"Ermənistanla sülh sazişinin imzalanması üçün həll edilməli məsələlər var" - Ceyhun Bayramov

   "Ermənistanla sülh sazişinin imzalanması üçün həll edilməli məsələlər var" - Ceyhun Bayramov
  13 Aprel 2025    Oxunub:975
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün həll edilməli olan mühüm amillər var.
Bu barədə Azərbaycanın xarici işləri naziri Ceyhun Bayramov “Anadolu Agentliyi”nə müsahibəsində bildirib.

O qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində öz torpaqlarını 30 illik işğaldan azad etməsindən sonra Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, Cənubi Qafqazda sülhün bərqərar olması üçün fürsət yarandı.

“Azərbaycan 2021-ci ildə Ermənistana düşmənçilik səhifəsini bağlamağı təklif edib və bu çağırış bir ilə yaxın cavabsız qalıb. 2022-ci ilin ilk aylarında sülh sazişinin beş əsas prinsipini Ermənistana təqdim etdik və həmin ilin oktyabrında iki ölkə arasında sülh danışıqlarına başlanıldı. Sülh sazişinin ilk mətni Azərbaycan tərəfindən yazıldı və Ermənistana təqdim edildi. Danışıqlar təxminən 2,5 il davam etdi”, - deyə nazir vurğulayıbx

C. Bayramov bildirib ki, danışıqlar təxminən 1 ay əvvəl yekunlaşdı və layihənin mətni ilə bağlı razılıq əldə olundu.

“Bu mətni imzalamaq üçün əlavə həll edilməli məsələlər var. Danışıqlar davam edərkən biz Ermənistanı və prosesdə maraqlı olan digər ölkələri bu məsələlərlə bağlı məlumatlandırmışdıq. Burada həll edilməli olan mühüm amillər var. Bunlardan ən vacibi Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların yer almasıdır. Nə qədər ki, belə davam edəcək, sülh sazişinin imzalanması mümkün deyil. Ermənistan Konstitusiyasının dəyişdirilməsi əvəzsiz şərtdir”,- deyə C. Bayramov qeyd edib

Nazir həmçinin qeyd edib ki, Azərbaycanın digər şərti isə Qarabağ münaqişəsinin həlli üçün 1990-cı illərdə yaradılmış ATƏT-in Minsk Qrupu ilə bağlıdır.

“ATƏT-in Minsk Qrupu 30 ildə heç bir nəticə əldə etməyib. Bu gün Qarabağ məsələsi öz həllini tapıb. Qarabağ Azərbaycanın bir parçasıdır. Ermənistan da bunu qəbul edir. Belə olan halda Ermənistanın Minsk Qrupunun fəaliyyətini davam etdirmək üçün daim səy göstərməsi bizdə suallar yaradır. Biz Minsk qrupunun buraxılmasını təkidlə tələb edirik və gözləyirik. Bu iki mühüm amil sülh müqaviləsinin imzalanmasını şərtləndirəcək. Top indi Ermənistan tərəfindədir”,- deyə nazir bildirib.
AzVision.az



Teqlər:





Xəbər lenti