"Beş qəpik də böyük puldur" - Avtobus və metrolarda qiymətlər niyə qalxdı?

  "Beş qəpik də böyük puldur"  - Avtobus və metrolarda qiymətlər niyə qalxdı?
  01 İyul 2024    Oxunub:887
Xəbər verdiyimiz kimi , ictimai nəqliyyat və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tariflər yenilənib. Belə ki, avtobus və metroda sərnişin daşımaların qiyməti 50 qəpik müəyyən edilib.
Maraqlıdır, qiymət artımı hansı zərurətdən yaranıb?

Məsələ ilə bağlı AzVision.az -a danışan Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, əhali qiymət artımına hazır deyil.

"Mən hökumətin və Tarif Şurasının üzvü deyiləm. Ona görə də detalları bilmirəm. Lakin sosial şəbəkələrdən də göründüyü kimi insanlar çox narazıdırlar. Hazırda ölkədə bahalıq dövrüdür. İnsanların sosial vəziyyəti doğrudan da çətindir. Onlar üçün beş qəpik də böyük puldur. Bu baxımdan qiymət artımı insanların sosial vəziyyətinə təsir göstərəcək.

Ümid edirəm ki, bunun ardınca da müəyyən sosial paketlər qəbul olunar. Əgər olunsa, əhali qiymət artımından çox əziyyət çəkməz. Ümumilikdə bütün dünyada bahalıqdır. Bu, Azərbaycana da sirayət edib".

Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, qiymətlərin artırılması vətəndaşın sosial vəziyyətinə adekvat olmalıdır.

"Bu adekvatlığın müəyyən olunması vacibdir. Qiymət artırılan sektorlar rentabelli çalışmır. Xüsusilə, metronun rentabelli çalışmamağı göz qabağındadır. Amma qiymətlər birdən-birə yüksək həddə qaldırıla bilməz. Vətəndaşın bu yükü necə daşıyıb-daşımayacağı məsələsi öz həllini tapmalıdır. Qiymət artımı aztəminatlı insanlar üçün böyük bir sıxıntı yarada bilər.

Bu məsələnin əsaslandırılması vətəndaşlara daha dəqiq çatdırılmalıdır. O bilməlidir ki, dövlət datasiyası ilə həmin sahələri niyə ayaqda tutmaq mümkün olmur".


Deputat bildirib ki, qiymət artımın əsas səbəblərindən biri də yerli özünüidarənin olmamasıdır:

"Yerli özünüidarəetmə dövlətin bir neçə funksiyasını üzərinə götürməlidir. Bu da lazımi səviyyədə inkişaf etmədiyinə görə yük dövlətin üzərində qalır və büdcə vasitəsilə tənzimləmə müəyyən problemlər yaradır. Ona görə də birinci struktur islahatı keçirilməlidir. Ondan sonra qiymətlərin artırılması baş tuta bilər. Amma bunun vətəndaşın vəziyyətinə nə dərəcədə təsir edəcəyinin sosioloji tərəfləri araşdırılıb ortaya qoyulmalıdır".

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yeni tarif dəyişikliyindən sonra ictimai nəqliyyatda inkişaf gözlənilir:

"Daşıyıcı şirkətlər hazırda kifayət qədər zərərli və borc içindədirlər. Xüsusən pandemiyadan sonra bu proses daha qabarıq şəkildə özünü göstərdi və nəticə etibarilə bu gün o şirkətlərin bir çoxu həqiqətən də borcdan inkişaf edə bilmir. Dövlət tərəfindən onların üzərinə bir vəzifə qoyulub. Bu vəzifənin də tələbləri budur ki, həmin şirkətlər müasir, komfortlu avtomobillər gətirməlidir. İnsanlara daha keyfiyyətli xidmət göstərilməlidir.

Ekspertin fikrincə, daşıyıcı şirkətlər özəl olduğuna görə onların inkişaf etmək imkanları məhdudlaşır:

"Daşıyıcı şirkətlər tərəfindən təhlillər aparılıb, əvvəlki vəziyyət müqayisə olunur. Əvvəllər gündəlik plana verilən avtobuslar bu gün artıq iki sürücü tərəfindən istifadə olunur və sürücülərin iş, istirahət rejimi nəzarət altındadır. Düzdür, hələ də neqativ hallar var. Hər şey mükəmməl deyil, amma inkişaf artıq başlayıb və bu proses mərhələli şəkildə davam edir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti