DSX-nın gənc əsgərləri and içiblər

DSX-nın gənc əsgərləri and içiblər
  15 Avqust 2024    Oxunub:994
Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Dövlət Himninin ifa edilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycan Sərhəd Mühafizəsinin 105-ci ildönümü ərəfəsində gənc əsgərlərin Hərbi Andı qəbul edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı mətinliklə döyüşmüş sərhədçilərin müqəddəs torpaqlarımızda dövlət sərhədlərinin toxunulmazlığını ən yüksək səviyyədə təmin etdiklərini xüsusi vurğulayıblar.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərilərinə götürən gənc əsgərlərin nümunəvi hərbi qulluqçu kimi Hərbi Anda və dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Müzəffər Ali Baş Komandana daim sadiq qalacaqlarına, ərazi bütövlüyü və suverenliyi bərpa edilən Vətənimizin sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə olunub, onlara müvəffəqiyyətlər arzulanıb.

Çıxış edən valideynlər yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaqla bağlı tövsiyələrini veriblər.

Andiçmə mərasimləri gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə yekunlaşıb. Mərasimlərdən sonra valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti