Azərbaycanlı tələbələr Türkiyədə təcrübə mübadiləsi keçəcəklər

Azərbaycanlı tələbələr Türkiyədə təcrübə mübadiləsi keçəcəklər
  12 Mart 2025    Oxunub:546
Azərkosmos nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyada Azərbaycan universitetlərinin tələbələrinin kosmos, aerokosmos, aviasiya, innovasiyalar, texniki elmlər, süni intellekt və mühəndislik sahələrində təcrübə mübadiləsi səfəri layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Tədbirdə Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov, İnsan resurslarının idarəedilməsi və sənədləşmə departamentinin direktoru İnarə İbrahimxəlilova, SABAH qrupları İcra Komitəsinin rəhbəri və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sektor müdiri Elza Səmədova, KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov və iştirakçı üniversitetlərin SABAH mərkəzlərinin direktorları iştirak ediblər.

Layihə Azərkosmosun KOSMİK Akademiyasının təşkilatçılığı və GUHEM-Gökmen Uzay ve Havacılık Merkezinin dəstəyi ilə həyata keçiriləcək. Səfər müddətində, 14-19 mart 2025-ci il tarixləri arasında Azərbaycanın 14 universitetini təmsil edən 24 nəfərdən ibarət tələbə, gənc alim, təhsil işçiləri və rəhbər şəxs Türkiyənin müxtəlif aparıcı kosmos və aviasiya təşkilatları ilə tanış olacaq və bu sahələrdə təcrübə mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində tələbələr, Bursa şəhərində yerləşən Gökmən Kosmik və Aviasiya Təhsil Mərkəzi (GUHEM), BUTEKOM, Ankara şəhərində yerləşən Türkiyə Aerokosmik Agentliyi, TürkSat şirkəti, STM şirkəti, HAVELSAN, TUBİTAK, PLAN-S, Orta Doğu Texniki Universiteti, İstanbul şəhərində yerləşən Baykar Teknoloji (Bayraktar qrup) şirkəti, TUSAŞ,İstanbul Texnopark, Bilişim Vadisi və bir sıra digər tanınmış təhsil və texnologiya mərkəzlərində nəzəri və praktiki təcrübə mübadiləsi keçəcəklər.

Layihənin məqsədi gənc mütəxəssislərin kosmos, aerokosmos və digər texnoloji sahələrdə nəzəri və praktiki biliklərini artırmaq, həmçinin beynəlxalq təcrübə mübadiləsini keçirərək, Azərbaycan gənclərinin sözügedən sahələrdə gələcəyin güclü mütəxəssisləri kimi inkişaf etmələrinə dəstək olmaq, bununla da Azərbaycanda peşəkar kadrların və insan kapitalının inkişafına dəstək göstərməkdir.

Qeyd edək ki, GUHEM (Gökmen Uzay ve Havacılık Merkezi), Bursa Ticarət və Sənaye Palatası (BTSO) rəhbərliyi altında, Bursa Böyükşəhər Bələdiyyəsi və Türkiyənin Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) ilə əməkdaşlıq çərçivəsində inşa edilmiş, 13.000 kvadratmetr sahəyə sahib kosmik-innovasiya mərkəzidir. GUHEM kosmos və aviasiya texnologiyaları, innovasiya və rəqəmsallaşma, İKT sahələrində layihə və proqramları təqdim edərək, gənc nəsillərin yüksək texnologiya sahələrində tədqiqat aparmağa və beynəlxalq rəqabət qabiliyyətini artırmağa dəvət edir.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti