Qohum evliliyi qanunla qadağan edilə bilərmi?ARAŞDIRMA
Araşdırmalar zamanı müəyyən olunub ki, yad insanların evliliyindən doğulan uşaqların qüsurlu olma riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir. Yəni, bu risk 2 dəfə artır. Dünya ölkələrində, İngiltərədə, Hollandiyada, İsveçdə, Hindistanda, Yamaykada, Küveytdə, Almaniyada, Suriyada, Fələstində, Livanda, Ərəbistanda qohum evlilərə nadir hallarda təsadüf olunur. Almaniyada əmioğlu, əmiqızı evliliyi tamamilə qadağandır. ABŞ-ın isə 50 ştatının 24-də əmi, dayı, xala, bibi uşaqlarıyla, yəni 1-ci dərəcəli qohumlarla ailə qurmaq qadağandır. 6 ştatda evlənmək istəyən qohumların qarşısına bəzi şərtlər qoyulur. Məsələn, Arizondakı qaydalara görə, yaş 65-i keçibsə, qadın, yaxud da, kişi sonsuzdursa, o zaman evlənə bilərlər. Qardaş Türkiyədə vəziyyət demək olar ki, Azərbaycanla eynilik təşkil edir. Türkiyənin yalnız Trakya bölgəsində qohumlar arası evliliyə müsbət rəy vermirlər. Azərbaycana gəldikdə isə, qeydə alınan nikahların 50 faizindən çoxu qohum evlilikləridir ki, bu nikahlardan da doğulan uşaqların təxminən 50 faizi qüsurlu olur. Qohumlar arasında nikahlar daha çox Şəki, Masallı və Bakıda yayılıb. Bəs görəsən, mütəxəssislərimiz bu evliliyi necə qiymətləndirirlər? Ümumiyyətlə, qohum evlilikləri ölkəmizdə qadağan oluna bilərmi?
Tibb elmləri üzrə fəlsəfə doktoru həkim, mama-ginekoloq Aynurə Xəlilova AzVision.az-a açıqlamasında bildirdi ki, bir çox xəstəliklər genetik keçir ki, bunlar da yaxın qohum nikahlarından doğulan uşaqlarda özünü daha çox biruzə verir :
“Dominant (özünü biruzə verən) və ressesiv (gizli qalan ) genlərlə keçən xəstəliklər var. Ressesiv genlərlə keçən xəstəliklər daha çoxdur. Yad bir insanla ailə quranda bu xəstəliklər özlərini biruzə vermirlər, çünki yad insanın istər sağlam , istərsə də xəstə genləri fərqli olur. Yad adamda bənzər xəstə genlər olmadığına görə, sağlam genlər ressesiv genləri örtür. Amma iki qohumda bir xəstəlik varsa, iki ressesiv gen bir-biri ilə birləşəndə xəstəlik özünü biruzə verir. Bu baxımdan bütün qohum nikahlarında adətən xəstə uşaqların doğulma ehtimalı çox yüksək olur.
Nəsildə, ulu baba, nənədə olan xəstəliklər bu tip evliliklərdən olan körpələrdə təkrarən meydana çıxır. Bu da onadan irəli gəlir ki, ulu baba, nənədə xəstəlik gizli olub, özünü biruzə verməyib. Lakin bu genlər ressesiv şəkildə onların gələcək nəslinə keçib”.
Mama-ginekoloq qohum nikahların əleyhinə olduğunu deyir :
“Bu gün ekologiya çox çirklənib. Həm qohum nikah, həm də ekoloji təsirlərin yaratdığı fəsadlar qeyri-sağlam körpənin dünyaya gəlməsinə şərait yaradır. Həm də qohum artıq qohumdur, qohumla ikinci bir qohumluğun yaranması nəyə lazım?”
Xalaoğlu, xalaqızı nikahlarından olan uşaqlar daha çox qüsurlu olur. Həkimin sözlərinə görə, ana tərəfdən qohum nikahlarında xəstə uşaqların doğulma riski daha böyükdür : “Bəzən deyirlər ki, ata tərəfinin qohumları ilə evlilikdən doğulan uşaqlar daha çox qüsurlu olur, əksinə belə uşaqlara ana tərəfinin qohumları ilə olan nikahlarda daha çox təsadüf olunur. Belə nikahlardan doğulan uşaqlar əqli cəhətdən zəif olurlar. Onların orqanik və ya fiziki qüsurları olmur. Çox nadir halda orqanik qüsurlar ola bilər ki, buna daha çox kənardan keçən infeksiyalar, ekoloji amillər səbəb olur. Belə olan hallarda uşaqlarda beynin düzgün formalaşmaması, şəkərli diabet, tüklənmə, eşitmə, görmə qabiliyyətinin zəifləməsi müşahidə olunur. Qadınların ultrasəs müayinəsi (USM ) zamanı həkimlər uşağın normal olduğunu deyə bilərlər, lakin nəzərə almaq lazımdır ki, USM uşağın əqli, görmə və eşitməsinin normal olduğunu göstərmir.
Statistikaya görə, xalaoğlu, xalaqızı nikahlarından olan uşaqlar daha çox qüsurlu olur. Ikinci yerdə əmioğlu, əmiqızı, üçüncü yerdə bibioğlu, dayıqızı nikahları dayanır. Bu nikahlardan doğulan uşaqların təxminən 50 faizi xəstə olur.
Həkim sonda onu da əlavə etdi ki, azərbaycanlı oğlanların əcnəbi qızlarla evlənməsini çox müsbət qarşılayır : “Nə qədər qanımız təmizlənsə, o qədər yaxşıdır”.
Sosioloq Əhməd Qəşəmoğlu belə evlilikləri insanların bir- birinə inamsızlığı ilə əlaqələndirir :
“Bu gün insanlar bir-birlərinə etibar etmirlər. Çünki boşanmaların sayı artıb. Cəmiyyətdə gərginlik yaranıb, adətən başqası ilə evlənəndə tərəflər arasında fikir ayrılıqları xoşagəlməz söz-söhbətlərə səbəb olur. Ona görə də insanlar yaxından tanıdıqları üçün daha çox qohuma meyl edirlər.
Qohum evliliklərində mühüm rol oynayan faktorlardan biri də dinlə bağlıdır. Başqa bir fakt cehizin verilməsidir. Qohumlar bir-birlərini tanıyanda cehiz məsələsini öz aralarında rahat həll edirlər”.
Sosioloq deyir ki, Azərbaycanda qohumla evlənmək sağlamlıq mədəniyyətinin aşağı olduğunu göstərir. “Çünki intellektli, məlumatlı, insan heç vaxt qohumla evlənməz. Fikrimcə, bu evlilik, qanunla qadağan edilməlidir. Biz payız sessiyasında məsələ ilə bağlı Milli Məclisin Sosial Siyasət Komitəsinə təklif irəli sürəcəyik”.
İlahiyyatçı Elşad Miri isə bildirdi ki, qohumlararası evlilik insanların istəyindən irəli gələn bir addımdır. “Bir çox insanların yaxın qohumları ilə evlənməsi tibbi yöndən problemli olsa da, peyğəmbərin həyatına baxdığımız zaman görürük ki, peyğəmbər qızı Fatiməni əmisi oğlu Əliyə ərə verib. Heç bir problem olmadan övladları dünyaya gəlib. Bu gün din belə evliliklərə heç bir müdaxilə etmir. Bu, insanların istəyindən asılıdır. Sadəcə olaraq, insanları maarifləndirməklə bu nikahlardan çəkindirmək lazımdır. Mən, şəxsən qohum evliliyinin tərəfdarı deyiləm. Evliliyin əsas məqsədi başqa ailələrlə, nəsillərlə qaynayıb, qohumluq əlaqələrini qurmaqdır`.
Qanunvericilik heç bir halda qohum nikahlarını qadağan edə bilməz.
Hüquqşünas Əliməmməd Nuriyev belə dedi. Bildirdi ki, Azərbaycan qanunvericliyinə görə, nikaha girmək könüllü olaraq, tərəflərin qarşılıqlı razılığı əsasında olur :
“Bəzi kateqoriyalara görə, bəzi şəxslərin nikaha girməsi həm qanunverciliyə, həm də adət-ənənəyə ziddir. Bildiyiniz kimi, bacı-qardaşla nikaha girmək olmaz. Digər şəxslərlə ,o cümlədən əmiqızı, əmioğlu, dayıqızı bibioğlu,xalaqızı, xalaoğlunun nikaha girməyi ilə bağlı hər hansı qadağa yoxdur.
Ailə Məcəlləsinə çox yeni bir norma daxil oldu. Bu normaya əsasən nikaha girən tərəflər könüllü olaraq, həkim müayinəsindən keçirlər. Bu, daha yaxşı variantdır. Mən yaxın qohumların nikaha girməsinin əleyhinəyəm. Amma bunun qanunvericilik qaydasına uyğun olaraq, qadağan olunmasının da tərəfdarı deyiləm. Hesab edirəm ki, bu zaman nikahın könüllülük prinsipi pozulur. Bu, dövlətin ailə münasibətlərinə həddindən artıq müdaxiləsi kimi dəyərləndirilə bilər. Biz bir çox məsələləri qanunla qadağan etmişik. Məsələn, azyaşlıların nikahını qadağan etmişik, amma yenə də erkən nikahların sayı gün-gündən çoxalır. Yaxşı olar ki, bu istiqamətdə maarifləndirmə işləri aparılsın, bu nikahların ziyanlı tərəfləri göstərilsin”.
Nihadə Eyyubova
AzVision.az