Ağ Evdə qaralan qan: Prezidentlərin mübahisəsinin tam mətni

      Ağ Evdə qaralan qan:    Prezidentlərin mübahisəsinin    tam mətni
  01 Mart 2025    Oxunub:503
Fevralın 28-də Zelenskinin Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşü zamanı baş verən mübahisə bütün dünyada müzakirə olunur. Həmin söhbətin tərcüməsini oxucularımıza təqdim edirik.
Vens:
- Cənab prezident, siz gəlib burada Amerika mediasının üzərində məhkəmə qurmağa çalışırsınız. Mən bunu hörmətsizlik sayıram. Siz çağırışçıları cəbhəyə ona görə yollayırsınız ki, canlı qüvvə probleminiz var. Əslində bu münaqişəni dayandırmaq istədiyinə görə prezidentə təşəkkür etməlisiniz!

Zelenski:
- Siz heç nə vaxtsa bizim problemlərimizi görmək üçün Ukraynaya gəlmisiniz? Gəlin...

Vens:
- Mən bilirəm ki, sizin insanları apardığınız təbliğat turlarında nə baş verir, cənab prezident. Siz səfərbərlik probleminizin olduğunu etiraf etmirsiniz. Doğrudanmı, elə düşünürsünüz ki, gəlib Oval Kabinetdə ölkənizin məhv olmasının qarşısını almağa çalışan adminstrasiyaya hücum çəkməklə hörmət qazanacaqsınız?!

Zelenski:
- Əvvəlcə onu deyək ki, müharibədə hamının problemləri olur. Siz gözəl okeanla əhatə olunduğunuzdan, problemləri hiss etmirsiniz. Amma gələcəkdə hiss edəcəksiniz...

Tramp:
- Sən bunu bilə bilməzsən.


Zelenski:
- Allah sizə müharibə göstərməsin!

Tramp:
- Bizim nə hiss edəcəyimiz haqqında danışma. Biz burada problemi həll etməyə çalışışrıq.

Zelenski:
- Danışmıram axı. Mən suala cavab verirəm ki...

Tramp:
- Sən bizə hansı hissi keçirəcəyimizi diqtə edəcək vəziyyətdə deyilsən. Biz özümüzü çox yaxşı hiss edəcəyik!

Zelenski:
- Hiss edəcəksiniz ki, sizə təsir göstərirlər...

Tramp:
- Biz özümüzü çox yaxşı və çox güclü hiss edəcəyik. Siz hazırda o qədər də yaxşı vəziyyətdə deyilsiniz. Bizimlə oynamaq üçün kartınız yoxdur. Siz milyonlarla insanın taleyilə oynayırsınız. Siz Üçüncü Dünya Müharibəsi ilə oynayırsınız. Çoxları belə düşünür ki, bu etdikləriniz sizi borclu olduğundan daha çox dəstəkləyən ölkəyə qarşı hörmətsizlikdir.

Vens:
- Heç olmasa bircə dəfə “sağ ol” demisiniz?

Zelenski:
- O qədər demişəm ki!

Vens:
- Yox, bax, bu görüş ərzində bircə dəfə də olsun, “sağ ol” demisiniz? Oktabr ayında Pensilvaniyaya gedib, müxalifətə dəstək verdiniz. Ondansa, Amerika Birləşmiş Ştatlarına və sizin ölkəni xilas etməyə çalışan prezidentə bir neçə minnətdarlıq sözü söyləyin!

Zelenski:
- Lütfən... Doğrudanmı, sizə elə gəlir ki, əgər bərkdən danışırsınızsa, deməli...

Tramp:
- O, bərkdən danışmır. Sənin ölkənin çox böyük problemləri var!

Zelenski:
- Bilirəm. Olar, bir söz soruşum?

Tramp:
- Yox. Sən onsuz da çox danışırsan. Sənin ölkənin başına böyük bəla gəlib.

Zelenski:
- Bilirəm.

Tramp:
- Siz öz gücünüzlə qalib gələ bilməyəcəksiniz. Yalnız bizim sayəmizdə qələbə qazanmaq üçün yaxşı şanslarınız ola bilər.

Zelenski:
- Cənab prezident, biz ölkəmizdə əvvəlki kimi güclüyük. Müharibənin lap əvvəlindən tək olmuşuq. Buna görə minnətdaram. Elə bu kabinetdə sizə təşəkkürümü bildirmişəm.

Tramp:
- Biz o sarsaq prezidentin əlilə sizə 350 milyard dollar ayırmışıq. Hərbi texnika vermişik. Sizin döyüşçülər cəsur olsalar da, istifadə etdikləri texnika bizimkidir. Əgər həmin texnika olmasaydı, bu müharibə iki həftəyə qurtarardı.

Zelenski:
- Üç günə. Mən bunu Putindən eşitmişəm.

Tramp:
- Bu şəkildə işləməyimiz çox çətin olacaq.


Vens:
- Sadəcə, “sağ ol” deyin.

Zelenski:
- Mən “sağ ol” demişəm və deyirəm - Amerika xalqına!

Vens:
- Haqsız olduğunuzu bilə-bilə Amerika KİV-nin qabağında söz güləşdirməkdənsə, sadəcə, ziddiyyətin olduğunu etiraf edin ki, yoluna qoymağa çalışaq.

Tramp:
- Bilirsiniz, məncə, Amerika xalqının bütün bunları görməsi yaxşı oldu. Bu söhbət çox vacib idi. Ona görə bu qədər uzanmasına imkan verdim. Siz minnətdar olmalısınız. Əlinizdə heç bir “kozır” yoxdur. Orada sizin insanlar ölür. Əsgərləriniz çatışmır. Mən sizə əla sövdələşmə təklif etmişdim. Siz isə sonradan qayıtdınız ki: “Atəşkəs istəmirəm, atəşkəs istəmirəm”. Əgər elə bu dəqiqə atəşkəsə nail olmaq mümkündürsə, mən sizə deyirəm: razılaşın ki, insanlarınız güllənin qabağında qalmasınlar!

Zelenski:
- Bəli, əlbəttə, mən müharibənin dayanmasını istəyirəm. Amma artıq dediyim kimi, zəmanətlə! Bizim insaların atəşkəs haqqında fikirlərini soruşun, görün, sizə nə deyəcəklər.

Tərcümə: Vüsal Məmmədov
AzVision.az


Teqlər: Tramp   Zelenski  





Xəbər lenti