Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı - FOTOLAR

   Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı   -  FOTOLAR
  02 Oktyabr 2024    Oxunub:961

Oktyabrın 2-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində X Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirilib. 10-cu yubiley sərgisi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr edilib.
AzVision.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, millət vəkilləri, tanınmış mədəniyyət, elm, ədəbiyyat xadimləri və digər qonaqlar iştirak ediblər.



Tədbirdə əvvəlcə bədii hissə təqdim edilib. Muğam üstündə Məhəmməd Füzulinin qəzəli səsləndirilib. Həmçinin dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərləri ifa olunub.



Açılış nitqi ilə çıxış edən Xalq yazıçısı Anar sərginin əhəmiyyətini vurğulayıb, bu ənənəvi layihənin kitabsevərlər üçün böyük bayram olduğunu deyib. Kitab mədəniyyətinin hər bir ölkə və xalq üçün zəruriliyini qeyd edən yazıçı hər kəsi sərgidən faydalanmağa səsləyib. Xalq yazıçısı nitqini “Kitab həmişə yaşasın və bizi yaşatsın!” fikri ilə bitirib.

Sonra qonaqlar sərgi ilə tanış olublar.



Qeyd edək ki, sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 qurum, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.

Dünyaşöhrətli irlandiyalı yazıçı Con Boyn, tanınmış alman yazar Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin “fəxri qonaq”larıdır. Ölkəmizdən isə sərginin “fəxri yazar”ları şair Salam Sarvan və nasir Rövşən Abdullaoğludur.

Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya Respublikası, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili və Monqolustandan tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edirlər.

Sərgi tarixində ilk dəfə yeddi gün sürəcək kitab bayramında uşaqlar və böyüklər üçün ustad dərsləri, kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları formatında ümumilikdə 327 tədbir keçiriləcək.

Oktyabrın 8-dək davam edəcək sərgi zamanı gün ərzində ziyarətçilərin metronun “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” stansiyalarından Bakı Ekspo Mərkəzinə xüsusi avtobuslar vasitəsilə gediş-gəlişi təmin ediləcək.

Sərgi hər gün səhər saat 10:00-dan axşam saat 20:00-dək ziyarət üçün açıq olacaq. Sərgiyə giriş ödənişsizdir.

AzVision.az

Qalereya




Teqlər: Kitabsərgisi   qonaqlar   Bakı  





Xəbər lenti