Braziliyada Azərbaycanın turizm təcrübəsi təqdim edilib

Braziliyada Azərbaycanın turizm təcrübəsi təqdim edilib
  23 Sentyabr 2024    Oxunub:902
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi nümayəndə heyəti 19-21 sentyabrda Braziliya Federativ Respublikasının Belem şəhərində keçirilən G20 Turizm Nazirlərinin Görüşü və Turizm üzrə işçi qrupunun 4-cü iclasında iştirak edib.
DTA sədri Fuad Nağıyev tədbirdə çıxış edərək 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 tədbirində COP29 Prezidentliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatının birgə əməkdaşlığı ilə turizmin ilk dəfə olaraq COP tarixində tematik gündəliyə daxil edilməsi, 20 noyabrda baş tutacaq "Turizm günü"ndə turizm nazirlərinin görüşü və tematik tədbirlər barədə məlumat verib. O, G20 turizm nazirlərini Bakıya dəvət edərək COP29 çərçivəsində qəbul edilməsi planlaşdırılan "Turizmdə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə"nin əhəmiyyətini diqqətə çatdırıb.

BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili çıxışında COP tarixində ilk dəfə olaraq turizm sektoruna aid təşəbbüsün yüksək qiymətləndirildiyini, bunun G20 və digər ölkələrin turizm sahəsi üçün vacibliyini vurğulayıb və bu təşəbbüsün dəstəklənməsinə çağırış edib.

Tədbir çərçivəsində təşkil olunmuş BMT Turizm Təşkilatının Dayanıqlılıq Forumunda dayanıqlı turizmin inkişafı mövzusuna həsr edilmiş dialoqda Agentliyin Aparatının rəhbəri Kənan Qasımov çıxış edərək turizmin qlobal iqlim dəyişikliyi ilə mübarizədə verə biləcəyi töhfələr və dayanıqlı turizmin önəmi kimi mövzuları vurğulayıb, həmçinin iştirakçılara dayanıqlı turizm sahəsində Azərbaycan təcrübəsi, mövcud imkanlar və çağırışlar haqqında məlumat verib.

G20 Turizm Nazirlərinin Görüşü çərçivəsində BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili, İspaniyanın Sənaye və turizm naziri Jordi Hereu Boher, Braziliyanın Turizm naziri Selso Sabino, İtaliya Respublikasının Turizm naziri Daniela Santanchè, Çinin Turizm və mədəniyyət nazirinin müavini Janq Jenq, Çexiyanın Rehional inkişaf üzrə nazir müavini Yan Fluksa ilə ikitərəfli, eləcə də Agentliyin sədri Fuad Nağıyevin Braziliyanın Turizm naziri Selso Sabinonun və BƏƏ-nin İqtisadiyyat naziri Abdulla bin Touq Al Marrinin iştirakı ilə üçtərəfli görüşlər keçirilib. Görüşlərdə Fuad Nağıyev bir daha COP29 daxilində keçiriləcək "Turizm günü" tədbirləri barədə ətraflı məlumat verərək həmkarlarını 20 noyabr tarixində Turizm Nazirlərinin Birinci Görüşünə dəvət edib.

Tədbir məkanında Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinə həsr edilmiş stend təşkil olunub. Stend ziyarətçiləri COP 29 tədbiri və turizm günü tədbirləri barədə məlumatlandırılıblar.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti