Xəzərdə harada çimmək olar?

 Xəzərdə harada çimmək olar?
  25 İyun 2024    Oxunub:1245
Yayın qızmar istisində sərinləmək üçün çoxumuz Xəzər dənizinə üz tuturuq. Təəssüfk ki, Xəzərin suyu çimmək üçün o qədər də əlverişli deyil. Dənizin neftlə, sənaye tullantıları, kanalizasiya ilə çirklənməsi dəri xəstəlikləri və digər sağlamlıq problemlərinə səbəb ola bilər.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, laboratoriya müayinələrinin nəticələrinə əsasən, Bakı şəhərinin Buzovna, Zuğulba, Mərdəkan, Şüvəlan, Novxanı, Gorədil, Nardaran, Bilgəh və Pirşağı çimərliklərində dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəriciləri norma səviyyəsində olduğu üçün çimmək üçün yararlı hesab olunub.

Lakin Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Sumqayıt şəhərinin çimərlikləri, Yalama, Nabran, İstisu, Seyidli kəndi, cənub bölgəsinin Lənkəran və Astara çimərliklərindən istifadə tövsiyə olunmur.

İnfeksionist Mərdan Əliyev AzVision.az-a bildirib ki, Xəzər dənizində çimmək xəstlik riski daşıyır:

“Suyun müayinəsində onun çirklənmə dərəcəsini göstərən koli-titri və koli-indeksindən istifadə olunur. Göstəricilər yüksək çıxan çimərliklərdə suda bağırsaq çöplərinin miqdarı çox olduğu üçün çimmək olmaz.

Belə sularda çimərkən müxtəlif mədə-bağırsaq xəstəlikləri, ishal, ürəkbulanma, qusma müşahidə oluna bilər. Daha çox uşaqlar və yaşlılar üçün təhlükəlidir”.

Ekoloq Rövşən Abbasov qeyd edib ki, hansısa çimərliyə gedərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tövsiyələrinə ciddi surətdə əməl etmək lazımdır:

“Elə çimərliklər var ki, yaxınlığındakı yaşayış evləri kanalizasiya şəbəkələrinə qoşulmayıb və bu səbəbdən də çirkab sular birbaşa dənizə axır. Hazırda Abşeron yarımadasında olan evlərin yalnız bir hissəsi çirkab sularını təmizlənmə sisteminə qoşulub”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə bildirib ki, çimərliklərdə konkret sanitar gigiyenik tələblər var:

“Su toksinlərdən, kimyəvi qarışıqlardan, orqanizm üçün zərərli digər maddələrdən təmizlənməlidir. Çimərliklərdə ölmüş heyvan cəsədləri olan çürüntü məhsulları olmamalıdır.

Bakıda bir neçə il öncə baş verən zəlzələdən sonra dəniz dibində müəyyən yarğanlar əmələ gəlib. Bəzən batmaların səbəbi də bununla izah olunur. Ona görə də çimməyə icazə verilən yerlərdə dənizin dibi də yoxlanmalıdır. Yəni çimərlik tam təhlükəsiz olmalıdır”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti