. Əlavə məlumat üçün Hərbi Prokurorluğun növbətçi hissəsinə zəng edə bilərsiniz (012-493-71-05)


Hacı:

- Hörmətli Şəfahət bəy. Son zamanlar Milli Orduda əsgər ölümləri nə ilə bağlıdır? Siz hesab etmirsinizmi ki, Azərbaycan Ordusunda Sovet dönəmindən qalma nizamnamə sadəcə adı dəyişilərək qüvvədədir və bu nizamnamə Azərbaycan xalqının mentalitetinə ziddir. Ordunun nizamnaməsində hansısa dəyişikliklərin, əlavələrin ediləcəyi gözlənilirmi?

- Qeyd etmək istəyirəm ki, Azərbaycan Ordusunda müvafiq xidmət növlərini tənzimləyən 5 nizamnamə var. Əvvəlcə hansı nizamnamədə dəyişikliklərin edilməsindən söhbətin getdiyi dəqiqləşdirilməli və sonra buna münasibət bildirilməlidir.

Sərxan:

- Salam. Sualım belədir: Hərbi hissələrdəki vəziyyətə ictimai nəzarət mexanizmi mövcuddurmu?

- Hərbi hissələrdəki vəziyyətə ictimai nəzarət mexanizminin yaradılmasını necə təsəvvür edirsiniz? Bildirmək istiyirəm ki, hər bir hərbi hissə qapalı və məxfi obyektdir. Həmin hərbi hissələrə ictimaiyyətin nümayəndələrinin, habelə digər aidiyyəti olmayan şəxslərin buraxılması qeyri-mümkündür. Çünki hərbi hissələrlə bağlı hər bir məlumat məxfi olmaqla, onun yayılması milli təhlükəsizliyimizə təhlükə yarada bilər. Hətta hərbi prokurorluğun əməkdaşları, o cümlədən, mən özüm də, hərbi hissəyə yalnız sənəd təqdim edildikdən sonra buraxılıram. Dünyanın hər yerində belədir. Buna görə də, hərbi hissələrdə ictimai nəzarətin yaradılması mümkün deyil.

Fuad:
- Şəfahət müəllim, 2013-cü ildə Azərbaycan ordusunda baş verən əsgər və zabit ölümlərinin statistikası və orduda baş verən həbslər barədə məlumat verməyinizi xahiş edirəm?

- Bütün ölkələrdə sualda göstərdiyiniz məlumatlar məxfi saxlanılır. Çünki, misal üçün, sizin saytınız dünyanın bütün ölkələrində, o cümlədən, Azərbaycanla düşmən olan ölkələrdə də oxunulur və bu cür informasiyaların düşmənin əlinə keçməsi yolverilməzdir. Ona görə də, mən həmin statistikanı açıqlaya bilmərəm. Yalnız bir daha təkrarlaya bilərəm ki, statistikaya görə, əsgər ölümlərinin sayı heç də artmayıb.

Vüsal:

- Şəfahət müəllim, Baş Prokurorluğun Korrupsiyaya qarşı mübarizə idarəsində olduğu kimi, Hərbi Prokurorluqda da qaynar xəttin yaradılmasına münasibətiniz necədir?

- Respublika Hərbi Prokurorluq orqanlarında son illərdə aparılan struktur dəyişiklikləri zamanı “Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsi” yaradılmışdır. Həmin şöbə orduda baş vermiş korrupsiya cinayətlərinin araşdırılması ilə məşğul olur və hər bir vətəndaş orduda baş verən bu növ qanunsuzluqlarla bağlı həmin şöbəyə müraciət edə bilər.


Teqlər:  





Xəbər lenti