Bu il 145 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Bu il 145 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
  18 Noyabr 2024    Oxunub:262
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2.864.953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məlumatında deyilir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min AZN kimi qiymətləndirilir.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 219 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 254 kq 607,596 qr narkotik vasitə və psixotrop maddə, 37317 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti