Deputat Prezidentə minnətdarlıq etdi

   Deputat Prezidentə minnətdarlıq etdi
  28 İyun 2024    Oxunub:1521
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Qarabağı Rusiyanın guya onlardan alıb bizə bağışladığı haqda açıqlaması sözügedən dövlətdən daha çox Azərbaycanın əleyhinə yönəldiyindən mən onunla bağlı bəzi fikirlərimi bölüşmək istərdim.
Çünki çox da uzaq olmayan keçmişdə-19-cu əsrdə Rusiyanın bu regionda kimdən kimə torpaq alıb verdiyini, İrəvan xanlığında Ermənistanın necə yaradıldığını, sovet dönəmində onun ərzisinin azı 3 dəfə nə cür böyüdüldüyünü bilməyən yoxdur.

Amma, baxın, əgər bunlar 2-3 il, hətta bir neçə ay öncə hər kəsin az qala onlayn rejimdə öz gözləri ilə gördüklərini bu cür tərs-məssəb çatdırırlarsa, uydurma keçmişlərindən, miflərindən, “Böyük Ermənistan” xülyasından sizcə, əl çəkəcəklərmi?

Maraqlıdır, Qriqoryanın bu açıqlamasından sonra qərbdəki bəlli çevrələr yenədəmi bizə aşılamağa çalışacaqlar ki, konstitusiyalarına dəyişiklik etmədən Ermənistanla sülh mümkündür? Orada njdeizmə- Azərbaycan və Türkiyə əleyhinə düşmənçilik əməllərinə son qoyulmadığı, tsexakronizmin yenə də dövlət ideologiyası olaraq qaldığı sirdir bəyəm?

Qriqoryanın, ardınca da parlamentlərinin sədri Alen Simonyanın Latviyadakı sayıqlamaları həm də onun təsdiqi deyilmi ki, üçüncü Qarabağ savaşı haqda təkcə kilsə və daşnaklar düşünmür, sözdə sülhdən dəm vursalar da, rəsmi İrəvan da buna hazırlaşır. Ancaq haylar da, onları revanşizmə sürükləyənlər də nəzərə almalıdırlar ki, yenidən üzərimizə yerisələr, bu, üçüncü Qarabağ yox, birinci və sonuncu Qərbi Azərbaycan savaşı olacaq.

Sonda təqribən səkkiz ay bundan qabaq etdiyim bir çıxışımı xatırladaraq dövlətimlə qürur duyduğumu və cənab Prezidentə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm. Həmən çıxışda 22 yaşında özünü sözün hər anlamında əsir edərək 22 xocalılını əsirlikdən qurtaran şəhid Natiq Qasımovun qəhrəmanlığı dövlət başçımıza olduğu kimi çatdırılsa, haqqı çatan ən yüksək adı alacağını demişdim. Elə də oldu, Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi və onu böyüdən ana isə artıq Prezident təqaüdçüsüdür.

Beləliklə, buna qətiyyən haqqı çatanayan bəzilərinə hətta Milli Qəhrəman adı verildiyi halda Natiq kimi oğulların medala belə layiq görülmədiyi dərəbəylik dövrünün daha bir ədalətsizliyi aradan qaldırıldı. Və o ədalətsizliyi aradan qaldıran da, həmən vaxtlar işğal edilən torpaqları azad etməyi bacaran Müzəffər Ali Baş Komandanımız oldu. Hamı, ilk növbədə də Azərbaycan gəncliyi gördü ki, doğrudan da heç nə unudulmur, heç kim yaddan çıxmır. Tanrı qorusun!

Millət vəkili Sahib Alıyev
AzVision.az


Teqlər:





Xəbər lenti