Sığorta hesabına qarşılanan dərmanların şərtləri açıqlanıb
“Agentliyin Tibbi xidmətlər və dərman vasitələri departamenti tərəfindən dərman təminatı mexanizmləri təhlil edilib. Belə ki, növbəti il yenilənən Xidmətlər Zərfində təminata alınan *dərmanların əsas təsiredici maddəsi və dozası* , yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı *pozitiv siyahı* hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək”.
Aynurə Əhmədova qeyd edib ki, pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq:
“Dərmanların qiyməti 2 hissədən ibarət olacaq. Şərti kompensasiya məbləği - sığorta tərəfindən, müştərək maliyyələşmə məbləği (MMM) - vətəndaş tərəfindən ödəniləcək. Müştərək maliyyələşmə məbləği dərmanın pərakəndə satış qiymətindən şərti kompensasiya məbləğinin çıxılması ilə müəyyən ediləcək. Qeyd edək ki, pərakəndə satış qiyməti Tarif Şurası tərəfindən müəyyən edilir.
Bildiyiniz kimi, əsas təsiredici maddə əsasında müxtəlif brendlərə məxsus dərmanlar istehsal olunur. Eyni təsiredici maddənin olduğu dərmanların qiymətləri istehsalçıdan və ölkələrdən asılı olaraq fərqli ola bilər. Sığorta tərəfindən eyni tərkibli dərman istehsalçılarının hər birinə eyni şərti kompensasiya məbləği ödəniləcək. Vətəndaş tərəfindən seçilən dərmanın qiymətindən asılı olaraq, onun ödədiyi müştərək maliyyələşmə məbləği isə fərqli ola bilər.
İcbari tibbi sığorta hesabına dərman təminatı yalnız elektron reseptlər əsasında həyata keçiriləcək. Agentlik qanunvericiliyə uyğun fəaliyyət göstərən özəl apteklərlə əməkdaşlıq müqavilələri bağlayacaq . Vətəndaş elektron resept ilə Agentlik ilə müqaviləsi olan aptekə yaxınlaşaraq reseptdəki dərmanların təsiredici maddəsi və dozalarına uyğun pozitiv siyahıdakı dərmanlardan birini seçə biləcək. Agentliklə müqaviləsi olan apteklər xüsusi loqolarla işarələnəcək ki, vətəndaşlar həmin aptekləri asanlıqla tanıya və tapa bilsinlər”.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: #Sığorta#dərman