Prezident vasitəçiləri tənqid etdi

Prezident vasitəçiləri tənqid etdi
  28 May 2013    Oxunub:1222
“Onların əsas fəaliyyəti atəşkəsi saxlamağa yönəlib”
«Biz keçid dövrünü biz uğurla başa vurmuşuq və bu transformasiya bu gün ağır vəziyyətdə olan ölkələr üçün çox maraqlı və cəlbedici ola bilər». Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.

Gələcək planlardan danışan prezident bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün ən vacib məsələdir: “Bu, həm xarici, həm də daxili siyasət məsələsidir. Bu, ədalət, beynəlxalq hüquq məsələsidir”.

- Azərbaycan 2009-cu ilin sonunda Minsk qrupu tərəfindən irəli sürülmüş yenilənmiş Madrid prinsiplərinə öz razılığını vermişdi. Hesab etmişdi ki, bu prinsiplər böyük sülh müqaviləsi üçün əsas ola bilər. Təklif etmişdi ki, yubanmadan, vaxt itirmədən böyük sülh müqaviləsi üzərində iş aparılmalıdır. Ermənistan o təklifləri rədd etmişdi. Ondan sonrakı dövr ərzində bütün imkanlarını səfərbər edib ki, danışıqlarda bax bu durğunluq vəziyyəti yaransın və möhkəmlənsin. Biz bununla barışa bilmərik. Biz danışıqların aparılmasında maraqlıyıq. Ancaq danışıqlar mahiyyət üzrə aparılmalıdır. Azərbaycan məsələnin həllində ən maraqlı tərəfdir. Ermənistan sadəcə çalışır ki, vaxtı uzatsın. Əgər Ermənistanın maraqlarını onların siyasətçiləri nəzərə alsalar görərlər ki, vaxt uzatmaq onları daha da ağır vəziyyətə gətirib salacaq. Ancaq buna baxmayaraq, bu, taktiki gedişlərdir. Ermənistan vaxt uzatmaq taktikasını seçib, danışıqlar naminə danışıqlar aparmaq fikrindədir,- deyə Prezident bildirib.

Vasitəçilərdən danışan dövlət başçısı qeyd edib ki, onların əsas fəaliyyəti atəşkəsi saxlamaqdan ibarətdir: “Biz də atəşkəsi saxlamaq istəyirik. Ancaq, eyni zamanda, biz ərazi bütövlüyümüzün bərpasını istəyirik, bunu tələb edirik. Ona görə, Azərbaycanın maraqları burada müəyyən dərəcədə fərqlənir. Biz də istəyirik ki, sülh olsun. Biz də istəyirik ki, məsələ sülh yolu ilə həll olunsun, amma həll edilsin. Ermənistan məsələnin həlini istəmir. Status-kvonu, yenə də deyirəm, nə qədər çox saxlaya bilsə, o qədər də saxlamaq istəyir. Vasitəçilər də əfsuslar ki, son zamanlar etimad tədbirlərinin gücləndirilməsi, təmas xəttində vəziyyətin sabitləşdirilməsi və bilavasitə danışıqların mahiyyətinə aid olmayan digər məsələlərlə daha çox məşğul olurlar. Bu vəziyyət dözülməzdir, qəbuledilməzdir, dəyişdirilməlidir. Əgər danışıqlar aparılacaqsa mahiyyət üzrə aparmalıdır. Mahiyyət isə ondan ibarətdir ki, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyümüz bərpa edilməli, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxmalı və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir.
O ki qaldı Dağlıq Qarabağda yaşayan və münaqişə həll olunandan sonra oraya qayıdacaq vətəndaşların gələcəyinə, dünyada müsbət təcrübə, muxtariyyətlər, o cümlədən Avropa qitəsində müsbət təcrübələr vardır. Bax bu təcrübədən kənara çıxmadan özünüidarəetmə prinsipi həllini tapa bilər”.


Teqlər:  





Xəbər lenti