İsrail və Suriya birbaşa danışıqlara başlayıb

   İsrail və Suriya birbaşa danışıqlara başlayıb
  27 May 2025    Oxunub:345
"Son həftələrdə İsrail və Suriya sərhəd boyu gərginliyi səngitmək, münaqişənin qarşısını almaq məqsədilə birbaşa danışıqlar aparır".
Danışıqlar prosesinə yaxın regional kəşfiyyat mənbələrinin "Reuters" xəbər agentliyinə verdikləri açıqlamaya görə, bu, Suriyada keçən il dekabrın 8-də Bəşər Əsəd rejiminin devrilməsindən bəri Dəməşqlə Tel-Əvivin ilk birbaşa təmasıdır. Hərçənd mənbələr danışıqların əhatə dairəsi və cari vəziyyəti ilə əlaqədar hər hansı təfərrüat verməyiblər.

Danışıqlar Suriya tərəfindən ali rütbəli təhlükəsizlik xidməti nümayəndəsi Əhməd əl-Dəlatinin rəhbərliyində aparılır. Əl-Dəlati ölkədə Əsəd rejiminin devrilməsinin ardınca İsraillə mübahisəli "Qolan təpələri" adlı ərazi ilə sərhəddə yerləşən Qüneytrə vilayətinin qubernatoru vəzifəsinə gətirilib. "Reuters" yazır ki, İsrail tərəfindən danışıqların rəhbərləri isə adları çəkilməyən təhlükəsizlik xidməti nümayəndələridir. Heyətlər arasında sərhədyanı ərazidə artıq bir neçə dəfə görüş keçirilib.

İsrail və Suriya "Reuters"in yaydığı bu xəbərə hələlik rəsmi şərh verməyib.

Xatırladaq ki, keçən ilin dekabrında Suriyada Bəşər Əsəd rejiminin müxalif qüvvələr tərəfindən devrilməsinin ardınca İsrail Silahlı Qüvvələri bu ölkə ilə sərhəddə, habelə onun daxilində hərbi əməliyyatlara başlayıb. Rəsmi məlumata görə, bu əməliyyatların yeganə məqsədi İsrail dövlətinin və xalqının təhlükəsizliyi qorumaqdır.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti